AZ EN RU

Mərkəzləşdirilmiş dispetçer xidmətinin təqdimat mərasimi keçirilib

    “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin iclas zalında cəmiyyətlə “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” Publik Hüquqi Şəxsin birgə hazırladıqları mərkəzləşdirilmiş dispetçer xidmətinin təqdimat mərasimi olub. Tədbirdə publik hüquqi şəxsin direktoru Əli Hüseynəliyev çıxış edərək bildirib ki,  muxtar respublika rəhbərinin tapşırığına əsasən ictimai nəqliyyatda əhaliyə göstərilən sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsi, eləcə də operativ və keyfiyyətli fəaliyyətin təmin edilməsi məqsədilə innovasiyaya əsaslanan elektron dispetçer xidməti yaradılıb. 
    Qeyd edilib ki, mütərəqqi yeniliklərin və innovativ sistemlərin tətbiq edildiyi xidmətin qurulması üçün 2 kompüter dəsti ayrılıb, şəhərdaxili marşrut xətlərində dayanacaqlararası məsafələr ölçülərək dəqiqləşdirilib, marşrut xəritələri işlənərək yenilənib, marşrutda olan nəqliyyat vasitələrinə “Naxtel” GPS izləmə sistemi quraşdırılıb, sürücülərlə bu işin mahiyyəti barədə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılıb. 
    Əli Hüseynəliyev vurğulayıb ki, mərkəzləşdirilmiş dispetçer xidmətinin işə salınması özü ilə bir sıra üstünlüklər gətirərək həm sərnişinlərin, həm də sürücülərin rahatlığına və təhlükəsizliyinə xidmət edəcək.     Tədbirdə “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Kamil Yusifov cəmiyyətin fəaliyyəti, bir sıra təşkilatlarla əməkdaşlığı barədə məlumat verib. Bildirib ki, 288 taksi xidmətinin şəbəkə təminatı da “Naxtel” şirkəti tərəfindən həyata keçirilir. Səs, SMS və data xidmətlərini əhatə edən mobil rabitə ilə yanaşı, GPS Monitorinq Xidmətləri və Toplu SMS xidmətləri də abunəçilərə və təşkilatlara xidmət göstərməkdədir. Yeni istifadəyə veriləcək dispetçer nəzarəti xidməti cəmiyyətlə “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” Publik Hüquqi Şəxsin birgə əməkdaşlığının nəticəsi olaraq ərsəyə gəlib. Yeni xidmət vasitəsilə avtobus xəttində istifadə olunan nəqliyyat vasitələrinə GPS nəzarəti “Naxtel”in GPS monitorinq sistemi vasitəsilə həyata keçiriləcək. GPS monitorinq sistemində publik hüquqi şəxsin istəklərinə uyğun olaraq bir sıra yeni həllər yaradılıb və istifadəyə verilən dispetçer xidmətində tətbiqi nəzərdə tutulub.
    Sonra “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin billinq üzrə mütəxəssisi Cavad Paşayev və “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” Publik Hüquqi Şəxsin əməkdaşı Tahir Məmmədov mərkəzləşdirilmiş dispetçer xidmətinin fəaliyyəti və iş prinsipi barədə ətraflı məlumat veriblər.

 Nail ƏSGƏROV

Nəşr edilib : 30.03.2022 19:35