AZ EN RU

“Məzun-2023” adlı tədbir keçirilib

    Naxçıvan Müəllimlər İnstitutunda Məzun gününə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə institutun professor-müəllim heyəti və məzunlar Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan heykəli önünə gül dəstələri qoyub, sonsuz ehtiramlarını bildiriblər. 
    Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov dahi şəxsiyyətin 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlərdən danışıb. Rektor qeyd edib ki,  23 illik tarixə malik Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətini günün tələbləri səviyyəsində qurması ölkəmizdə təhsil sahəsində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Hər il Naxçıvan Müəllimlər İnstitutunun maddi-texniki bazası, kadr potensialı artırılmış, burada yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılmışdır. Hazırda 1400-dən artıq tələbə kontingenti  olan institutda 15 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə magistr, 5 ixtisas üzrə doktorantura hazırlığı aparılır və yeni tədris ilindən əlavə  Korreksiyaedici təlim ixtisası üzrə də kadr hazırlığına başlanılacaq. Həmçinin institutun nəzdində  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 istiqamət üzrə fəlsəfə doktorluğu müdafiə etmək üşün Dissertasiya Şurası da fəaliyyət göstərir. Vurğulanıb ki, Naxçıvan Müəllimlər İnstitutunun bu il 11 ixtisas üzrə 337 bakalavr, 4 ixtisas üzrə 39 magistr tələbəsi məzun olur.
    Bildirilib ki, pedaqoji kadr hazır­layan təhsil müəssisəsinin bugünkü məqsədi müasir kompetensiyalara cavab verə bilən, özünü hər sahədə mükəmməl səviyyədə doğrultmağı bacaran, əsl vətənpərvər şəxsiyyətlər formalaşdırmaqdır. Bu istiqamətdə institutda təhsil alan və məzun olan hər bir gəncin üzərinə böyük məsuliyyət düşür. 
    Ali təhsil illərinin insan həyatının ən gözəl və unudulmaz dövrü olduğunu vurğulayan rektor əlamətdar ildə məzun olmaları münasibətilə tələbələri, onların valideynlərini təbrik edib, uğurlar arzulayıb. 
    Sonra rektor ali təhsil ocağında bu il bakalavr səviyyəsi üzrə ixtisaslardan birinin – İngilis dili müəllimliyinin ilk buraxılışı olduğunu, bu əlamətdar hadisənin “Heydər Əliyev İli”nə təsadüf etdiyini vurğulayıb. Qeyd olunub ki, bu münasibətlə institutun Xarici dillər və tədrisi metodikası kafedrasının müəllimləri – Sevda Hacəliyeva, Bəyim Tarverdiyeva və İngilis dili müəllimliyi ixtisasının məzunları olacaq tələbələrimiz birlikdə “Heydər Əliyev ilinin məzunlarıyıq” adlı kitab-albom hazırlayıblar. 
    İnstitutun prorektoru Həbibə Allahverdiyeva, elmi katib Qurban Qurbanlı, fakültə dekanları Samirə Həsənova və Rövşən Vəliyev, Tədris şöbəsinin müdiri Əhruz Mahmudova  məzunları təbrik edib, onlara gələcək fəaliyyətləri ilə bağlı arzularını çatdırıblar.
    Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Aysun Kərimova məzunlar adından çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
    Tədbir bədii hissə ilə davam edib.

Naxçıvan Müəllimlər İnstitutunun 
mətbuat xidməti

Nəşr edilib : 14.06.2023 23:25