AZ EN RU

Mərasim evlərinin fəaliyyəti hüzn mədəniyyətimizin formalaşdırılmasına xidmət edir

     Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, dini-mədəni dəyərlərimizə qayğı və ehtiramın bu gün də uğurla davam etdirildiyini vurğulayaraq demişdir: “Dini-mənəvi dəyərlər hər bir mütərəqqi cəmiyyət üçün vacib sahədir. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında da dahi şəxsiyyətin müəyyənləşdirdiyi dövlət-din münasibətləri ardıcıl şəkildə həyata keçirilmiş, 169 məscid tikilərək və yaxud yenidən qurularaq istifadəyə verilmiş, Nuh Peyğəmbərin türbəsi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi və 3 imamzadə bərpa olunmuşdur. Hazırda muxtar respublikada 214 məscid vardır. Dindarların biliklərinin artırılması sahəsində də işlər görülmüş, 407 din xadiminə vəsiqə verilmişdir. Mövcud dini-mədəni irsin və görülən işlərin nəticəsi olaraq Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir”.

    Qədim diyarımızda əsrlərboyu yaşadılan adət-ənənələr içərisində matəm mərasimlərinin təşkili özünəməxsus yerə malikdir. Naxçıvanda iqtisadi və mənəvi inkişafla yanaşı, dini-mənəvi dəyərlərin qorunmasına, yeni məscid və mərasim evlərinin tikilməsinə mühüm əhəmiyyət verilir. Artıq uzun illərdir ki, yurdumuzda yas mərasimləri zamanı israfçılığa yol verilməməsi, dini qaydalara riayət edilməsi ölkə səviyyəsində də nümunəyə çevrilib. Muxtar respublikamızın şəhər və kəndlərində dövlət tərəfindən inşa edilən mərasim evləri ilə bərabər, sakinlərin, yerli iş adamlarının, şəhid yaxınlarının öz vəsaitləri hesabına tikdirdiyi mərasim evləri yas mədəniyyətini daha yaxşı səviyyəyə gətirmək, sakinlərin həmin günlərdəki işlərini asanlaşdırmaqla bərabər, kənd və şəhərlərin hüsnünə gözəllik də qatır. Mərasim evlərinin milli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla və yüksək zövqlə inşa edilməsi sevindirici haldır. Muxtar respublikamızın ən böyük rayonu olan Şərurda şəhər mərkəzində və kəndlərdə bu cür mərasim evlərinin inşasına uzun illərdir, başlanıb. Rayon mərkəzində tikilmiş mərasim evinin açılışında Ali Məclisin Sədri demişdir: “...Şərur şəhərində yeni mərasim evi istifadəyə verilir. Binada yas mərasimlərinin keçirilməsi ilə yanaşı, həm də rayon dini icması üçün lazımi şərait yaradılmışdır. Mərasim evlərinin tikintisi üçün iş adamları və sakinlər tərəfindən göstərilən təşəbbüs dövlət tərəfindən dəstəklənir, şərait yaradılır, köməklik göstərilir. Bütün bunlar da ölkəmizdəki inkişafın, sabitliyin və dövlət-xalq birliyinin nəticəsidir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, dini dəyərlərimiz qorunub saxlanılmalıdır”.
    Şərur Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Kamal İsmayılov bildirir ki, dini qurumlarla işin təşkili diqqət göstərilən sahələrdən biridir və din adamlarımız dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Bütün bunlarla yanaşı, Şərurda mərasim evlərinin tikintisi də diqqətdə saxlanılır. Rayonda, ümumilikdə, 39 mərasim evindən istifadə olunur ki, onun 7-si məscid binasında yerləşir. Hazırda rayonun Çomaxtur, Yengicə, Mahmudkənd, Sərxanlı, Muğancıq-Müslüm, Diyadin, Qarxun, Yeni Havuş kəndlərinin hər birində bir, Danyeri kəndində isə iki olmaqla, 10 mərasim evi inşa edilir. İbadulla kəndindəki mərasim evi sakinlərin köməyi və dövlət dəstəyi ilə inşa edilib. Kənd sakini, 97 yaşlı Dilbər Məmmədova ilə həmsöhbət oluruq: – Bu dünya gəlimli-gedimli dünyadır. Bir gün gələn bir gün də köçür, gedir əbədi mənzilinə. İnsanların bu dünyada miras qoyub getdikləri, ancaq savab işlər olarsa, onun dalınca rəhmət oxunur. Dinimizdə də buyurulub ki, hər kim ki körpü salır, su, yol çəkir, məscid tikdirir, böyük savab qazanmış olur. Elə mərasim evlərinin tikilməsi də bu savab işlərdəndir. Artıq illərdir ki, minarələrimizdən yüksələn azan səsi ruhumuzu sakitləşdirir. Sovetlər dövründə bax bu küçəmizdəki məscidə girib ibadət etməyə imkan vermirdilər. Buranı buğda anbarına çevirmişdilər. İllər sonra dövlətimiz öz müstəqilliyini qazandı. Ötən illərdə xalqımız dini dəyərlərimizi unutmamış, onları gizlin-gizlin qoruyub saxlamışdır.
