AZ EN RU

Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı tədbirləri davam etdirilir - FOTOLAR

    Qəbul olunan Dövlət proqramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, aqrar sahədə müasir infrastrukturun yaradılması muxtar respublikada kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaratmış, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olmuşdur. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Kənd təsərrüfatı iqtisadiyyatın lokomotividir. Hər bir ölkədə inkişafın əsas hədəfi ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Muxtar respublikada aqrar sahədə görülən işlər, həyata keçirilən islahatlar da bu məqsədə hesablanmışdır”. Muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi bu istiqamətdə bir çox ənənəvi sahələrin davamlı inkişafını təmin edir. Bu sahələr içərisində meyvəçilik və tərəvəzçilik xüsusi yer tutur. Muxtar respublikanın təbii iqlim şəraiti və kənd əhalisinin çoxəsrlik təcrübəsi bu qədim diyarda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üçün geniş imkanlar yaradır. Məhz bu potensialdan istifadə əsas götürülərək rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə həyata keçirilən dövlət siyasəti Naxçıvanda ərzaq təhlükəsizliyinin dayanıqlılığını təmin edən başlıca faktordur. Kənd əhalisinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəldilməsi isə bu fəaliyyətin digər mühüm istiqamətini təşkil edir. Qeyd olunan istiqamətlər üzrə görülən işlərin davamlı xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu vardır. 
    Proqramın icrası cari ilin birinci yarısında da diqqətdə saxlanılmış, muxtar respublikada 13 min 820 ton meyvə və 17 min 456 ton tərəvəz məhsulu istehsal olunmuşdur. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafına dövlət maliyyə dəstəyinin göstərilməsi yanvar-iyun aylarında davam etdirilmişdir. Bu dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən meyvə-tərəvəz istehsalı ilə məşğul olan         2 ailə təsərrüfatına 41 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Ümumilikdə, dövlət maliyyə dəstəyi hesabına 2 bağçılıq, 1 limonçuluq təsərrüfatının yaradılması və 1 bağçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Əlavə olaraq, 253 sahibkarın 508 hektar sahədə əkin aparması üçün, ümumilikdə, 2105 ton toxumluq kartofun idxal rüsumu ödəmədən muxtar respublikaya gətirməsinə köməklik göstərilmişdir. Həmçinin birinci yarım ildə Şərur Sənaye Məhəlləsində meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və qurudulması sahəsinin yaradılması istiqamətində işlər davam etdirilmişdir. Sənaye məhəlləsində müvafiq sahənin fəaliyyətə başlaması meyvə-tərəvəz əkininə marağı daha da artıracaqdır ki, bu da, öz növbəsində, kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsinə təkan verəcəkdir. 
    Meyvəçilik və tərəvəzçilik muxtar respublikada aqrar sektorun mühüm inkişaf istiqamətlərindən birini təşkil edir. Mövcud meyvə bağlarına aqrotexniki qulluğun göstərilməsi ilə yanaşı, onların əhatə etdikləri sahələrin genişləndirilməsi də xüsusi diqqətdə saxlanılır. Dövlət proqramının icrasına uyğun olaraq cari ilin birinci yarısında muxtar respublikada 52 hektar sahədə yeni meyvə bağları salınmış, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazir­liyi tərəfindən aparılan əkin-bərpa işlərində 23 min meyvə tingi və 1280 kiloqram meyvə toxumundan istifadə olunmuşdur.
    Naxçıvanda əhalinin ərzаq məhsullаrınа оlаn tələbаtının yerli istehsal hesabına ödənilməsində və еmаl müəssisələrinin хаmmаl təchizatında kənd təsərrüfаtı məhsullаrı istеhsаlının xüsusi önəmi vardır. Muxtar respublikada аqrаr sеktоrun inkişаfına ciddi əhəmiyyət verilir, intensiv metodlar əsasında məhsul istеhsаlı ildən-ilə artırılır. Bu istiqamətdə görülən işlərdən biri də istehsal edilən məhsulların saxlanılması üçün soyuducu anbarların tikintisidir. Məhsulun soyuducu anbarda öz keyfiyyətini itirmədən saxlanılması onun ilin istənilən dövründə bazara çıxarılmasına və əhalinin tələbatının ödənilməsinə imkan verir. Məhsulun bol və qiymətinin münasib olmasına, həmçinin istixana təsərrüfatlarının sayının artırılması da təsir göstərir. Qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatın ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Proqramın icrası məqsədilə birinci yarım ildə muxtar respublikada dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına tutumu 110 ton olan 1 soyuducu anbarın, ümumi sahəsi 2750 kvadratmetr olan 3 istixana təsərrüfatının yaradılması, 3 istixana təsərrüfatı sahəsinin, ümumilikdə, 2264 kvadratmetr genişləndirilməsi başa çatdırılmış, ümumi tutumu 750 ton olan 2 soyuducu anbarın yaradılması davam etdirilmişdir.
