AZ EN RU

Mənim qəzetli dünyam və ya "Yeni Fikir" dən başlayan qəzetçilik yolu- İllər arxasından boylanan xatirələr

Ariflər deyirlər ki, ömrünün böyük bir hissəsini xoşbəxt, şad-xürrəm yaşamaq istəyirsənsə, sevdiyin işlə məşğul ol, o, nəinki səni xoşbəxt edəcək, hətta gələcək uğurlarının da ən gözəl təminatçısı olacaq. Elə bu hikmətamiz ifadələri mövzuma bələdçi tutaraq gənc ömrümün yazıb-yaratmaq adlı kiçik tarixçəsinin səyahətinə çıxıram. Bu tarixçə məni çox-çox əvvələrə, orta məktəbin ibtidai sinfində əyləşib çöhrəmdəki qürurlu təbəssümlə "Tumurcuq" qəzetini vərəqlədiyim, kiçik şeirlərimə, məqalələrimə tamaşa etdiyim illərə aparır. Xatırlayıram həmin illəri, saf uşaqlığın, munis hisslərin qəlbimizdə lövbər saldığı, qayğısız həyatımızın ən maraqlı keçən dövrlərini. Çünki, həmin illərin hər bir kəsdə olduğu kimi mənim həyatımda da şirin, əvəzolunmaz bir neçə xatirəsi var. Elə həmin xatirələrdən biridir həyat səhifələrini mənə vərəqlədib nostalji hissləri yenidən gözlərimdə canlandıran, dünya içindəki kiçik dünyamın - mənim qəzetçilik dünyamın bünövrəsinin qoyulduğu xatirlərə nəzər saldıran və mənə bu mövzunu qələmə almaq üçün ilham verən, bax elə həmin illərin şirin xatirələridir...O illərdə mən orta məktəbin 3-cü sinfində təhsil alırdım. Dərs zamanı müəllimimizin ayda bir-iki dəfə bizlərə ev tapşırığı üçün kiçik həcimli sərbəst yazı materialları yazmağı tapşırması isə ən sevdiyim, mənə mənəvi zövq verən maraqlı ev işi proseslərimdən biri olurdu. Çox zaman yazdığım yazılara da müsbət rəy alır, sinif üzrə fərqləndirmələrə layiq görülürdü. Zaman keçdikcə bu ülvi həvəs də mənimlə birgə addımlayaraq, o dövrlərdə məktəbli şagirdlərin şeirlərinin, rəsmlərinin, məqalələrinin işıqlandırdığı "Tumurcuq" qəzetinin səhifələrində əks olunmağa başladı. Xatırlayıram ki, ilk yazımı bu qəzetin səhifələrində görəndə necə də sevinib, xoşbəxt olmuşdum. Dəfələrlə qəzeti açıb vərəqləyib məqaləmə tamaşa edir, hətta evimizə hər gələn qonağa göstərməyi də unutmurdum. Həmin yazımı bir qış səhərində, fevral ayının qarlı-boranlı günlərinin birində hər evdə olan, el arasında isə "Maral" sobası kimi tanınan qaz piltəsinin kənarında oturub qələmə alaraq qarşıdan gələn Xocalı faciəsinə həsr etmişdim. Zaman keçdikcə müəllimlərimin “Səndən yaxşı publisist, jurnalist olar” kimi müsbət fikirlərinə böyük doğmalıqla yanaşmağa başlamışdım. Nə bilərdim ki, “niyyətin hara, mənzilin ora” fikirləri mənim gənc həyatıma da siraət edəcək. Nə bilərdim ki, ötəri həvəs kimi baxdığım yazıb-pozmaq sənəti mənim gələcək peşəm, kariyeram olacaq. Düzdür, atam da uzun illərdir bu sahədə, jurnalistikada çalışdığı üçün hələ körpəlikdən onunla birgə ailəmizin bir neçə fərdini vərəq-qələmlə, söz sənətilə təmasda görmüşəm. Amma həyatdakı peşə yolumun zamanla bu səmtə üz tutacağını heç ağlıma belə gətirməzdim...