    Müsahibim əvvəllər yas mərasimlərinin təşkil edilməsinin çətinliklərindən danışır: – Əvvəllər yas mağarının gətirilib qurulmasından sökülüb aparılmasınadək kənd camaatı soyuq qış, isti yay, yağışlı  payız günlərdə xeyli əziyyətə qatlaşmalı olurdu. Yaxından-uzaqdan gələn qonaqların qarşılanıb yola salınması isə belə şəraitsiz yerdə imkansız olurdu. Qonum-qonşudan  toplanılmış qab-qacağın yenidən yiyəsinə verilməsi də ayrıca bir məşəqqət idi. İsti yay günlərində istidən, soyuq və yağıntılı payız-qış mövsümlərində isə soyuq yağışın, qarın səbəbindən dözülməz şəraitdə keçirilən yas mərasimləri çoxumuzu xəstə edir, yatağa salırdı. Yas yiyəsi bilmirdi ki, itirdiyi yaxınının acısına yansın, yoxsa bu şəraitsizliyə. İndi, şükür Allaha, dövlətimiz hər cür şərait yaradıb. Nənə, xüsusilə vurğulayır ki, yas mərasimlərində süfrə mədəniyyətinə də diqqət yetirilir:
    – Əvvəllər doğmasını itirənlər mərhuma verəcəyi ehsanın xərclərini necə qarşılayacağını düşünməkdən “başını itirir”di. Çətin vaxtlarımızda ərzaqlar qıt olsa da, ordan-burdan tapıb mütləq süfrəni min cür naz-nemətlə bəzəməli idik. “Görən nə deyər, filankəsin anası rəhmətə gedəndə üç cür yemək verdi, biz belə etməsək, yaxşı olmaz”, – deyə borca girər, mərhumun yasından sonra uzun müddət borc ödəyərdik. İllər keçdikcə, belə məclislərin təşkilinə, həm də israfçılığa son qoyuldu...
    Rayon kimi gənc olsa da, tarixi qədim olan Kəngərli rayonunda da qədim adət və ənənələrimiz yaşadılır. Rayonun kəndlərində və Qıvraq qəsəbəsində, ümumilikdə, 18 mərasim evi inşa olunub. Onu da qeyd edim ki, təkcə Qarabağlar kəndində 9 mərasim evi var. Hazırda rayonun Yurdçu, Böyükdüz, Çalxanqala və Xok kəndlərində mərasim evlərinin tikintisi aparılır. Kəngərli rayonu imamı, Qarabağlar kənd sakini, ziyalı Mirtofiq Seyidovla həmsöhbət oluruq:
    – Bu gün muxtar respublikada dövlət-din münasibətlərinin inkişafı sahəsində görülən işlərin nəticəsidir ki, dini-mənəvi dəyərlərimiz qorunur, sağlam dini-ideoloji təbliğat işi aparılır. Yas mərasimləri müvafiq Dini Qurumlarla İş üzrə Dövlət Agentliyindən sertifikat almış, təhsilli din xadimləri tərəfindən aparılır ki, bu da təqdirəlayiq addımlardandır. Bu gün din xadimləri xüsusi geyim formaları ilə təmin edilib, dini icmalara xidməti avtomobillər təqdim olunub. Bir sözlə, mərasimlərin dini qaydalara uyğun təşkil edilməsi dini mövhumatçılıq və xurafata yol açmır, insanlar radikal və dini nifrət yayan cərəyanlardan uzaqdırlar. Kəngərli gənc rayon olsa da, yaradılışı qədim dövrlərə gedib çıxır. Biz rayon sakinləri ilə birlikdə bütün milli-dini adət-ənənələrimiz kimi, yas mərasimlərinin də qaydalara uyğun şəkildə keçirilməsinə çalışırıq. Bu xüsusda mərasim evlərinin inşasını vurğulamaq yerinə düşər. Dövlət dəstəyi ilə bərabər, yerli sakinlər burada dünyaya gəlib başqa yerlərdə yaşayan iş adamları öz kəndlərində bu cür tikililər inşa etdirir.
