AZ EN RU

Meşə yanğınlarına qarşı etibarlı mühafizə sistemi qurulub

 

    Muxtar respublikada ekoloji məsələlər prioritet istiqamət kimi diqqətdə saxlanılır, mövcud yaşıllıqların qorunması məqsədilə yanğından mühafizə tədbirlərinə ciddi əməl edilir, bu sahədə fəaliyyət gücləndirilir. Bu tədbirlərin davamı olaraq muxtar respublikanın bir sıra bölgələrində baş verə biləcək potensial yanğın riskinə qarşı tədbirlər görülüb, ilkin müdaxilə üçün məntəqələr yaradılıb.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Ordubad rayonu ərazisindəki meşələr üçün Nürgüt kəndində, Şərur rayonundakı Qaraquş meşəsi üçün Tənənəm kəndində, Şahbuz rayonu ərazisindəki Biçənək meşə sahələri üçün Zəngəzur Milli Parkı ərazisində və Culfa rayonu ərazisindəki meşələr üçün Ləkətağ kəndində məntəqələr yaradılıb və müasir yanğınsöndürmə vasitələri ilə təchiz edilib.

    Məntəqələrin hər biri motorlu su nasosu, 200 metr uzunluğunda 50 diametrlik yanğınsöndürmə şlanqı, 6 ədəd 20 litrlik su tutumu olan suçiləyici avadanlıqlarla təmin edilib. Bu avadanlıqlar həmin ərazilərdəki meşə və meşəətrafı sahələrdə baş verə biləcək yanğınların dərhal qarşısının alınmasına təminat verir.
    Bundan başqa, bu günlərdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları tərəfindən Ordubad rayonu ərazisindəki Bist Dövlət Meşəsinə təhvil verilən texniki vasitələr yoxlanılıb, baş verə biləcək yanğın zamanı ilkin müdaxilə məqsədilə təlim keçirilib. Yaxınlıqdakı su mənbələri barədə məlumat verilib, texniki vasitələrin istifadə qaydası izah edilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.08.2022 19:19