AZ EN RU

Məzarını mələklər yuyan şəhidim

    Heç bir qanqohumluğu çatmayan, ancaq sənə çox doğma olan bir insanın acısını qəlbində hiss etmək necə də çətindir. Naxçıvan sakinləri də aprelin 12-si bu ağrıları qəlbində hiss edərək öz şəhidini qarşıladılar. Aprelin 11-də məğlubiyyətini və acizliyini heç cür qəbul etməyən mənfur düşmənimizin növbəti təxribatı zamanı qəhrəmanlıqla şəhid olmuş Azərbaycan Ordusunun Naxçıvandan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Səbuhi  Gündüz oğlu Tağıyevin gəlişinə yalnız Naxçıvan deyil, həm də yer-göy ağladı. Böyükdən-kiçiyə hər kəs əlində üçrəngli bayraqla onun gəlişini gözləyirdi. Havanın kəskin yağışlı olmasına baxmayaraq, yol kənarında bir ağsaçlı ana əlində bayraq tutaraq dayanmışdı. Ona yaxınlaşaraq öyrəndim ki, qadın Vətən müharibəsində şəhid olmuş Rasim Ramazanovun anası Tərlan anadır. Onun üzündə həm qürur var idi, həm də kədər. Tərlan ana bildirdi ki, şəhidlər bir ölüb min dirilər. Onlar bu Vətənin ölməz qəhrəmanlarıdır. Səbuhi də oğlum Rasimlə birgə cənnətdən bizi izləyirlər. 
   Yağan yağış getdikcə daha güclənsə də, şəhidimizi qarşılamağa çıxanların sayı getdikcə artırdı. 
   1998-ci il təvəllüdlü şəhid Səbuhi Tağıyev böyük izdihamla Şahbuz rayonunun Badamlı qəsəbəsinə gətirilərək burada dəfn olundu. Düşmən təxribatının qarşısını alarkən canından keçərək qəhrəmancasına vuruşaraq ürəyində böyük Vətən sevgisi daşıyan Səbuhinin şəhidlik zirvəsinə yüksəlməsi onun doğma yurd yerinə böyük sevgi və məhəbbətinin ifadəsidir. Bu gün sevinirik ki, yetişən bütün gənclərimiz ürəklərində belə sevgi və məhəbbət daşıyırlar.
    Şəhidimizin əmioğlusu Əmrah Məmmədov deyir ki, Səbuhi qəhrəmanlığı ilə arzuladığı şəhidlik zirvəsinə ucaldı. Biz onunla qürur duyuruq, onun içindəki Vətənə sədaqət, torpağa bağlılıq uşaq yaşlarından özünü göstərirdi. Buna görə də o, hərbçi peşəsini seçdi, Ulu Tanrı qarşısına başı dik, üzüağ çıxdı bu məqamla. Çox cəsur idi. 
    Müsahibimin sözlərinə görə, Səbuhi Tağıyev hər zaman komandirinə “məni də Naxçıvana gətirilən şəhidlər kimi qarşılayacaqlar, amma, komandir, tabutumu sən daşıyarsan”, – sözlərini deyirmiş. Elə də oldu, onun bu arzusu yerinə yetdi. Həmin komandir dəfndə iştirak edərək şəhidimizin vəsiyyətini yerinə yetirdi. Əmrah onu da deyir ki, şəhidimizin atası Gündüz Tağıyev Səbuhi dəfn olunan zaman bildirib ki, mən oğlumu öldü bilmirəm, mən oğluma şəhid toyu edirəm. Şəhid atasının bu sözləri Səbuhinin necə bir vətənpərvər ailədə boyüdüyünün sübutudur. 
    ...Azərbaycanın ərazi bütövlüyü uğrunda öz qanları bahasına şəhid düşmüş bütün qardaşlarımız müqəddəs bir amal ətrafında birləşdi: “Təki Vətən sağ olsun!” 44 günlük müharibədə onlar öz canlarını fəda edərək şücaətlik nümunəsi göstərdilər. Şəhidlərimizin hər biri gələcək nəsil üçün bir nümunədir. Ölkəmizin çətin günlərində qəhrəmanlıqla ölümün gözünə dik baxan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Vətən uğrunda öz canından keçən hər bir qəhrəman bizim qəlbimizdə əbədi yaşayacaq. Səbuhi Tağıyev də bu qəhrəmanlardan biri oldu.
     İtirdiklərimiz çox olsa da, qürur duyuruq ki, Azərbaycanın əzəli və əbədi torpaqları uğrunda girdiyimiz bu haqq savaşında qalib ölkəyik artıq. Mənfur düşmən hansı yollara əl atsa da, biz öz haqq savaşımızdan geri çəkilməyəcəyik. Hər kəsin qəlbində və dilində tək bir şüar səslənir: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bülbül QULİYEVA

Nəşr edilib : 13.04.2023 22:00