AZ EN RU

Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı diqqət mərkəzindədir

 İnsan sağlamlığının qorunması tibbi xarakterli tədbirlərin təşkili qədər keyfiyyətli ərzaq məhsulları ilə təminatdan da əhəmiyyətli dərəcədə asılıdır. Yerli xammal hesabına fəaliyyət göstərən istehsal müəssisələrinin sayının artması bir tərəfdən keyfiyyətli və ucuz məhsulların istehsalına, digər tərəfdən isə əhalinin maddi rifahının yaxşılaşdırılmasına xidmət edir. Aqrar sahədə qəbul olunan Dövlət proqramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, müasir infrastrukturun yaradılması kənd təsərrüfatının müxtəlif istiqamətlərinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaradır, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var – subsidiyalar verilir, fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Texnikalar alınır, güzəştli şərtlərlə kreditlər verilir. Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, subsidiyaların verilməsi mexanizmi təkmilləşir, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur”.

     Naxçıvan Muxtar Respublikasında da əhalinin etibarlı ərzaq məhsulları ilə təminatı istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Bu məqsədlə aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir, əkin dövriyyəsinə qatılan torpaqların sahəsi ildən-ilə artır, yerli məhsulların istehsalı stimullaşdırılır. Kənd təsərrüfatının xüsusi önəm kəsb edən sahələrindən biri də meyvəçilik və tərəvəzçilikdir. Muxtar respublikada kənd əhalisinin başlıca məşğulluq istiqamətlərindən olan bu sahənin perspektivi yüksək qiymətləndirilir, meyvəçiliyin və tərəvəzçiliyin inkişafına yönələn kompleks tədbirlər davam etdirilir. Görülən işlərin səmərəliliyinin artırılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu vardır.

