AZ EN RU

Məntiqə sığmayan məntiq sualları

  Məntiq dərsi keçilmirsə, niyə imtahanlara salınır?

Elə ki, məktəblilər arasında olimpiadaların qeydiyyatına start verildi, valideynlər ilim-ilim məntiq üzrə hazırlıq keçən müəllim sorağına düşürlər. Maraqlıdır, bu fənn imtahanlarda düşəcək qədər əhəmiyyətli fəndirsə o zaman məktəblərdə niyə keçirilmir?

Şagirdlər arasında Lütfi Zadə adına məntiq olimpiadası, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilir. Çox gözəl, keçirilsin. Biz bunun əleyhinə deyilik. Əksinə belə müsabiqələr şagirdlərimizə stimul verir, onları uğura kökləyir, təhsilə həvəsləndirir, özünə inam yaradır. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda sualların əksəriyyəti məntiqə əsaslanan suallardan ibarət olur, bu azmış kimi nə orta təhsil, nə də bakalavr pilləsində tədris olunmayan məntiq, magistraturaya qəbul imtahanlarında ayrıca fənn olaraq göstərilir, Hətta bu da azmış kimi, heç bir təhsil pilləsində rastlaşmadığımız bu fəndən dövlət qulluğunda imtahan götürülür. Ölkəmizdə demək olar ki, bütün imtahan sualları məntiq üzərində qurulub. Hətta bir ara bağçaya qəbul zamanı da məntiqdən sual salınırdı. Bir sözlə, ali məktəblərə, magistraturaya və dövlət qulluğuna qəbul zamanı imtahan verənlərə ən yüksək bal verən məntiqdən olan sualların çoxluğudur. Keçirdiyimiz sorğuya əsaslanıb deyə bilərik ki, imtahan verənlər bu vəziyyətdən heç də razı deyil. Məsələn, dövlət qulluğu vəzifələri üzrə test imtahanında artıq 3-cü uğursuz iştirakı olan Ramin Bağırov deyir ki, Dövlət İmtahan Mərkəzinin imtahanda istifadə etdiyi fənn yalnız riyazi-məntiqdir. Yəni nə orta məktəblərdə, nə də ali təhsil müəssisələrində analitik biliyin artırılması məqsədilə bu fənn tədris olunur. Bu baxımdan istər buraxılış, istərsə də  qəbul imtahanlarında istifadə olunan fənnlərarası məntiqi suallar imtahanverənlərin keçmədiyi fənnə görə çətinliklə üzləşməsinə səbəb olur. Təhsilinin magistatura pilləsini başa vuran və dövlət qulluğu vəzifələri üzrə test imtahanında uğurlu nəticə qazanan Gövhər Həsənovanın fikirlərinə görə magistraturaya və ya dövlət qulluğuna qəbulda riyazi-məntiqdən istifadə olunur. Məntiq deyəndə ağıla ancaq riyazi-məntiq gəlməməlidir. Lakin DİM-in keçirdiyi imtahanlarda ancaq riyazi-məntiqdən suallar salınır. Hansı ki, orada xüsusi analitik qabiliyyəti yoxlayan suallar olmur, ən yüksək səviyyədə riyazi bacarıqlar yoxlanılır. Nəzərə alsaq ki, imtahan iştirakçılarının heç də hamısı riyaziyyatçılar deyil, onlar həm də humanitar sahənin tələbələridirlər, məhz buna görə də, məntiqdən, texniki sahədən gələn iştirakçılar daha yaxşı nəticə göstərirlər.

Magistaturaya imtahanda uğur qazanan tələbə Xəzər Bayramov deyir ki, magistratura imtahanına salınan məntiq bakalavrda hansı tələbəyə keçirilib? Gedib ali təhsil müəssisələrinin tədris planına baxdıqda görəciyik ki, belə bir məntiq keçirilmir. Yəni biz magistratura imtahanında bakalavrda almadığımız biliyi yoxlayırıq. Ona görə də bu imtahanlar ədalətli deyil.

Bəli, təəssüf ki, bu gün təhsil sistemində nə baş verdiyi bizə məlum deyil. Tədris etmədiyimiz fəndən olimpiada təşkil edirik, fənn müsabiqələrinə bu fəndən sual salırıq, təhsilinin heç bir pilləsində məntiq dərsi keçməyən işaxtaranları ağır məntiq suallarına tuşlayırıq... Sizcə bu, nə qədər ədalətlidir? “Kenquru kimi beynəlxalq olimpiadalardan tutmuş hansı ki, bir çox müsabiqələrdə, liseylərə qəbul proqramında, magistratura, işə qəbul, dövlət qulluğu imtahanlarında bu gün məntiqdən suallar təqdim olunur. Bəs bu fənn tədris olunmadığı halda şagirdə, abituriyentə, işaxtarana niyə məntiqdən sual verilir?

Özəl təhsil müəssisələrində, xüsusilə hazırlıq kurslarında dərs alan şagirdlərə məntiq dərsləri tədris olunduğu üçün onlar yuxarıda qeyd etdiyimiz müsabiqlərdə daha çox uğur qazanırlar. Hamımız yaxşı bilirik ki, məntiqi təfəkkürü yüksək olan insanlar nəinki müsabiqələrdə, həyatın bütün istiqamətlərində daha böyük uğurlara nail olurlar. Böyük mütəfəkkir Əl-Fərabinin də dediyi kimi: Məntiq-əqli kamilləşdirən, idrakda insanı düzgün yola, həqiqətə yönəldən, onu yanılmaqdan qoruyan qaydalar məcmusudur. Bəli, məntiq klassik bir elmdir və o heç bir zaman öz dəyərini itirmir. Məntiq elminin öyrənilməsinin insan təfəkkürünün inkişafında və digər elmlərin öyrənilməsində çox böyük əhəmiyyəti var. Məntiq elmi biliklərə, kəşflərə, dünyanın dərkinə açılmış pəncərədir. Məntiqi bilik və bacarıqları mənimsəməklə digər elmləri də mükəmməl öyrənmək, elmi kəşflərə yol açmaq olar. Təsadüfi deyildir ki, Azərbaycan ədəbiyyatının klassikləri, Şərqin böyük alimləri digər elmləri mənimsəmək üçün, ilk öncə, məntiq elmini öyrəniblər. Məntiq elminin əhəmiyyəti mühakimə prosesində fikrin əlaqə və münasibətlərinin ümumbəşəri forma və qanunların öyrənilməsi ilə müəyyən olunur. İnsanın əldə etdiyi elmi və məntiqi biliklər həqiqətə nail olmağın zəruri şərtlərindəndir.

Məntiqi öyrənmək nəticəsində təfəkkürün qanunları-qaydalar və məntiqi üsullarla tanış oluruq. Bu qanun-qayda və üsulları araşdırmaq təfəkkür prosesinə şüurlu yanaşmağa imkan verir ki, nəticədə təfəkkür məntiqimiz, məntiqi mədəniyyətimiz yüksəlmiş olur. Məntiqi öyrənməklə biz yalan və yanlışı doğru və həqiqətdən ayırır, yanlış fikir və müddəaları əsaslı şəkildə təkzib edirik.

Həyatımızın hər anında məntiqi təfəkkürə ciddi ehtiyac varsa, niyə orta məktəb proqramında bu fənn tədris edilmir?! Yaxşı, edilmir, edilməsin! Bəs o zaman nə üçün biz bu fəndən imtahan vermək məcburiyyətindəyik? Ümidvarıq ki, bu suala tezliklə cavab tapılacaq!

Gülcamal TAHİROVA

Nəşr edilib : 20.05.2024 12:06