AZ EN RU

Metrologiya keyfiyyətin yüksəldilməsinə zəmin yaradan mühüm ünsürlərdəndir

    Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri – səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, yeni texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və sair bu kimi mühüm sahələr ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Dünya ticarətinin qloballaşdırılması, malların müasir standartlara uyğun istehsalının təşkili, əhalinin sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri kimi olduqca vacib sayılan bütün bu məsələlər günümüzdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir. Məhz bu baxımdan qlobal bazar şəraitində beynəlxalq və daxili ticarət üçün metrologiya mühüm rol oynayır. Heç bir kəmiyyət metroloji infrastruktur olmadan etibarlı şəkildə ölçülə bilməz.

    Metrologiya, eyni zamanda ölkə­də ölçmə, standartlaşdırma, nəzarət və keyfiyyət sisteminin infrastrukturunu yaradaraq keyfiyyətin təmin edilməsi üçün məhsulun xüsusiyyətlərinin müəyyən edilməsini və keyfiyyətə nəzarət üçün hərtərəfli sistemin formalaşmasını təmin edir. İstehsal olunan məhsulların keyfiyyətinin əsasını metrologiya təşkil edir desək heç də yanılmarıq. Bir sözlə, metrologiya ölkənin həyat səviyyəsinin yüksəldilməsində, ətraf mühitin və istehlakçı hüquqlarının qorunmasında, insanların təhlükəsizliyinin təmin edilməsində, elmi-texniki tərəqqinin inkişafında aparıcı rola malikdir. 
    Vaxtilə dünyada yaşanan iqtisadi yüksəliş, elmin sürətli inkişafı, yeni və fərqli ölçü vahidlərinin yaranması qloballaşan dünya ticarətində və əlaqələrin inkişafında ciddi əngəllər törətdiyindən dünyanın vahid ölçülər sisteminə keçidi zərurəti yaranmışdır. Bu məqsədlə 1875-ci il may ayının 20-də Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin iştirakı ilə məşhur Metrik Konvensiyası imzalanmışdır və hər il bu əlamətdar tarix dünyada Ümumdünya Metrologiya Günü kimi qeyd olunmaqdadır. 
    Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro yaradılmış, daha sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilərək onun əsasında Beynəlxalq Ölçmələr Sistemi işlənilib hazırlanmışdır. Metrik Konvensiyasının ilkin hədəfi Konvensiyanı imzalayan bütün ölkələrdə ölçü sisteminin vahidliyinin qorunmasından ibarətdir. Metrologiyanın istifadə etdiyi əsas anlayışlar ölçmə, ölçü aləti, metrologiya və ölçü texnikalarıdır. Həqiqətən də, daha geniş şəkildə ölçmə elmi olan metrologiya kəşf və yeniliklərdə, sənaye istehsalında və beynəlxalq ticarətdə, həyat keyfiyyətinin yüksəldilməsində və qlobal mühitin qorunmasında aparıcı rol oynayır. Bu elm ciddi dəqiqliyə ehtiyac olduqda köməyə gəlir.
    Məlumdur ki, ölçmə proseslərinin əsas məsələlərindən biri ölçmənin vahidliyini və onların nəticələrinin doğruluğunu təyin etməkdir. Bu onunla əlaqədardır ki, sənayenin müxtəlif sahələri inkişaf etdikcə, ölçmələrin dəqiqliyinə tələbat da artır, ölçülən kəmiyyətlərin ölçmə diapazonları genişlənir, tezdəyişən kəmiyyətlərin, onların toplularının, proseslərin və sistemlərin xarakteristikalarının ölçülməsinin vacibliyi yaranır. Məhz bu baxımdan inkişaf etmiş dünya ölkələrində bu istiqamətdə mühüm işlər görülməklə bərabər, hüquqi proseslərin tənzimlənməsi üçün zəngin qanunvericilik bazası da formalaşdırılır.
    Ölkəmizdə müstəqillik əldə edildikdən sonra respublikada standartlaşdırma və metrologiya sahəsinin inkişafı dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Bu sahə üzrə daha təkmilləşdirilmiş inkişaf və köklü irəliləyişlər məhz Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Belə ki, 2000-ci ildə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə müvafiq qanunvericilik bazasının əsası qoyulmuşdur. Bunun davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə eyniadlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirmiş və metrologiyanın inkişafına ciddi təkan vermişdir. Məhz bu Qanun insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerinə yetirilən ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin alınmasında cəmiyyətin və dövlətin tələbatını təmin etmək və ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısını almaq məqsədi daşıyır.
    Azərbaycanda metrologiya sahəsinin inkişafı bu gün də prioritet sahə kimi dövlətin daim diqqət mərkəzindədir. Belə ki, bu sahədə beynəlxalq qanunvericiliyə uyğun olaraq Prezident cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Fərmanı əsasında “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs təsis edilib. Bundan başqa, qeyri-neft ixrac potensialının gücləndirilməsi məqsədilə ölçmələrin xarici ölkələrdə tanınması, həmçinin kalibrləmə sertifikatlarının qəbul edilməsi üzərində işlər aparılmaqdadır. Yaradılan bu qurum beynəlxalq təcrübəyə əsasən ölçmələrin vəhdətinin təmin edilməsi, yüksək dəqiqlik sinfinə malik olan işçi etalonların və ölçmə vasitələrinin kalibrlənməsi, ölçmə vasitələrinin tipinin təsdiqi, həmçinin ölkədə istehsal edilən və ya idxal olunan ərzaq və qeyri-ərzaq məhsullarının, tikinti materiallarının və digər məhsullar analizlərinin aparılmasını həyata keçirir. İnstitutda saxlanılan milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsi, Azərbaycan Respublikasının milli etalonlarının beynəlxalq tutuşdurmalarda müqayisəsi və onların beynəlxalq səviyyədə tanınması, həmçinin institut tərəfindən verilən kalibrləmə və ölçmə haqqında sertifikatların beynəlxalq miqyasda tanınması məqsədilə etalon laboratoriyalarının beynəlxalq akkreditasiyası üzərində ciddi işlər aparılmaqdadır.
    Hazırda Prezident cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlmiş, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənmişdir. Bütün bunlar isə metroloji təminatın inkişafından xəbər verir. Ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır. 
    Bu gün ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında da bu sahədə mühüm tədbirlər həyata keçirilir və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən muxtar respublikamızda metrologiya sahəsində tədbirlərin səmərəli icrası üçün ardıcıl işlər aparılır, metroloji normalara və qaydalara əməl olunması işləri davamlı olaraq diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində xidmətin Metrologiya şöbəsi tərəfindən ötən il ərzində ölçmə vasitələrinin normativ göstəricilərinin standarta uyğunluğunun yoxlanılması davam etdirilmiş və ümumilikdə, 8 min 477 ədəd ölçmə vasitəsinin yoxlanılması təmin olunmuşdur.
    Muxtar respublikamızda beynəlxalq standartların tələbləri əsas götürülərək metrologiya sahəsinin inkişafı istiqamətində işlər bundan sonra da üstün istiqamət kimi davam etdiriləcəkdir.  

Kamran MEHBALIYEV 
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət

Dövlət Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi 

Nəşr edilib : 19.05.2023 21:02