Zaman keçdi, illər ötdü, təhsil aldığım məktəbi yaxşı qiymətlərlə bitirib tələbə adını qazandım. Topladığım nəticəm qarşımda bir neçə ixtisasın perspektivlərini açsa da, mən uşaqlıq həvəsimin sorağı ilə öz gələcək yolumu məhz Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasından saldım. Artıq gələcək peşəm də, cəmiyyət qarşısında daşıdığım status və məsuliyyət də bəlli idi mənim üçün. Mən artıq 147 illik şərəfli bir yol qət edən Azərbaycan mətbuatının gələcək gənc nümayəndələrindən biri, tələbə-jurnalist idim. Bu gün də özümə təlqin etdiyim bu müsbət fikirlərlə mənə doğma olan ali təhsil ocağının yolunu tuturam, peşəmə olan məhəbbətimi qəlbimdə daha da artırmağa çalışıram...

Nəhayət sentyabr ayının 15-i gəlib çatmışdı. Səhərin erkən saatlarından qalxıb ilk dərsimin həyəcanını yaşayır, universitetə getmək üçün hazırlaşırdım. Nə qədər özümü sakitləşdirməyə çalışsam da, həyəcanımın kənardan hiss olunduğuna yaxşı bilirdim. Amma bununla belə necə xoşbəxt olduğumu dərk edir, formamı əynimə geyinib güzgü qarşısında dayanan gələcəyin jurnalistinə tamaşa etdikcə necə xoşbəxt olduğumun bir daha fərqinə varmışdım.

... Zəng çalındı, hər kəs sinifdə, fakültəmizin 409-cu otağında ilk dərsin başlamasını və müəllimlə tanış olacağı anı gözləyirdi. Və nəhayət qapı açıldı, çöhrəsində xoş təbəssümlü, doğma baxışlı bir gənc müəllimə "Jurnalistikaya giriş" fənnini tədris etmək üçün sinfə daxil oldu. Uzun illərdir universitetimizdə çalışan, tələbə gəncləri gələcəyin jurnalistləri kimi yetişdirən, mətbuatımızda fəal çıxış edən müəllimlərimizdən biri olan Səadət müəllimlə ilk tanışlığımız da belə baş tutdu. Bir məqamı məxsusi olaraq qeyd etməliyəm ki, elə ilk dərsdən tələbələrinin sevimli müəlliminə çevrilən Səadət müəllimin, kafedra müdirimiz, peşəkar jurnalist Şəhla müəllimin mənim yaradıcılıq yolumda əvəzsiz zəhmətləri var. Məhz onların məni jurnalistikaya  həvəsləndirməsi, bir-birindən maraqlı keçən mühazirələri mənim yenidən qələmi əlimə alıb ilk tələbə-jurnalist statusunda məqalələrimi yazıb-pozmağa imkan yaratmışdı. Elə ilk məqaləm də birinci kursun sonlarında Səadət müəllimin təşəbbüsü ilə “Nuhçıxan” İnformasiya Agentliyində və Şəhla müəllimin redaktorluğu ilə “Yeni Fikir” qəzetində işıqlandırılmışdı. Bununla da mənim “Yeni fikir” dən başlanan qəzetçilik yolumun, öz səmimi təbirimcə desəm dünya içindəki dünyamın – mənim qəzetçilik dünyamın əsası qoyulmuşdu.

“Yeni fikir” qəzetindən “Şərq qapısı”qəzetinədək...

Mənim muxtar respublikamızın 100 yaşlı qocaman söz xiridarı olan “Şərq qapısı” qəzeti ilə əməkdaşlıq etməyimin, tələbə-jurnalistikən muxtar respublikanın gənc jurnalistlərindən biri olmaq hüququnu qazanmağımın da maraqlı tarixçəsi var. Bundan iki il öncə, ikinci kursa yenicə başlamışdıq ki, Şəhla müəllimə bir gün məni otağına çağırıb “Məcid, dünən “Şərq qapısı” qəzetinin redaktoru Mehriban müəllimə zəng etmişdi, səninlə görüşüb tanış olmaq isdəyir. Əgər razı olsan, müntəzəm olaraq qəzetlə əməkdaşlıq edəcəksən, “Estafet” rublikasında da yazıların dərc olunacaq” - dedi. Sözün düzü bir az duruxdum, öz-özümə mən hara “Şərq qapsı” qəzeti hara ? - deyib ürəyimdə bu təklifə yox demişdim. Bu fikrim də əsassız deyildi, çünki, yaxşı bilirdim ki, “Şərq qapısı” qəzeti muxtar diyarımızın mərkəzi mətbuat orqanı olmaqla yanaşı, həm də bir ədəbi məktəbdir, yaradıcılıq ocağıdır. Burada Naxçıvan mətbuatında öz sözünü demiş neçə-neçə savadlı, peşəkar jurnalistlər çalışır. Şəhla müəllim də üz ifadəmdən bunu hiss edib “Narahat olma, Mehriban müəllimi mən çoxdan tanıyıram, özü də bizim kafedranın müəllimidir. Yaxşı jurnalist, redaktor olduğu kimi, həm də gənclərlə işləməyi, onları öyrətməyi bacaran humanist insandır. Elə bu gündən gedib Mehriban müəllimlə görüş, inan ki, hər şey yaxşı olacaq”. Mən də “yaxşı” deyib otaqdan çıxdım. Şəhla müəllim bu səmimi söhbətimiz biraz əvvəlki narahatlığımı demək olar ki, aradan qaldırmışdı, “Şərq qapısı” qəzetinə getməyə də razı olmuşdum.

