AZ EN RU

Məşğulluq səviyyəsinin yüksəldilməsi əhali rifahının yaxşılaşmasına şərait yaradır

Dövlət proqramı icra olunur

    Dinamik sosial-iqtisadi inkişafa nail olmaq üçün mövcud əmək potensialından səmərəli istifadə, iqtisadi baxımdan aktiv əhalinin işgüzar fəallığının artırılması, əməyin sosial nöqteyi-nəzərdən effektiv təşkili başlıca şərtlərdən hesab olunur. Bu məqsədlər əsas götürülərək həyata keçirilən tədbirlər əhalinin etibarlı məşğulluğunun təmin olunmasına və rifahının yüksəldilməsinə şərait yaradır.

    Naxçıvan Muxtar Respublikasında məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə görülən işlər insan amilinin ön planda tutulmasını aydın şəkildə nümayiş etdirir. Əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə görülən işlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın mühüm rolu vardır. 
    Ötən il proqramın icrası ilə bağlı işlərin uğurla həyata keçirilməsi muxtar respublikada əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin etmişdir. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi yeni istehsal müəssisələrinin yaradılmasına və açılan iş yerlərinin sayının artmasına səbəb olmuşdur. Belə ki, 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən, ümumilikdə, 151 layihənin maliyyələşdirilməsinə 7 milyon 744 min 378 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu dövrdə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 157 istehsal sahəsinin yaradılması başa çatdırılmışdır. Yeni yaradılan istehsal sahələrində 660 iş yeri açılmış, 498 yeni iş yerinin açılması istiqamətində işlər isə davam etdirilmişdir.

