AZ EN RU

Mərkəzi Seçki Komissiyasının yeni veb-saytı təqdim edilib

    Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının akt zalında komissiyanın yeni veb-saytının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə komissiyanın sədri Əjdər Əliyev açaraq “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Ali Məclis Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının əhəmiyyətindən danışıb.
    Komissiya sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən hazırlanmış www.msk.nakhchivan.az domen adı ilə fəaliyyət göstərəcək yeni internet saytı öz funksionallığı, sürətli keçidlər, sosial şəbəkələrə inteqrasiyası, daha rahat istifadə imkanları ilə seçilir. Bundan başqa, müvafiq bölmələrdə zəruri informasiyalar verilməklə, daha təfərrüatlı informasiya alınması üçün keçidlər yerləşdirilib. “Faydalı linklər” bölməsində “Seçkilər” İnformasiya Mərkəzinin internet səhifəsinə keçid verilib. Bu sayt vasitəsilə seçkilər zamanı muxtar respublikanın seçiciləri seçki məntəqələrinə getmədən də öz adlarını, seçki məntəqələrini və ünvanlarını asanlıqla tapa bilərlər.
    Tədbir iştirakçılarını saytla tanış edən Mərkəzi Seçki Komissiyasının şöbə müdiri Əli Qədimov bildirib ki, internet saytının yuxarı sağ küncündə komissiyanın sosial şəbəkələrinə keçidlər təmin olunub. Ana menyu 5 bölmədən ibarətdir. “MSK” bölməsində Mərkəzi Seçki Komissiyası haqqında ətraflı məlumat verilib. Həmin bölmədə MSK-nın hazırda fəaliyyətdə olan üzvləri və onların seçilməsi haqqında qərarlar da yer alıb. “Mətbuat xidməti” bölməsinə mütəmadi olaraq yenilənən xəbərlər, foto və videoqalereya, həmçinin hesabatlar daxil edilib. “Seçkilər” bölməsində 2005-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş növbəti, növbədənkənar və əlavə seçkilərlə əlaqədar ətraflı məlumatlar yer alıb. “Hüquqi aktlar” bölməsində isə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq qanunvericiliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktları yerləşdirilib. “Əlaqə” bölməsi elektron müraciətlər və əlaqə vasitələrindən ibarətdir. 
    Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının dizayn, quruluş və məzmun baxımından müasir tələblər səviyyəsində təkmilləşdirilən internet səhifəsi domenə bağlı e-poçt adresləri ilə təmin olunub. Saytın optimizasiyası (SEO-Search Engine Optimization), axtarış sistemlərinə uyğunlaşdırılması, SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması üçün zəruri texniki tədbirlər həyata keçirilib. Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. 

Naxçıvan Muxtar Respublikası Mərkəzi 
Seçki Komissiyasının mətbuat xidməti

Nəşr edilib : 03.03.2022 20:28