AZ EN RU

Metyu Brayza: Ermənistanın hələ də dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsi insanların qayıtmasına böyük təhlükə yaradır

Zəngilan səfəri məndə çox böyük təəssürat yaradıb. Azərbaycanda bu cür genişmiqyaslı bərpa-quruculuq işlərinin birinci dəfədir şahidi oldum.

Bu sözləri dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayza söyləyib.

“Məni heyran edən ikinci məqam həmin bu genişmiqyaslı prosesin regionda davam edən mina təhlükəsi dövründə baş tutmasıdır. Çünki Ermənistan tərəfi hələ də dəqiq mina xəritələrini Azərbaycana təqdim etməyib və bu, insanların qayıtması üçün böyük təhlükə yaradır. Buna baxmayaraq, bərpa və quruculuq işləri sürətlə və uğurla davam edir”, - deyə M.Brayza qeyd edib.

Beynəlxalq ekspert bildirib ki, müasir tarixdə tamamilə dağıdılmış və o qədər böyük əraziyə bənzər bir nümunə olmayıb. İndi isə bu ərazi yenidən qurulacaq və öz doğma torpaqlarına qayıdan insanlar üçün normal həyat şəraiti yaradılacaq.

“Bundan əlavə, biz bu gün Prezident İlham Əliyev ilə üç saat ərzində danışıqlar aparmışıq. Dövlət başçısı hər bir iştirakçının sualını cavablandırıb, öz fikrini çox aydın və səmimi şəkildə ifadə edib. O, öz nitqində Azərbaycanın gələcəyindən, Mərkəzi Asiya və Avropa ölkələri ilə əlaqələrdən, həmçinin Azərbaycanın iqtisadi və siyasi müstəqilliyə nail olmasından söz açıb. Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsi imzalamaq niyyətindədir. O, həmçinin Paşinyanın sülh müqaviləsini imzalamaq üçün sonuncu maneəni, yəni, Qarabağdan qeyri-qanuni erməni qoşunlarının çıxarılmasını və separatçı siyasi rejimi necə aradan qaldırdığını vurğulayıb”, - deyə sabiq səfir diqqətə çatdırıb.

Nəşr edilib : 06.12.2023 18:28