Bu hadisədən cəmi bir həftə keçmişdi, oktyabr ayının ikinci həftəsi idi. Dərsimiz bitdikdən sonra Universitetdən çıxıb “Şərq qapısı” qəzetinin yolunu tutdum. Yol boyu həyəcanımda məni tərk etmək bilmirdi ki, bilmirdi. Elə hey nə deyəcəyimi düşünür, fikirlərimi götür qoy edir, hərdən də bəlkə geri qayıdım deyib ayaq saxlayırdım. Bu fikirlərlə yol yoldaşlığı edə-edə gəlib ünvana çatmışdım. Başımı qaldırıb bu üçmərtəbəli, üzərində “Şərq qapsı” qəzeti yazılmış binaya baxdım, son dəfə nəfəsimi dərib içəriyə daxil oldum. Çox keçmədi ki, Mehriban müəllim böyük təvəzökarlıqla məni otağına dəvət etdi, yaxından tanış olub bir qədər söhbət etdikdən sonra üzünü mənə tutub: “Sənin yazılarını müntəzəm olaraq mətbuatda görürəm, günün nəbzinə uyğun aktual, əlindən gəldiyi qədər maraqlı yazılar yazırsan. İsdəyirəm ki, bizim qəzetlə də əməkdaşlıq edəsən, inanıram ki, göstərilən etimadı layiqincə doğruldacağın təqdirdə, tez bir zamanda qəzetimizin gənc jurnalist müxbirlərindən biri də sən olacaqsan, onların sırasına sən də qoşulacaqsan”. Mehriban müəllimin qəlbimdə inam yaradan bu sözləri məni o qədər həvəsləndirdi ki, həyəcanımı bir təhər cilovlayıb dilim söz tutar-tutmaz “Çox sağ olun, Mehriban müəllim! Çalışacağam mənə göstərdiyiniz bu etimadı doğruldum” -  deyib otaqdan ayrıldım. Tez tələsik aşağı düşüb növbəti məqaləni hazırlamaq üçün evə getdim. Həmin günü gecənin yarısınadək “Gənclər Paytaxtının xoşbəxt gəncləri” adlı məqaləmi yazıb sabah üçün hazır etmişdim. Növbəti gün yenə də dərsdən ayrılıb böyük həvəslə redaksiyaya gəldim. Mehriban müəllimə məni qəzetin məsul katibi, əməkdar jurnalist Muxtar müəllimin iş otağına getməyim üçün yönləndirdi. Getdim. Otağın qapısını döyüb içəriyə daxil oldum. Muxtar müəllim də məni böyük doğmalıqla, səmimiyyətlə qarşıladı. Bir qədər söhbət etdikdən sonra məqaləmə göz gəzdirib sabah dərsdən sonra gəlib götürməyimi tapşırdı. Muxtar müəllimin adını bir neçə dəfə eşitmişdim. Bilirdim ki, uzun illərdir “Şərq qapsı” qəzetində müxbir, məsul katib vəzifəsində çalışır. Bununla yanaşı, O, həm də neçə-neçə jurnalisti öz qələminin “şinelindən” keçirərək muxtar respublika mətbuatında tanınmış qələm sahibləri kimi formalaşdırıb. Artıq bu dəfə də növbə məndə idi.

