AZ EN RU

Mətbuatın tozlu yolları...

Bir ölkə düşünün, düşünün ki, həmin ölkənin əhalisi cəhalət dənizində boğulur. Bu elə boğulmaqdır ki, tarixdəki nəhəng “Titanik” gəmisinin batdığı zamanlardakı insanların donaraq və yaxud boğularaq həyatını itirməsinin nəticəsində baş verən itkilərə bərabər idi. Eyni dərəcə dondurucu və boğucu bir cəhalətlə üz-üzə qalan bir mühit. Bunun qarşısını almaq üçün insanların dünya görüşlərini artıraraq, dünyaya baxış bucaqlarını dəyişmək lazım idi. Bu yazıda elə bir insandan danışacağıq ki, həmin müharibə meydanını qurur, lakin mübarizəsi cəhalətə qarşı, müharibə meydanı ilk mətbuatımız olan “Əkinçi” qəzeti, qılıncı isə söz dolu qələmi idi.

28 iyun 1837-ci il. Bu tarix dahi Həsən bəy Məlikovun Göyçay qəzasının Zərdab kəndində dünyaya göz açdığı tarixdir. Ola bilər ki, tarixdən siz onu Həsən bəy Məlikov olaraq tanımadınız, bunun səbəbi isə onun mətbuatımızın tarixində Həsən bəy Zərdabi olaraq tanınmasıdır.

Dahi diyarın iti qələm sahibi olan Həsən bəy ilk təhsilini doğulub boya-başa çatdığı Zərdab kəndində, mədrəsədə almışdır. Burada oxuduğu müddətdə əraəb və fars dillərinə yiyələnməyi bacaran Həsən bəy 1852-ci ildə Şamaxıda açılan rus dilli dünyəvi məktəbə yazılaraq təhsilini orada davam etdirmişdir. Məktəbi bitirdikdən sonra Qafqaz Təhsil Komissiyasının Müdiri baron Nikolay Həsən bəyi dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi qərara alır. Elə həmin müddətlərdə Həsən bəyin atası Səlim bəyin vəfat etməsi nəticəsində Həsən bəyin böyük qardaşı ona Tiflisə getməyə icazə vermir. Lakin onun dayısı Fərəc bəy işə müdaxilə edir və Həsən bəyi Tiflisə gətirməyə nail olur. 1858-ci ildə Tiflis məktəbinə daxil olan dahi Həsən bəy 1861-ci ildə oranı bitirərək Moskva Dövlət Universitetinə daxil olmuşdur. Zərdabi universiteti bitirdikdən sonra Tiflisdə yerləşən torpaq idarəsində, daha sonra 1868-ci ildə isə Qubada məhkəmə katibi vəzifəsində çalışmağa başlamışdır. Bunlardan savayı onu pedaqogika və maarifçilik yoluna atan əsas məsələ onun 1969-cu ildə Bakıda məktəbdə təbiət elmləri üzrə dərs deməsi olub. Həsən bəy Zərdabi Bakıda müəllim işləyərkən bir nüans onun diqqətini çəkir. Görür ki, bu məktəbdə təhsil alan tələbələrin sıralarında azərbaycanlıların sayı olduqca azdır. Həsən bəy bunun üçün “Cəmiyyət-xeyriyyə” adı altında bir cəmiyyət yaradır. Həsən bəy Zərdabi bu cəmiyyətin adı altında kəndləri gəzərək yoxsul və imkansız tələbələri ali məktəblərə hazırlaşdırmağa başlayıb, onlara təhsil üçün yol açır. Həsən bəy yazırdı ki, mən xeyriyyə cəmiyyəti üçün 50 ziyalıdan 100 manat istədim, lakin onlar bunu çox məbləğ gördülər və vermək istəmədilər və nəticədə Həsən bəy 100 ziyalıdan 50 manat alaraq məbləği yamamlayır.

Həsən bəy Zərdabi 1860-ci ildən başlayaraq Azərbaycanda ilk anadilli mətbuatı yaratmaq fikrinə düşür. Bunun səbəbi isə rus və digər dünya mətbuatlarını görür və “Niyə bu mətbuatlardan bizdə yoxdur?” - deyə düşündü. Lakin 1860-cı illərdə gedən hərc-mərclilik Həsən bəyin bu istəyini yarıda qoyur. O, bu istəyinə düz 15 il sonra, 1875-ci 22 iyul tarixində “Əkinçi” adlı qəzetin çapı ilə nail ola bilir. Bakı qubernatoru Starolskaya Zərdabi ilə yaxın dost idi. Ona görə də, mətbuatı Bakı quberniyasının binasında açmağı təklif edir və mətbəə orada fəaliyyətə başlayır. Elə ilk mətbuatımız yaranması şərəfinə hər ilin 22 iyulunda Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Zərdabi yazılarında hətta qəzetin çapında şrift problemi belə yaşadığını qeyd edirdi. Zərdabi elə cümlələr və sözlər seçirdi ki, yazı yazarkən İstanbuldan alıb gətirdiyi məhdud şriflər bitməsin. Bəzən senzura nəticəsində yazılara qəzetdə çap olnmağa icazə verilmir və Həsən bəy həmin hissəni boş buraxaraq bu yazının çapına senzura tərəfindən icazə verilmədiyi yazılırdı. Bu qəzet Azərbaycanda, həmçinin Qafqazda nəşr olunan ilk türkdilli qəzet idi. Qəzet dəfələrlə senzuralara, maliyyə problemlərinə tuş gəlmiş və nəticədə 1877-ci il 29 sentyabr tarixində qapadılmışdır.

Həsən bəy Zərdabi ölümünün son illərində iflic keçirtməsinə baxmayaraq ömrünün sonuna qədər “Kaspi” qəzetində fəaliyyətini davam etdirmişdir.

Həsən bəy Zərdabi həddindən çox çalışdığı üçün iflic olur və 1907-ci il noyabrın 28-də gözlərini əbədiyyətə yumur. Onun nəşi Bibiheybət məscidi yaxınlığında dəfn olunmuşdur. Daha sonra həmin ərazinin dağıdılması nəticasində dahi mətbuat fədaisinin sümükləri oradan götürülərək Fəxri Xiyabanda dafn olunmuşdur. Biz və bizim kimi bütün peşə məsuliyyətini dərk edən jurnalistlər əlimizə qələm götürüb yeni bir yazıya başladıqda xalqı təmsil etməyi özümüzə borc bilib, 1875 əmanətinə layiq olmağı bacarmalıyıq. Axı həmin qələmlər bizə Zərdabinin əmanətidir.

Ruhun şad olsun dahi mətbuat fədaisi...

Rafiq TƏHMƏZ

Nəşr edilib : 28.06.2024 11:13