    Muxtar respublikada yeni iş yerlərinin açılması əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, bu istiqamətdə mümkün zəruri tədbirlərin uğurla reallaşmasına da şərait yaradır. Təşkil edilən əmək yarmarkaları bu iş yerlərinin kadrlarla təmin olunmasına və işaxtaranların ixtisasına uyğun iş yeri seçməsinə imkan verir. Onu da qeyd etmək lazımdır ki, məşğulluq tədbirləri həyata keçirilərkən gənclərin və sosial cəhətdən qayğıya ehtiyacı olan cəmiyyət üzvlərinin maraqları xüsusi nəzərə alınır. Ötən il Dövlət proqramının icrası istiqamətində tətil günlərində işləmək istəyən 54 tələbə müvəqqəti və mövsümi işlərlə təmin olunmuşdur. Bu dövrdə 10 sosial qayğıya ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxs onlar üçün ayrılmış kvota yerlərinə işə göndərilmişdir. Bu kateqoriyadan olan şəxslərin dövlət və özəl müəssisələrdə işlə təmin edilməsi məqsədilə 2022-ci il üçün 64 kvota yeri müəyyən olunmuşdur. Kənd xidmət mərkəzlərində 8-i bərbər, 7-si bərbər-manikürçü və 4-ü dərzi olmaqla, 19 nəfər işlə təmin edilmişdir. İşaxtaranların sosial müdafiəsini gücləndirmək məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, keçirilən əmək yarmarkalarında 622 nəfərə müvafiq işlə təmin olunması üçün göndəriş verilmişdir. Ümumilikdə, 2021-ci ildə muxtar respublikada 2 min 972 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuşdur ki, onların 758-ni gənclər, 523-nü qadınlar, 76-nı isə sağlamlıq imkanları məhdud şəxslər təşkil etmişdir. 
    Əmək bazarının tələbinə uyğun əmək ehtiyatlarının formalaşdırılması məşğulluq siyasətinin məqsədlərindən biridir. Bu məqsədlə görülən işlər insan kapitalının inkişafına və bazarın peşəkar kadrlarla təmin olunmasına gətirib çıxarır. Ötən il Naxçıvan Regional Peşə Tədris Mərkəzində 7 peşə üzrə 14 kursa 264 nəfər cəlb edilmişdir ki, onlardan 129-u gənclər olmuşdur. Bu dövrdə Təhsil Nazirliyinin peşə təhsili müəssisələrində təşkil edilən peşə kurslarını 392-si gənc olmaqla, ümumilikdə, 1191 nəfər bitirmişdir. Qeyd olunanlarla yanaşı, proqramın icrası məqsədilə təsdiq olunmuş qrafik əsasında 7 min 430 yuxarı sinif şagirdinə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilmişdir. Çünki gənclərin bacarığına uyğun iş seçərkən bazarın tələbini nəzərə alması cəmiyyətdə əmək məhsuldarlığına müsbət təsir göstərən önəmli faktorlardandır.
    Dövlət proqramında nəzərdə tutulan sosial layihələrin davam etdirilməsinin mütərəqqi əhəmiyyəti vardır. Bu layihələrin uğurla reallaşdırılması sosial qayğıya ehtiyacı olan şəxslərin və ailələrin reabilitasiyası, onlar üçün özünütəminetmə imkanının yaradılması deməkdir. Ötən il muxtar respublikada 26-sı şəhid ailəsi olmaqla, 330 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin edilmişdir. Həmçinin əvvəlki dövrlərdə aktiv verilmiş sahələrdə monitorinqlər davam etdirilmiş, əlavə olaraq təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirən 2 şəxsə südsağan, 6 şəxsə otdoğrayan, 5 şəxsə isə arpa-buğdaqıran aqreqat verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı özünüməşğulluğu təmin etməklə yanaşı, həm də kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradır. Eyni zamanda özünüməşğulluq tədbirləri sırasında əhalinin aztəminatlı təbəqəsi aktiv əməyə cəlb edilir, dövlət tərəfindən bu kateqoriyadan olan ailələrə dəstək göstərilir”.
    2021-ci ildə qadınların məşğulluğunun təmin edilməsi, onların öz gəlirləri ilə ailə büdcəsinə dəstək olmaları istiqamətində sosial layihələrin icrası da davam etdirilmişdir. Bu məqsədlə sağlamlıq imkanları məhdud qadınlarla müqavilələr bağlanmış, onlar tərəfindən yundan toxunan 2 min 500 cüt corab, 2 min 200 jilet və 1000 boyunluq hərbi hissələrə təhvil verilmişdir. Həmçinin Novruz bayramı ərəfəsində bu sosial kateqoriyaya məxsus qadınların hazır­ladığı 1084 səməni bayram sovqatı ilə birlikdə sağlamlıq imkanları məhdud şəxslərə təqdim olunmuşdur. Ötən il 7 rayonda toxuculuq, 2 rayonda xalçaçılıq, 2 rayonda isə dekorativ-tətbiqi sənət sahəsi üzrə, ümumilikdə, 69 sosial qayğıya ehtiyacı olan və 123 sağlamlıq imkanları məhdud qadına təlimlər keçirilmişdir. Həmçinin “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi çərçivəsində maliyyə savadlılığı təlimləri təşkil olunmuşdur. Layihənin yekun tədbirində 26 qadına məşğulluqlarının təmin edilməsi üçün sərmayə kapitalı verilmişdir.
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə görülən işlər stimullaşdırıcı xarakter daşımışdır. Bu istiqamətdə Naxçıvan şəhəri və rayonlarda fəaliyyət göstərən əl işi mağazalarında, Naxçıvan Biznes Mərkəzində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil edilən göycə, arıçılıq və ailə təsərrüfatı məhsulları yarmarkalarında, eləcə də Heydər Əliyev Sarayında keçirilən sərgi satışlarda, ümumilikdə, 517 şəxsin 32 min 981 manat məbləğində           3 min 778 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur.
    İqtisadi fəaliyyətin özəyini təşkil edən istehsal və xidmət prosesinin keyfiyyətli təşkili üçün əməyin mühafizəsi əsas şərtlərdəndir. İşçilərlə əmək müqavilələrinin bağlanması, onlar üçün təhlükəsiz əmək şəraitinin yaradılması işgüzar fəallığa təkan verir ki, bu da iqtisadi artım üçün olduqca vacibdir. Proqramın icrası çərçivəsində ötən il qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə aparılan monitorinqlər zamanı 156 sahibkarlıq obyektində 276 işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiyi müəyyənləşdirilmişdir. İşçilərin əmək müqaviləsi bildirişlərinin müvafiq elektron informasiya sisteminə daxil edilməsinə dair işəgötürənlərə yazılı xəbərdarlıq edilmiş, bu xəbərdarlıqların icra müddətinin təmin olunması diqqətdə saxlanılmışdır. Yoxlamalar zamanı 83 obyektdə fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 248 işçi həmin vasitələrlə yerində təmin olunmuş, 92 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmışdır. Bununla yanaşı, “Əməyin mühafizəsi” adlı rüblük elektron jurnalın dərc olunması davam etdirilmişdir ki, burada da məqsəd işçilərin sosial müdafiəsinin təmin edilməsi olmuşdur. 
    Sağlam fəaliyyət şəraitində işləmək hüququnu təmin edən digər mühüm tədbir isə əməyin sığortalanmasıdır. Ötən il Dövlət proqramında nəzərdə tutulan tapşırığın icrası məqsədilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 34 min 484 nəfərlə sığorta müqaviləsi bağlanmışdır. 
    Əməkçi miqrantların qanunsuz əmək fəaliyyətinə cəlb edilməsinin və ixtisassız miqrantların əmək baza­rında iştirakının qarşısını almaq yerli əmək resurslarından effektiv istifadəyə şərait yaradır. Ötən il bu istiqamətdə maarifləndirici tədbirlər davam etdirilmiş, haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən 205 əcnəbiyə iş icazəsi ilə bağlı rəy verilmişdir. Bu dövrdə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 5 əcnəbi aşkarlanmış və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülmüşdür.
    Qeyd olunanlar deməyə əsas verir ki, Naxçıvanda əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması işi və müvafiq Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası yeni nailiyyətlərlə davam edir.

“Şərq qapısı”

Nəşr edilib : 18.02.2022 22:03