AZ EN RU

Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı yerli emal müəssisələrinin fəaliyyətini stimullaşdırır

“Gəmiqaya Meyvə Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti bu işə öz töhfəsini verir 

    Meyvəçilik tarixən Naxçıvanda əhalinin əsas məşğuliyyət sahələrindən olub. Bu regionun iqlimi, torpaqların münbitliyi meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi üçün münbit zəmin yaradıb. Son illərdə muxtar respublikamızda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər isə bu sahədə də böyük uğurların qazanılmasına geniş imkanlar açıb. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu vardır. Proqramın icrası çərçivəsində təkcə elə 2021-ci ildə 145,6 hektar sahədə meyvə bağı salınıb. 

    Yeri gəlmişkən ötən il muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsal həcmi 5,3 faiz artıb ki, burada da meyvə-tərəvəz məhsullarının istehsalı mühüm yer tutur. Bununla bərabər tədarük olunan meyvə-tərəvəz məhsullarının saxlanması üçün soyuducu anbarların yaradılması, torpaq mülkiyyətçilərinə öz məhsullarını satmaq üçün hər həftənin şənbə-bazar günləri muxtar respublikada təşkil olunan kənd təsərrüfatı məhsulları yarmarkalarında müvafiq yerlərlə təmin olunması, ailə təsərrüfatı məhsulları festivallarının təşkili və sair bu kimi tədbirlər məhsul istehsalçılarına öz məhsullarını satmaq üçün böyük imkanlar açır. Təsadüfi deyil ki, belə tədbirlər ailə təsərrüfatları sahiblərinin, fərdi fermerlərin bu işə marağını ildən-ilə daha da artırır. 
    Bunu da nəzərə alaq ki, meyvəçiliyin inkişafı son illərdə muxtar respublikamızda yeni emal müəssisələrinin yaradılmasına da şərait yaradıb. Belə müəssisələrdən biri də “Gəmiqaya Meyvə Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin direktoru Yunis Yaqubov bizimlə söhbətində bildirdi ki, bu istehsal müəssisəsində müxtəlif meyvə şirələri, meyvə püreləri, şərablar istehsal olunur. Müəssisənin illik istehsal gücü 120 dekalitr meyvə şirəsi və şərab məhsullarıdır. Həmçinin burada məşhur “Tetra Pak” firmasının istehsal gücü saatda 7 ton 1 litrlik və 200 millilitrlik taralar olan müasir texnoloji avadanlıqları da quraşdırılıb. Nəfis tərtibatla bəzədilmiş karton taraların üzərində Azərbaycan, ingilis və rus dillərində məhsulun istehsal və son istifadə tarixləri, mənşəyi və standart göstəriciləri haqqında məlumatlar əks olunur. 
    İstehsal prosesinə gəldikdə isə müəssisədə bütün işlər əl dəymədən, müasir texnoloji avadanlıqların köməyi ilə yerinə yetirilir. Belə ki, müəssisəyə gətirilən meyvə məhsulları ilk olaraq yuyulma və təmizlənmə prosesinə cəlb olunur, sonra müvafiq texnoloji vasitələrdən keçərək sıxılaraq püre halına gətirilmə, filtrlərdən keçərək süzülmə, qatılıq və şəkər faizinin yoxlanılması, doldurularaq qablaşdırılması və digər bu kimi mərhələlərdən keçir. Ümumilikdə isə istehsal prosesinə və keyfiyyətə nəzarət kompüter texnologiyasına əsaslanır. Yüksək keyfiyyət standartlarına və gigiyenik qaydalara uyğun olaraq müxtəlif həcm və çeşidlərdə istehsal olunan meyvə şirələri karton taralarda qablaşdırılaraq satışa çıxarılır. 
    Yunis Yaqubovdan öyrəndik ki, istehsal olunan məhsullar bu gün ölkə bazarında və muxtar respublikamızda satışa çıxarılır. Yaxın zamanlarda isə məhsulların yenidən Türkiyə və Gürcüstan bazarlarına çıxarılması təmin olunacaq. Artıq bu istiqamətdə işlər yekunlaşıb, lazımi addımlar atılıb. 
    “Gəmiqaya Meyvə Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Yunis Yaqubovla söhbətimizin əsas istiqamətlərindən biri də müəssisə üçün xammal potensialının yaradılması ilə bağlı oldu. Müsahibimiz qeyd etdi ki, bu gün muxtar respublikamızda meyvəçilik özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Salınan meyvə bağlarının sahəsi ildən-ilə genişlənir, məhsul tədarükü artır. Bu işdə həm torpaq mülkiyyətçiləri, həm də rəsmi qurumların kollektivləri mühüm rol oynayırlar. Əldə olunan məhsulun satışına gəldikdə isə biz də müəssisə olaraq bu işə öz töhfəmizi verməyə çalışırıq. Apardığımız müşahidələrdən də məlum olub ki, bəzən ucqar bölgələrimizdə və yaxud gediş-gəlişi o qədər də intensiv olmayan yol kənarlarında yetişən meyvələr vaxtında tədarük olunmadığından məhsul sahibi bunu pula çevirə bilmir. Bəzən də elə olur ki, məhsul bazar üçün o qədər də xoş görüntüyə sahib olmadığından sahibkar onu satmaq fikrindən daşınır. Əslində isə biz elə sizin qəzetin vasitəsilə müraciət edərək bildirmək istəyirik ki, emal müəssisəsi olaraq təsərrüfat sahiblərinə bu işdə öz köməyimizi təklif edirik. Biz həmin məhsulu nağd şəkildə təsərrüfat sahibindən alıb onu istehsala cəlb edirik. Ehtiyac yaranarsa, həmin təsərrüfatçını nəqliyyat vasitəsilə də təmin edə bilərik. Yetər ki, tədarük olunan məhsul sahibinə qazanc gətirsin, bu işə maraq artsın. Nəticədə, bizim üçün də yerli xammal potensialımız olsun. 
    Bəli, bu gün muxtar respublikamızda meyvəçilik təsərrüfat sahiblərinin geniş məşğulluq sahələrindəndir. Hazırda bu sahənin inkişaf etdirilməsi üçün hərtərəfli şərait mövcuddur. Yuxarıda da qeyd olunduğu kimi, yerli emal müəssisələrimizin bu işə töhfəsi təsərrüfat sahibləri qarşısında yeni imkanlar açır. Bu isə yerli məhsullarımızın ixracı üçün böyük potensial yaratmaqla yanaşı, həm də milli iqtisadiyyatımızın inkişafına yaşıl işıq yandırır. 

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 04.07.2022 18:58