AZ EN RU

Məşğulluğun artırılması sosial siyasətin əsasını təşkil edir

    Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların mərkəzində insan amili, əhalinin məşğulluğunun və rifahının yüksəldilməsi dayanır. Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişaf etdirilməsi və əlverişli işgüzar mühitin yaradılması məqsədilə həyata keçirilən tədbirlər yeni iş yerlərinin açılmasına, əhalinin maddi rifahının yaxşılaşdırılmasına, məşğulluğun təmin olunması və gəlirlilik səviyyəsinin yüksəldilməsinə səbəb olur. Bu tədbirlərin davamlı xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın mühüm əhəmiyyəti vardır. 

    Proqramın icrası ilə bağlı görülən işlər cari ilin ilk yarısında da diqqət mərkəzində olmuş, sahibkarlığın inkişafına dövlət dəstəyi və yeni iş yerlərinin açılması ilə bağlı tədbirlər davam etdirilmişdir. Belə ki, yanvar-iyun aylarında mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən, ümumilikdə, 80 layihənin maliyyələşdirilməsinə 6 milyon 212 min 300 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu dövrdə muxtar respublikada yerli xammala əsaslanan 6 istehsal sahəsinin yaradılması, 3 istehsal sahəsinin genişləndirilməsi, 2 istehsal sahəsinin bərpası başa çatdırılmış, 13 istehsal sahəsinin yaradılması və 7 istehsal sahəsinin genişləndirilməsi davam etdirilmişdir. Ümumilikdə, dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 90 layihə üzrə işlər başa çatdırılmışdır ki, bu da həmin sahələrdə 267 iş yerinin açılması ilə nəticələnmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Son illər muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait iqtisadiyyatın dinamik inkişafını təmin etməklə yanaşı, iş yerləri də açılmış, əhalinin məşğulluğu və rifahı yüksəlmişdir...” 

    Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərdən biri də özünüməşğulluq proqramıdır. Proqram çərçivəsində verilən aktivlər aztəminatlı ailələrin dövlət dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmasına və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaradır. Dövlət pro­qramında bu istiqamətdə nəzərdə tutulan tapşırıqların icrası birinci yarım ildə də davam etdirilmiş, ümumilikdə, 182 sosial qayğıya ehtiyacı olan     ailənin özünüməşğulluğu təmin olunmuşdur. Onlar içərisində 10 ailə başçısını itirmiş, 11 nikahı pozulmuş,   5 cəzaçəkmə müəssisəsindən azad edilmiş, 1 Vətən müharibəsində itkin düşmüş, 85 sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxs, eləcə də 21 qazi, 20 şəhid ailəsi və 1 çoxuşaqlı ailə qeydə alınmışdır. Proqrama cəlb edilən 88 ailənin hər birinə 2 baş iribuynuzlu, 43 ailənin hər birinə 20 baş xırdabuynuzlu heyvan, 12 ailənin hər birinə 10 yeşik arı ailəsi, 19 ailəyə miniyerşumlayan, 6 ailəyə otbiçən, 1 ailəyə südsağan aqreqat, 1 ailəyə təmir-tikinti,              1 ailəyə dülgər, 2 ailəyə qaynaqçı,   1 ailəyə bərbər, 1 ailəyə bərbər-manikürçü, 1 ailəyə unlu və qənnadı məmulatlarının hazırlanması üçün avadanlıq və ləvazimatlar, 4 ailəyə inkubator və quş tükü təmizləyən aparat, 2 ailəyə su motoru verilmişdir. Əlavə olaraq, əvvəlki dövrdə aktiv verilən ailələrə məxsus təsərrüfatlarda monitorinqlər aparılmış və nümunəvi fəaliyyət göstərən 1 ailəyə otdoğrayan, 5 ailəyə arpa-buğdaqıran aqreqat təqdim olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanan memorandum çərçivəsində       9 ailənin hər birinə dərzi, 2 ailənin hər birinə kiçik dəmirçi sexi üçün avadanlıqlar və ləvazimatlar, 3 ailənin hər birinə heyvandarlıq sahəsi üzrə canlı aktivlər və yem ehtiyatı, 2 ailə­nin hər birinə avtomobil şinlərinin bərpası və təmiri, 1 ailəyə avtoçilingər xidmətlərinin göstərilməsi, 1 ailəyə kiçik fotoatelye üçün avadanlıqlar, 1 ailəyə telefon təmiri, 1 ailəyə bərbər-manikürçü, 3 ailənin hər birinə kiçik dülgər sexi avadanlıqları, 1 ailə­yə miniyerşumlayan aqreqat və qoşqu, 1 ailəyə isə musiqi alətləri verilməklə, ümumilikdə, 25 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin edilmişdir.
    Həmçinin sosial tərəfdaş qismində muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən sosial qayğıya ehtiyacı olan 9 ailənin hər birinə 2 baş iribuynuzlu, 9 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 2 ailənin hər birinə isə 10 yeşik arı ailəsi verilməklə, ümumilikdə, 20 ailənin özünüməşğulluğu təmin olunmuşdur.
    Dövlət proqramında nəzərdə tutulan aktiv məşğulluq tədbirlərinin reallaşdırılması işaxtaran və işsiz şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinə və onların məşğulluğunun təmin olunmasına imkan verir. Bu şəxslərin peşə bacarıqlarına, əmək vərdişlərinə və öz seçimlərinə uyğun iş yerləri ilə təmin olunmasında aktiv məşğulluq tədbiri kimi əmək yarmarkalarının xüsusi rolu vardır. Birinci yarım ildə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə bu qəbildən olan tədbirlərin təşkili davam etdirilmiş, muxtar respublikanın şəhər və rayonlarında keçirilən əmək yarmarkalarında 215 şəxsə müvafiq işlə təmin olunması üçün göndəriş verilmişdir. Bütövlükdə, bu dövrdə məşğulluq orqanları tərəfindən 1313 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuşdur ki, onlar içərisində gənclərin sayı 307, qadınların sayı isə 304 olmuşdur.
    Cari ilin ilk yarısında məşğulluq orqanları tərəfindən işlə təmin olunanların 18-ni sağlamlıq imkanları məhdud şəxslər təşkil etmişdir ki, bu da həmin şəxslərin məşğulluq imkanlarından istifadənin xüsusi diqqətdə saxlanılmasından xəbər verir. Bu sosial kateqoriyaya məxsus şəxslərin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər onların cəmiyyətə inteqrasiyasını sürətləndirir. Dövlət proqramının icrasına uyğun olaraq birinci yarım ildə sağlamlıq imkanları məhdud 26 qadınla bağlanmış müqavilə əsasında isti qış geyimlərinin toxunuşuna başlanılmışdır. Həmçinin bu dövrdə Babək, Ordubad, Kəngərli, Culfa və Sədərək rayonlarından 31 sosial qayğıya ehtiyacı olan və 48 sağlamlıq imkanları məhdud qadına dekorativ-tətbiqi sənət sahəsi üzrə bədii tikmə və xalçaçılıq peşəsi üzrə təlimlər keçirilmişdir. 
    Dövlət proqramında özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Tapşırığın icrası məqsədilə birinci yarım ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 50 şəxsin 2600 manat dəyərində 598, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 183 şəxsin 10 min manat dəyərində 1201 əl işinin satışı təmin edilmişdir. 
    İşaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun peşə kurslarına cəlb olunması onların məşğulluğunun təmin edilməsində rol oynayan digər mütərəqqi tədbirlərdəndir. Bu kurslarda təhsil alanların öz bacarıqlarına uyğun peşələrə yiyələnmələri həmin şəxslərin əmək bazarına daha tez inteqrasiya olunmalarına gətirib çıxarır. Dövlət proqramının icrasına uyğun olaraq cari ilin birinci yarısında müxtəlif peşələr üzrə Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilən 8 kursa 131, Təhsil Nazirliyinin peşə təhsili müəssisələrində təşkil edilən 13 kursa 268 nəfər cəlb olunmuşdur. Həmçinin bu dövrdə ümumtəhsil məktəblərinin 2046 yuxarı sinif şagirdinə müxtəlif peşə və ixtisaslar barədə məlumatlar verilmişdir ki, bu da onların gələcəkdə əmək prosesinə qoşularkən düzgün seçim etmələri üçün mühüm əhəmiyyət kəsb edir. 
    Proqramda işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunmasına yönələn tədbirlərlə yanaşı, məşğul şəxslərin əməyinin mühafizəsi ilə bağlı tapşırıqlar da nəzərdə tutulmuşdur. Çünki sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması iş yerlərində işgüzar fəallığın və məhsuldarlığın yüksəlməsi baxımından olduqca vacibdir. Bu istiqamətdə cari ilin ilk yarısında işçilərin əməyinin mühafizəsi səviyyəsinin müəyyən olunması məqsədilə 65 obyektdə yoxlama aparılarkən fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 133 işçi həmin vasitələrlə yerində təmin edilmiş, 64 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmışdır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta üzrə 34 min 760 nəfərlə müqavilə bağlanması isə işçilərin sağlam əmək şəraitində işləmək hüququnun təmin olunmasına yönələn digər mühüm tədbir kimi diqqəti cəlb etmişdir. 
    Həmçinin bu dövrdə sığorta müqavilələrinin bağlanmasının təmin edilməsi ilə eyni vaxtda qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə əmək müqavilələrinin bağlanmasına nəzarət də davam etdirilmişdir. İşəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi və əmək münasibətləri iştirakçılarının hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətli istehsal və xidmət prosesinin təmin edilməsinə şərait yaratmışdır. Belə ki, birinci yarım ildə aparılan monitorinqlər zamanı 53 obyektdə 118 işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiyi müəyyən olunmuş, onların əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsinə dair işəgötürənlərə yazılı xəbərdarlıq edilmişdir.
    Daxili əmək bazarının qorunması zərurəti əmək miqrasiyası proseslərinin tənzimlənməsini də aktuallaşdırır. Əcnəbilərin iş icazəsi almadan əmək prosesinə qoşulması yerli əmək ehtiyatlarından səmərəli istifadəni çətinləşdirir. Ona görə də Dövlət proqramında əməkçi miqrantların çalışdıqları iş yerlərində müvafiq statusa və iş icazəsinə malik olmalarına, onların əmək fəaliyyətlərinin qanuniliyinə nəzarət edilməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Tapşırığın icrası məqsədilə cari ilin yanvar-iyun aylarında muxtar respublikada haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün 99 əcnəbiyə iş icazəsi ilə bağlı rəy verilmişdir. Həmçinin bu dövrdə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 2 əcnəbi aşkarlanmış və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülmüşdür.

“Şərq qapısı”

Nəşr edilib : 17.08.2022 17:19