    Proqramın icrası çərçivəsində 2021-ci ildə Naxçıvanda 145,6 hektar sahədə meyvə bağı salınmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 280 hektar sahədə aparılan əkin-bərpa işlərində 54 min 724 meyvə tingi və 2 min 725 kiloqram meyvə toxumundan istifadə olunmuşdur. Bu dövrdə 2 min 4 hektar meyvə və 355 hektar üzüm bağının plana alınaraq xəritələşdirilməsi torpaqlardan səmərəli istifadəyə nəzarətin davam etdirilməsinə şərait yaratmışdır.
    Muxtar respublikada aqrar sektorun inkişafı hər zaman ön planda tutulur. Bu sahədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, iqtisadi dəyəri yüksək layihələrin həyata keçirilməsinin təşviqi yerli xammal ehtiyatlarından istifadənin genişləndirilməsinə yol açır. Eyni zamanda kənd təsərrüfatına dövlət dəstəyinin ildən-ilə artırılması, subsidiyaların verilməsi və digər tədbirlər əkin sahələrini genişləndirməyə, rahat əkin-biçin aparmağa imkan yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər içərisində texnika ilə yanaşı, toxum və su təminatı da mühüm yer tutur. Artıq muxtar respublikada torpaq mülkiyyətçiləri məhsuldar yerli toxumlarla təmin edilir, eyni zamanda müasir hidrotexniki qurğuların, su anbarlarının tikilməsi yaz və payız suvarma mövsümünün mütəşəkkil keçirilməsinə imkan verir. Bütün bunlar kənd təsərrüfatı sahəsində məşğulluğu təmin etməklə yanaşı, həm də bol məhsul istehsalına və ixrac imkanlarının yaranmasına səbəb olub”. 
   Ötən il Dövlət pro­qramının icrası ilə bağlı sahibkarlarla təşkil olunan görüşlərdə meyvə-tərəvəzin qurudulması, konservləşdirilməsi, tomat pastası, şərab, meyvə lavaşanası istehsalı sahələri üzrə hazırlanmış layihələrin təqdimatı keçirilmişdir. Təqdimatlar zamanı qeyd edilən layihələrin reallaşdırılması ilə bağlı nəzərdə tutulan güzəştlər barədə ətraflı məlumat verilmişdir. 
    2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına 8 layihə üzrə 129 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Muxtar respublikada dövlət maliyyə dəstəyi hesabına         2 meyvə-tərəvəz konservləşdirilməsi, 1 meyvə qurudulması sahəsinin, bağçılıq, tingçilik, limonçuluq, üzümçülük istiqamətləri üzrə, ümumilikdə, 5 təsərrüfatın yaradılması və 2 təsərrüfatın genişləndirilməsi başa çatdırılmışdır. Stimullaşdırıcı tədbirlərin davamı olaraq əkinçilərin 1988 ton toxumluq kartofunu idxal rüsumu ödəmədən muxtar respublikaya gətirmələrinə köməklik göstərilmişdir. Bakı şəhərinə 900 tondan çox kartof, 330 tondan çox soğan məhsulunun göndərilməsi təmin olunmuşdur.
    Dövlət dəstəyi özünü, sadəcə, məhsul istehsalında büruzə vermir. Əhalini ilboyu keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin etmək üçün həm istehsal bolluğu, həm də məhsulun keyfiyyətini itirmədən saxlanılması başlıca şərtlərdir. Bu məqsədlə göstərilən dövlət texniki və maliyyə dəstəyi yeni soyuducu anbarların və istixana təsərrüfatlarının yaradılması ilə nəticələnir. Ötən il Dövlət proqramının icrasına uyğun olaraq Naxçıvanda ümumi tutumu 1820 ton olan 6 soyuducu anbarın, ümumi sahəsi 8 min 80 kvadratmetr olan 5 istixana təsərrüfatının yaradılması, 5 istixana təsərrüfatının sahəsinin, ümumilikdə, 4 min 222 kvadratmetr genişləndirilməsi başa çatdırılmışdır. Həmçinin bu dövrdə tutumu 600 ton olan 1 soyuducu anbarın yaradılması davam etdirilmişdir.
    Bazarın keyfiyyətli məhsulla təmin olunması üçün yerli istehsalın stimullaşdırılması, soyuducu anbarların yaradılması işin bir tərəfidirsə, digər vacib bir istiqamət isə keyfiyyətə nəzarətin təşkilidir. Proqramın icrası məqsədilə 2021-ci ildə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən bu istiqamətdə işlər davam etdirilmişdir. Ötən il 184 halda meyvə-tərəvəz məhsullarından nümunələr götürülərək laboratoriya analizlərinə cəlb edilmiş, nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyən olunmuşdur.
    Meyvəçilik və tərəvəzçilik təsərrüfatlarının mümkün risklərdən və təbiət hadisələrindən sığortalanması bu sahədə fəaliyyət göstərən torpaq mülkiyyətçilərinin gəlirlərini qorumağın mühüm vasitəsidir. Digər tərəfdən yetişdirilən meyvə və tərəvəzin, eləcə də onlardan hazırlanan məhsulların satışı üçün hərtərəfli şəraitin yaradılması təsərrüfatçıların fəaliyyət sahələrini genişləndirməsində həvəsləndirici rol oynayır. Ötən il Dövlət proqramının icrası istiqamətində 84 sığorta müqaviləsi bağlanmışdır. Hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində keçirilən yarmarkalarda kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsullarının satışı təmin olunmuşdur. Bunlarla yanaşı, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində may ayında göycə, noyabr ayında “Ailə təsərrüfatı məhsulları” satış yarmarkaları təşkil edilmişdir. Keçirilən yarmarkalar istehsal olunan məhsulların istehlakçılara birbaşa çatdırılması məqsədi daşımışdır.
    Torpaq mülkiyyətçilərinə göstərilən dəstək iqtisadi istiqamətlə yanaşı, elmi cəhətlə də xarakterizə olunur. 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasında “Düzən və dağətəyi ərazilərdə becərilən süfrə üzüm sortlarının aqroekoloji polimorfizm xüsusiyyətləri, yeni genotipli sort, klon və formaların qiymətləndirilməsi”, “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan badam cinsinə daxil olan növlərin tədqiqi, onların biomorfoloji, bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və səmərəli istifadə yollarının araşdırılması”, “Ordubad rayonunda becərilən perspektivli çəyirdəkli meyvə sort və formalarının bioloji-təsərrüfat göstəricilərinin qiymətləndirilməsi” və “Ordubad rayonu ərazisində yayılmış badam sort və formalarının biomorfoloji, bio­ekoloji xüsusiyyətlərinin öyrənilməsi və genofond bağının salınmasına başlanması” mərhələləri üzrə elmi- tədqiqat işləri aparılmışdır. İl ərzində Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən meyvəçiliklə bağlı 1 dərs vəsaiti, 1 kitab, 3 buklet, 13 məqalə və 1 monoqrafiya nəşr edilmişdir. 
    Təsərrüfat sahiblərinin aqrotexniki qaydalara əməl olunması ilə bağlı maarifləndirilməsi meyvəçiliyin və tərəvəzçiliyin inkişafına təsir göstərən əsas faktorlardandır. Bu məqsədlə təşkil olunan görüşlər və hazırlanan maarifləndirici materiallar məhsul istehsalının artırılmasına xidmət edir. Ötən il meyvə və tərəvəz istehsal edən təsərrüfat sahibləri ilə 40 seminar-müşavirə keçirilmiş, 5 adda 160 nüsxə buklet hazırlanaraq paylanmışdır.
    Dövlət proqramının icrası ilə bağlı teleradio və qəzet materiallarının hazır­lanması da təmin edilmişdir. Bu istiqamətdə Naxçıvan televiziyasında “Ailə təsərrüfatları”, “Günün tələbi”, “Bərəkət”, “Zəhmətkeş” və “Naxçıvan üzümü” verilişlərinin, ümumilikdə, 21 sayı efirə təqdim olunmuşdur. “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 30 material yerləşdirilmiş, “Şərq qapısı” qəzetində 38 yazı dərc edilmişdir. 
    Görülən işlər deməyə əsas verir ki, Naxçıvanda daxili bazarda meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi işi yeni nailiyyətlərlə davam edir.     

“Şərq qapısı”

Nəşr edilib : 01.03.2022 19:16