AZ EN RU

Meyvələrdən üç meyvə var...

Yurdumuzun nemətləri 

    Hər payız fəsli qayğısız uşaqlıq çağlarımın şirin xatirələri canlanır göz önümdə... Hər zaman o səhnəni xəyal edərkən o anı yaşayıram sanki... Böyük bir ailə, yeri torpaqdan olan kiçik bir otaq, torpaq üzərinə salınmış zolaqlı palaz, palaz üzərinə düzülmüş döşəkçələr... Hər kəsin öz döşəkçəsi var idi. Elə ki axşam oldu, hamı öz döşəkçəsi üzərində yer alar, babamın məktəb əhvalatlarından, müharibə xatirələrindən həyəcanla bəhs etdiyi söhbətlərə qulaq asardıq. Kiçik bir otaqda odun sobasının istisinə yığışar, saatlarla deyib-gülərdik. Onda hələ beş-altı yaşlarında balaca bir uşaqdım. Böyük bir ailənin ən kiçik üzvü olaraq həyatın qayğılarını dərk edə bilmirdim. Həyətimizdə bir neçə heyva ağacı var idi, nənəm axşam düşməmiş heyva ağacının altında yerə düşmüş heyvaları ləyənə toplayar, bumbuz axan çeşmədə onları yuyar, aşsüzənə yığardı. Elə ki axşam düşdü, hər kəs balaca bir otaqda yanan odun sobasının ətrafında toplaşarkən nənəmlə birlikdə heyvanı sobaya atar, közün üzərində bişirərdik. Nənəm həmişə heyvanı hər kəsə doğrayıb, mənə isə bütöv verərdi... Deyərdi ki, içindəki tumu da ye, onun ən yeməli, faydalı yeri tumudu. 

    O zamanlar insanların çörəklə sınandığı vaxtlar idi. Mən bunu o vaxt uşaq ağlımla dərk edə bilmirdim. İnsanlar həyətlərində olan nemətlərdən – tutdan, cəvizdən, heyvadan, almadan qışa azuqə saxlayardılar. Yaxşı xatırlayıram, stolumuzun üzərində hər zaman tut qurusu olardı, biz çayı qəndlə deyil, tut qurusuyla içərdik. Çünki o zamanlar qənd belə tapmaq çox çətin idi.  Elə bişmiş heyva da axşam süfrədən yarıac, yarıtox qalxanlar üçün əziz nemət idi. 
    Məncə, elə bir insan tapılmaz ki, bərəkət simvolu, ruzi rəmzi olan heyvanı sevməsin. Heyva Azərbaycanda ən sevilən meyvələr sırasındadır. O, mahnılarda tərif olunur, ondan nağıllarda, rəvayətlərdə, dastanlarda söhbət açılır, müalicəvi faydaları haqqında tibdəki fikirlər bitmək-tükənmək bilmir. Azərbaycan folklorunda, qədim mədəni irsimizi təbliğ edən nağıllarda, xalq dastanlarında, rəsm əsərlərimizdə heyva ilə bağlı çoxlu nümunələr var. 
    Bəs payız mövsümündə yetişən və ilboyu saxlanılması mümkün olan, ağız dadı ilə yediyimiz heyvanın bizə nə qədər faydalı olduğunu bilirikmi? Elə isə heyvanın xalq təbabətində nə qədər qiymətli olmasına nəzər salaq. İnsan sağlamlığına faydaları saymaqla bitməyən bu meyvədən qədim xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib. Onun özü, qabığı, tumları, hətta yarpağı və çiçəyi ayrı-ayrılıqda min bir dərdə şəfadır. Bir sözlə, bu meyvənin faydaları saymaqla bitmir. 
    Havaların soyuması ilə əlaqədar qeyri-ixtiyari soyuqdəyməyə yaxalanırıq. Bu xəstəlikdən qurtarmaq üçün dərman preparatları ilə yanaşı, çoxumuz təbii vasitələrdən də istifadə edirik. Onlardan biri də elə məhz heyvadır. Bu meyvənin unikal antivirus xüsusiyyətləri olduğu üçün ondan qrip və soyuqdəymənin müalicəsi zamanı geniş istifadə edirlər. Belə hallarda o, az miqdar suda bişirilir və qəbul olunur. Heyva şirəsi bronxit, bronxial-astma, müxtəlif soyuqdəymələr və iltihablar zamanı istifadə oluna bilər. Ondan skleroz, pankreatit, hipertoniya, anemiya və sair xəstəliklər zamanı da müalicə məqsədilə istifadə etmək olar. Heyva antioksidant maddələrlə zəngin olduğu üçün bu faydalı meyvə stres, depressiya zamanı, həmçinin xərçəng hüceyrələrinin əmələ gəlməsi ilə mübarizədə yaxşı təsir göstərir. Onun tumu ciyərlər üçün də olduqca faydalıdır. Heyva yarpağı və çiçəkləri soyuqdəymədə və mikrob əleyhinə mübarizədə istifadə edilə bilər. Xalq təbabətindən də məlum olduğu kimi, heyva tumunu alma çəyirdəyi və bal ilə birlikdə qarışdırıb məcun halında qəbul etsək və ya su ilə qaynadıb içsək, öskürəkdən qurtularıq. Yarpaqlarından hazırlanan çay ürək ağrılarına yaxşı təsir edir və insanı sakitləşdirir. Həmçinin yarpaqlarını qaynadıb, suyu ilə qarqara etmək, yarpaqlarını isə boğaza kompres kimi qoymaq boğaz ağrısının və şişməsinin keçməsinə kömək edir.
    Heyva, eyni zamanda dietik məhsuldur. Arıqlamaq məqsədilə tutulan pəhrizlər zamanı bu meyvədən istifadə effektiv təsir göstərir. Bu meyvə qədim zamanlardan kosmetik vasitə kimi də istifadə olunur. Belə hesab edilir ki, heyva qadının cavanlığını və gözəlliyini qoruyur. 
    İndi heyva mövsümüdür. Bərəkət rəmzi olan heyvanın ətri bazar piştaxtalarını bürüyüb. Dadlı mürəbbə bişirmək, cem və kompot hazırlamaq istəyənlər bu meyvəni səbət-səbət alırlar. Arandan ta ucqar dağ kəndlərinədək istənilən torpaq şəraitində bitərək barverən heyva Naxçıvanın qışı nə qədər sərt olsa da, möhkəm dözüm göstərir. Şaxtadan qorxmur. Çiçəkləyəndə tamaşasından doymaq olmur. Bəlkə, buna görədir ki, “Heyvagülü” rəqs havasını bu dadlı meyvənin çiçəkləyən vaxtındakı gözəlliyindən ilham alıb yaradıblar?..

 Gülcamal TAHİROVA

Nəşr edilib : 14.11.2023 18:46