AZ EN RU

Məşğulluq və əmək pensiyası haqqında qanunlara dəyişikliklərlə bağlı qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub

İyunun 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
Komitənin sədri Musa Quliyev iclasda “Məşğulluq haqqında” (birinci oxunuş) və “Əmək pensiyaları haqqında” (üçüncü oxunuş) qanunlara dəyişiklik edilməsi barədə qanun layihələrinin müzakirə olunacağını bildirib.
Əvvəlcə “Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Sənədin Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu diqqətə çatdıran komitə sədri yeni rəqəmsal texnologiyaların, xüsusilə süni intellektin sürətlə inkişafı fonunda bir sıra peşələrin sıradan çıxması, yenilərinin əmək bazarına daxil olması, həmçinin əhalinin məşğulluğu və işsizlik problemlərinin bütün dövlətlərin və cəmiyyətlərin qarşısında duran əsas problemlərdən olduğunu bildirib.
M.Quliyev deyib ki, təklif edilən dəyişikliklər sosial müdafiəyə ən çox ehtiyacı olan şəxslərin məşğulluq imkanlarının daha da genişləndirilməsi, bu sahədə mövcud hüquqi bazanın təkmilləşdirilməsi məqsədi daşıyır. Dəyişikliklər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması məqsədilə vəsaitlərin ayrılmasını da nəzərdə tutur.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev 2018-ci ilin iyununda qəbul edilmiş “Məşğulluq haqqında” Qanunun məşğulluq sahəsində bir sıra mütərəqqi və zamanın təxirəsalınmaz sosial tələblərindən irəli gələn normaları təsbit etdiyini, ötən altı ildə bütövlükdə 56 adda dəyişikliyi özündə ehtiva edən 14 qanun layihəsinin müntəzəm ardıcıllıqla parlament tərəfindən qəbul edildiyini bildirib.
Təqdim olunan qanun layihəsində iki maddə üzrə nəzərdə tutulan mahiyyət xarakterli dəyişikliklər barədə danışan şöbə müdiri bildirib ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə hər il üçün təsdiqlənən İşsizlikdən Sığorta Fondunun büdcəsində məqsədli proqramların həyata keçirilməsi, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması məqsədi ilə vəsaitlər ayrılır. Bununla belə, “Məşğulluq haqqında” Qanunda sözügedən tədbirlərin təşkili qaydaları ilə bağlı müvafiq tənzimləmə yoxdur. Təqdim edilən qanun layihəsində də məhz sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi ilə bağlı müddəalar əksini tapıb.
Əhalinin məşğulluğu ilə bağlı görülən işlərdən danışan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev dövlətimizin başçısı tərəfindən təsdiq olunmuş məşğulluq və sosial-iqtisadi inkişaf strategiyalarının icrasından söz açıb, bu sahədə həyata keçirilən müxtəlif proqramların əhəmiyyətini qeyd edib. O, son illər ərzində qəbul olunmuş “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” mühüm qanunların işsizlikdən sığorta mexanizmlərinin tətbiqini, fəal məşğulluq tədbirlərinin səmərəliliyinin artırılmasını, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizmlərinin formalaşdırılmasını, həmçinin məşğulluq xidmətlərinin yeni modelinin tətbiq olunmasını təmin etdiyini deyib.
Nazir müavini bildirib ki, nazirliyin Mərkəzləşmiş Elektron İnformasiya sistemində Məşğulluq altsistemi və Vakansiya bankı fəaliyyət göstərir və bu sahədə göstərilən bütün xidmətlər elektronlaşdırılıb. Son altı ildə həyata keçirilmiş islahatlar nəticəsində 545 min şəxs işlə təmin olunub, 131 mindən artıq şəxsin haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluğuna nail olunub, 80 minə yaxın şəxs özünüməşğulluq proqramlarına cəlb edilib. İndiyədək 27 mindən çox şəxs peşə hazırlığı keçib. Bu gün 130-a yaxın peşə hazırlığı mərkəzləri ilə əməkdaşlıq həyata keçirilir. Nazirliyin tabeliyində olan mərkəzlərin sayının 10-a çatdırılması nəzərdə tutulur. Təqaüd xərclərinin optimallaşdırılması hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına şərait yaradacaq.
Diqqətə çatdırılıb ki, hər iki dəyişiklik sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək bazarına çıxışını artırmaq məqsədi daşıyır. Bu dəyişikliklər qəbul ediləcəyi təqdirdə il ərzində əlavə olaraq 15 minə yaxın işsiz və iş axtaran şəxs fəal məşğulluq tədbirlərinə cəlb edilə bilər.
Gündəlikdə duran növbəti məsələ barədə məlumat verən Musa Quliyev bildirib ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda komitənin müzakirəsinə çıxarılıb. Qanun layihəsi ilə bağlı komitəyə heç bir təklif daxil olmayıb.
Müzakirələrdə komitənin sədr müavini Məlahət İbrahimqızı, üzvləri Vüqar Bayramov, Aqil Məmmədov, Jalə Əliyeva, Ziyad Səmədzadə, Sevinc Hüseynova, Əziz Ələkbərov və Rauf Əliyev təqdim olunan qanun layihələri ilə bağlı fikirlərini bildiriblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deputatların qaldırdıqları məsələlərə münasibət bildirib, onların suallarını cavablandırıblar.
Qanun layihələrinin hər ikisi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Tədbirdə komitənin üzvü İlham Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev də iştirak ediblər.

Nəşr edilib : 03.06.2024 18:57