AZ EN RU

Mərhum şair Hüseyn Fərəcoğlunun yeni nəşrdən çıxmış kitablarının təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunda Təbiət və incəsənət fakültəsinin təşkilatçılığı ilə Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan mərhum şair Hüseyn Fərəcoğlunun yeni nəşrdən çıxmış kitablarının təqdimatı keçirilib.

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov  bildirib ki, doğma Naxçıvanın köklü nəsillərindən birində anadan olan Hüseyn Fərəcoğlu əməksevər, zəhmətkeş bir insan olmaqla yanaşı, həm də öz işi ilə fəxr edib. Bu zəhmətkeş insan 30 ildən artıq yaradıcılıqla məşğul olub. Onun oxunaqlı lirik və satirik şeirləri, təmsilləri və poemaları var. Amma onun zəngin bədii yaradıcılığı, demək olar ki, çox az nəşr olunub. Belə ki, istedadlı şair Hüseyn Fərəcoğlunun yaradıcılığının öyrənilməsi, nəşri və təbliği sahəsində qiymətləndirilə bilən bu addım həm də özünəməxsus bir epoxanı, onun mahiyyəti və mənzərəsini, Naxçıvan ədəbi mühitini öyrənmək baxımından da əhəmiyyətli və dəyərlidir.

Tədbirin  gedişi zamanı Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar, Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyat  kafedrasının professoru,  filologiya elmləri doktoru Sədaqət Həsənova və mərhum şairin ailəsi adından çıxış edən Naxçıvan Dövlət Universitetinin professoru, “Sevinc – Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla sintezin inkişafına dəstək” ictimai birliyinin təsisçisi Sevinc Abbasova da məhrum şair haqqında öz xatirələrini bölüşüb.

Sonra institutun tələbələrinin qiraətində şairin şeirləri səsləndirilmişdir.

Bülbül QULİYEVA

Nəşr edilib : 11.06.2024 17:12