AZ EN RU

Məşqçi-müəllimlər üçün seminar

    Son illər Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının tərkibində fəaliyyət göstərən Bədii gimnastika bölməsi dövlət qayğısından yararlanaraq öz fəaliyyət dairəsini genişləndirib və muxtar respublikamızda qısa zaman çərçivəsində inkişaf edən idman növlərindən birinə çevrilib. Federasiyanın tabeliyində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman Klubu bu gün fəaliyyət dairəsini genişləndirərək Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Naxçıvan Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində, Naxçıvan şəhər, Şərur və Ordubad rayonlarının Uşaq-gənclər idman məktəblərində 7 qrupu yaradılıb. Hazırda bu qruplarda 200-dən artıq uşaq gimnastikanın sirlərinə öyrənir. Eyni zamanda Babək və Şahbuz rayonlarında da yeni qrupların yaradılması istiqamətində tədbirlər görülür.
    Bölmənin kadr potensialını formalaşdırmaq məqsədilə federasiya tərəfindən ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən və gimnastika müəllimi kimi fəaliyyət göstərən müəllimlər üçün seminarlar təşkil olunur, məşqçi-müəllimlərə sertifikatlar təqdim edilir. Həmçinin Bakı şəhərində keçirilən hakimlik və məşqçilik kurslarında iştirak edən bölmənin rəhbəri Humay Qafarova sertifikat və hakimlik vəsiqəsinə layiq görülüb. 
    Bölmənin məşqçi-müəllimlərinin bilik və bacarıqlarını daha da təkmilləşdirmək, ölkə və beynəlxalq dərəcəli məşqçilərin yetişdirilməsi, nəzəri və praktik biliklərinin genişləndirilməsi məqsədilə Naxçıvanda ilk dəfə olaraq kurslar təşkil edilib. Azərbaycan Gimnastika Federasiyasının məşqçi-müəllimi Züleyxa İsmayılova və xoreoqraf Sənan Mahmudlu tərəfindən keçiriləcək kurslara artıq start verilib. İyul ayının 27-dək davam edəcək kursda əməkdaşlara bədii gimnastika və xoreoqrafiya haqqında ümumi məlumatlar veriləcək, bədii gimnastika alətləri ilə məşqlər praktik olaraq həyata keçiriləcək. 

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 21.07.2022 20:15