AZ EN RU

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

İyulun 1-də Əjdər Əliyevin sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Əvvəlcə MSK sədri Komissiya üzvlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 iyun 2024-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında” Sərəncamı ilə tanış edib və bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı ilə seçkilər 2024-cü il sentyabrın 1-nə təyin olunub.

Sonra Ali Məclisə seçkilərlə əlaqədar qanunvericilikdə nəzərdə tutulan tədbirlərin sistemli, ardıcıl və keyfiyyətlə gerçəkləşdirilməsi, habelə seçki iştirakçılarına metodiki köməklik göstərilməsi və onların fəaliyyətlərinin daha da sadələşdirilməsi məqsədi ilə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı Komissiya üzvləri tərəfindən müzakirə olunaraq təsdiq edilib.

Daha sonra Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində 45 seçki dairəsinin yaradılması, onların sxemi, qrafik təsviri və hüdudlarının müəyyən olunması üzrə komissiyanın təklifləri müzakirə edilib.  MSK sədrinin müavini, seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın sədri Xatirə İbrahimli muxtar respublika üzrə yaradılması nəzərdə tutulan 45 seçki dairəsinin hüdudlarına dair hazırladıqları təklifləri, həmçinin hər bir seçki dairəsinin mərkəzi və seçicilərinin sayı barədə komissiya üzvlərini məlumatlandırdı. MSK üzvləri hazırlanmış təklifin "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanunun 27-ci maddəsinə tam uyğun olduğunu qeyd etdilər və seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış komissiyanın verdiyi rəyə uyğun olaraq 45 seçki dairəsinin qrafik təsvirinin təsdiq edilməsi üçün səsə qoyulmasını təklif etdilər. Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri təklif olunan qaydada səsə qoyularaq yekdilliklə qəbul edildi.

İclasda qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb və 5 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılmasına qərar verilib. Seçki qanunvericiliyinin  tələblərinə uyğun olaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə olunub.

Komissiyanın iclasında, həmçinin deputatlığa namizədliyin qeydə alınması məsələsinə MSK-da baxılması zərurəti yarandığı halda müvafiq sənəd və məlumatların yenidən yoxlanılması məqsədilə Komissiya nəzdində aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət İşçi qrupu yaradılıb və MSK-nın üzvü İşçi qrupunun rəhbəri təyin olunub.

Naxçıvan Muxtar Respublikası

Mərkəzi Seçki Komissiyasının

Mətbuat Xidməti

Nəşr edilib : 01.07.2024 16:27