    Müsahibim onu da deyir ki, bu mərasim evlərinə yemək, çay süfrələri üçün lazım olan ləvazimatlar da alınır. İstilik sistemi quraşdırılır. Bir sözlə, mərasimlərin rahat şəkildə yola verilməsi üçün şərait yaradılır. Mirtofiq Seyidov yurdumuzda məzarlıqlarla bağlı da danışır, bildirir ki, yas mərasimlərindəki israfçılığa son qoyulduğu kimi, məzarlıqların da səliqə-sahmanına diqqət edilir, məzarlar götürüləndə şöhrətpərəstliyə yol verilmir. Əvvəllər bir çoxlarının yaxınlarının məzarlarını şöhrətpərəstlik ucbatından daha bahalı daşlarla götürməsi, qəbirüstü abidələrin qoyulması hallarına çox rast gəlirdik. Yaxınlarını ziyarətə gələn insanların qəbir çəpərlərinin arasından keçməsi müşkül bir iş olmuşdu. Xeyirxah, dünyagörmüş insanlarımızın təşəbbüsü ilə məzarlıqlar ümumi bir dəmir çəpərə salındı. Artıq məzarların  standart ölçüyə malik qəbir daşları ilə götürülməsi adət halını alıb. Bu addım sakinlər tərəfindən yüksək qiymətləndirilir. Çünki bu addım insanları lüzumsuz xərclərdən xilas etməklə bərabər, məzarlıqda fərqliliyə son qoydu.
    Yurdumuzun alınmaz qalası Sədərək rayonunda da mərasim evlərinin tikintisi və yas mərasimlərinin qaydalara uyğun olaraq keçirilməsi hər zaman diqqətlə əhatə olunur. 
    Rayonun Sədərək kənd sakini Abdulla Sadiqov deyir ki, Sədərək rayonunun Dəmirçi, Sədərək kəndlərində tikilməkdə olan mərasim evi sakinlərin yas mərasimlərini rahat keçirmələrinə şərait yaradacaq. Burada geniş və işıqlı zallar fəaliyyət göstərəcək. 
    Müsahibim qeyd edir ki, indi dünyasını dəyişmiş şəxsin yaxınları nə çadır, nə qab-qacaq, nə də hüzr yerində istilik yaratmaq üçün odun-ocaq dalınca qaçır. Mərasim evlərindən istifadə də ödənişsizdir. Bu evlər qazanc yox, xeyirxahlıq, humanistlik, alicənablıq məqsədilə tikilib. Müsahibim, xüsusilə vurğulayır ki, diyarımızda yas mərasimlərinin keçirilməsinin xüsusi qaydalar əsasında görülməsi təqdirəlayiq haldır. Yasın sadə şəkildə təşkili, məzarların bir ölçüdə olması hamı tərəfindən yüksək qiymətləndirilir. Həmsöhbətim onu da bildirir ki, rayondakı Şəhidlər xiyabanının Vətən müharibəsindən sonra yenidən qurulub bərpa edilməsi şəhid ailələrinin dövlətə minnətdarlıq hissini daha da artırıb. Belə ki, 90-cı illərdə Sədərək döyüşlərində canından keçənlərin məzarları yenidən qurulub, onların məzar daşları yeniləri ilə əvəz edilib. 

    Muxtar respublikamızda dini dəyərlərin qorunub saxlanılması istiqamətində görülən işlər, dini dəyərlərimizin olduğu kimi insanlara çatdırılması bu sahədə əsaslı dönüş yaratdı. Bütün bunlara nail olunmaqla müqəddəs kitabımız olan “Qurani-Kərim”də buyurulan əməllərə bir daha sadiqlik nümayiş etdirildi. İnanırıq ki, bu zəngin dəyərlər qorunub yaşadılacaq, gələcək nəsillərə ötürüləcək. Ali Məclis Sədrinin dediyi kimi : “Mənəvi dəyərlər güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə formalaşır, O cəmiyyət sağlamdır ki, orada mənəvi dəyərlərə sahiblik vardır. Müdriklər də deyirdi ki, inkişaf yalnız elmə əsaslandıqda məqsədə tam çatmaq mümkün deyil. Çünki elmdə irəli gedib mənəviyyatda geridə qalan cəmiyyət, son nəticədə, irəli yox, geriyə gedir. Bu gün dünyanın bir tərəfində insanlar dini və milli dözümsüzlükdən, digər tərəfində təriqətlərarası qarşıdurma və terrorizmdən əziyyət çəkirlərsə, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında isə dini həmrəylik və tolerantlıq hökm sürür. Təktanrıçılığın mərkəzlərindən olan Naxçıvanda yerli əhali 653-cü ildə İslam dinini könüllü qəbul etmiş, bu ərazidə sağlam dini etiqad və zəngin mənəvi dəyərlər sistemi formalaşmışdır. Təsadüfi deyil ki, on beşinci əsrdə tərtib olunmuş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvan İslamın ən güclü dayaqlarından biri kimi göstərilmişdir”.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 05.12.2022 20:21