    Məhsul istehsalçılarının bazara çıxışının asanlaşdırılması onların geniş alıcı dairəsi ilə təmasda olmasına şərait yaradır. Bu məqsədlə təşkil edilən yarmarkalar meyvə-tərəvəz istehsalı ilə məşğul olan təsərrüfatçılar üçün mühüm stimullaşdırıcı əhəmiyyətə malikdir. Digər tərəfdən bu cür yarmarkaların təşkili istehlakçılar üçün də ucuz və bol məhsul əldə etmək, eyni zamanda satıcı və alıcı arasında birbaşa əlaqə yaratmaq baxımdan da önəm kəsb edir. Bu istiqamətdə işlər ilin birinci yarısında da davam etdirilmiş, hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkaları xüsusi marağa səbəb olmuşdur. Bundan əlavə, 4-5 iyun tarixlərində Naxçıvan şəhərində keçirilən ənənəvi “Göycə” festivalına muxtar respublika üzrə 278 ailə təsərrüfatı tərəfindən 9 çeşiddə 25031 kiloqram göycə çıxarılmış, iki gün ərzində 88857 manat dəyərində məhsul satılmışdır.
    Muxtar respublikada meyvəçilik və tərəvəzçilik sahəsi üzrə fəaliyyət göstərən təsərrüfatçılar üçün stimullaşdırıcı xarakter daşıyan digər amil isə sığorta mexanizmidir. Mülkiyyətçinin öz sahəsini təbiət hadisələrindən və digər risklərdən sığortalaması onun təhlükəsiz fəaliyyət göstərməsinə və daha geniş ərazidə əkin aparmasına şərait yaradır. Dövlət proqramında bu istiqamətdə nəzərdə tutulan tapşırıqların icrası birinci yarım ildə diqqətdə saxlanılmış, 39-u meyvə, 42-si tərəvəz sahəsi üzrə olmaqla, təsərrüfatçılarla, ümumilikdə, 81 sığorta müqaviləsi bağlanılmışdır. 
    Məhsulun satış qabiliyyətini yüksəldən faktorlardan ən mühümü onun keyfiyyətidir. Keyfiyyətli məhsul istehsalçı üçün satış imkanlarının üstünlüyü, istehlakçı üçün sağlamlıq, bütövlükdə, dövlət üçün iqtisadiyyatın inkişafı deməkdir. Keyfiyyət göstəricisi dedikdə qidanın həm təhlükəsizlik, həm də qida dəyərliliyi nəzərdə tutulur. Əgər bir məhsul tərkibində ona tələb olunan qida maddələrini saxlayırsa, insana lazım olan vitamin, mineral, zülal, karbohidrat, yağ və sair ilə təmin olunubsa, deməli, o, keyfiyyətli məhsul sayılır. Muxtar respublikada bazara təqdim olunan bütün məhsulların keyfiyyəti nəzarətdə saxlanılır ki, bu istiqamətdə meyvə-tərəvəz və onlardan hazırlanmış məhsullar xüsusi yer tutur. Cari ilin birinci yarısında “İstehlak Mallarının Ekspertizası” Məhdud Məsuliyyətli Cəmiyyətində meyvə-tərəvəz məhsullarından götürülən 90 nümunə laboratoriya analizlərinə cəlb edilmişdir. Həmçinin bu dövrdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər üzrə məhsulların 84 halda keyfiyyət və ya təhlükəsizlik göstəriciləri yoxlanılmış, məhsulların texniki-normativ tələblərə cavab verdiyi müəyyən olunmuşdur. Digər tərəfdən torpaqların da aqrokimyəvi analizə cəlb olunması ilə toxum və tingin ekoloji xüsusiyyətinə uyğun münbit torpaqda əkilməsi meyvə-tərəvəzin məhsuldarlığına ciddi təsir etmiş, bol məhsul əldə edilməsinə səbəb olmuşdur. Proqramda bu istiqamətdə nəzərdə tutulan tədbirlər birinci yarım ildə davam etdirilmiş, 6 torpaq nümunəsinin aqrokimyəvi analizi aparılaraq nəticəsi torpaq mülkiyyətçilərinə təqdim edilmişdir. 
    Meyvə-tərəvəzin məhsuldar torpaqda yetişdirilməsinə nail olmaq işin bir tərəfidirsə, torpaqlardan səmərəli istifadəni təmin etmək üçün onların xəritələşdirilməsi məsələnin digər tərəfidir. Proqramda meyvə bağlarının salınması üçün müəyyənləşdirilmiş sahələrin xəritələşdirilməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Bu istiqamətdə ilin birinci yarısında Şərur, Babək, Ordubad, Kəngərli və Şahbuz rayonlarında meyvə bağlarının salınması məqsədilə fiziki şəxslərin icarəsinə verilmiş, ümumilikdə, 15 hektar torpaq sahəsi xəritələşdirilmiş və uçotu aparılmışdır.
    Meyvə-tərəvəz istehsal edən təsərrüfat sahibləri ilə maarifləndirici görüşlərin keçirilməsi isə onların təsərrüfat fəaliyyətini düzgün istiqamətləndirməyə imkan vermişdir. Bu məqsədlə yanvar-iyun aylarında 29 seminar-müşavirə keçirilmiş, məhsul istehsalının artırılması və aqrotexniki qaydalara əməl olunması ilə bağlı 10 adda 120 nüsxə buklet hazırlanaraq paylanmışdır. Qeyd etmək lazımdır ki, maarifləndirmə tədbirləri çərçivəsində təsərrüfat sahiblərinə mütəxəssis məsləhətlərinin verilməsi onların əkin sahələrində məhsuldarlığa nail olmaqla iqtisadi zərərə düşmələrinin qarşısını alır.
    Dövlət proqramının icrası Naxçıvanda meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin olunmasında yeni nailiyyətlərə yol açacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcək”.

“Şərq qapısı”

Nəşr edilib : 18.08.2022 17:52