Tapşırıq üzrə ertəsi gün Muxtar müəllimdən məqaləmin redaktə olunmuş variantını almaq üçün redaksiyaya yaxınlaşdım. Məqaləni əlimə alıb baxdığımda gördüyüm mənzərədən, sözün əsl mənasında, dəhşətə gəlmişdim. İlahi, yazımdan demək olar ki, əsər-əlamət qalmamışdı. Məqalənin hər bir cümləsində Muxtar müəllim müəyyən düzəlişlər etmiş, yazımın üslubunu da müsbət yöndə dəyişdirmişdi. Bir qədər bu səhnə qarşısında donub qalsam da daha sonra fikrimi bir yerə cəm etdim və Muxtar müəllimin izahatlarına diqqətlə qulaq asmağa başladım. Yaxşı başa düşürdüm ki, uğura gedən yol heç də asan qət olunmur. Jurnalist peşəsinə sahib olmaq isə bütün məsuliyyətlərin ən ümdə, çətin və məsuliyyətli məqamında dayanır. Bilirdim ki, bunların hər biri isə mənim gələcək inkişafım üçün zəmin yaradır. Mənim vəzifəm isə bu məşəqqətli, şərəfli yolda səbr və inam göstərmək, peşəmi bütün incəlikləri ilə öyrənmək idi.

Bir müddət qəzetlə tələbə-jurnalist kimi əməkdaşlıq etdim, peşəkar kollektivin arasında jurnalistikanın bir çox incəliklərini öyrəndim. Müxbir vəzifəsində işə başladıqda artıq mənə doğma olan redaksiyamın qəzetçilik prinsiplərini mənimsəmiş, həm də peşəmin məsuliyyətini dərinliyi ilə dərk etmişdim. Bu sahədə fəaliyyət göstərən bütün həmkarlarım etiraf edər ki, qəzetçilik necə çətin, məsuliyyətli, yüksək erudisya, bacarıq tələb edən bir işdir. Elə gün olub ki, əməkdaşlaımızla birgə yorulmadan, usanmadan günün ən gec vaxtına qədər qəzet üzərində işləmiş, çətin də olsa bundan mənəvi zövq almışıq. Qəzetin tam hazır bir şəkildə, necə deyərlər, problemsiz şəkildə nəşrə göndərdikdə, ertəsi gün gərgin əməyin şirin bəhrəsini masalarımızın üzərində vərəqlədikdə bütün yorğunluğumuz da çıxır canımızdan.

    Son bir illik qəzetçilik fəaliyyətinə uğurlu hesabat

Nə az, nə çox düz bir ildən də artıq bir zaman ötür “Şərq qapısı” qəzetindəki fəaliyyətimdən. Bu zaman kəsiyində muxtar respublikamızın həm bir tələbə-gənci, həm də gənc jurnalisti kimi başda dövlətimizin, müəllimlərimin və mənə doğma olan redaksiyamın kollektivinin etimadını doğrultmağa çalışmışam. İstər təhsil aldığım ali təhsil ocağında, istərsə də müxbir vəzifəsində fəaliyyət göstərdiyim “Şərq qapısı” qəzetində hər bir işimə cidd-cəhdlə, böyük maraqla, şövqlə yanaşmışam. Nə hikmətdir bilmirəm, amma əlimə qələm alıb yazdığım anda bütün problemlərimi unuduram. Bu yaradıcılıq həvəsi, yazıb yaratmaq coşğusu isə günbə-gün daha da artır. Gənc jurnalist kimi ötən bu zaman müddətində bir neçə uğurlar da əldə etmişəm. İstər təhsil aldığım ali təhsil ocağında, istərsə də fəaliyyət göstərdiyim muxtar respublika mətbuatında dəfələrlə əməyin yüksək qiymətləndirilib, müsabiqələrdə, əlamətdar günlərdə təltiflərə layiq görülmüşəm. Mənə ən doğma olan uğuru isə qəzetimizin 100 illik yubiley tədbirində əziz kollektivimin, ən başda da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirak etdiyi tədbirdə çıxış etməklə qazandım. Redaktorumuz Mehriban müəllim mənə tədbirdə çıxış edəcəyim haqqında məlumat verdikdə həyəcandan sanki boğazım qəhərlənmişdi. İşin ən maraqlı tərəfi isə çıxış mətnimin də yazılmasının mənə tapşırılması idi. Tədbirə çox az zaman – bir neçə gün qala mətnimi böyük şövqlə yazıb hazır etmişdim, hər gün evdə güzgü qarşısında dayanıb onu təkrar-təkrar oxuyub böyük gün üçün hazırlaşırdım. Nəhayət, həmin gün gəlib çatmışdı. Böyük bir kollektivin içərisində mənə doğma olan həmkarlarım, tələbə yoldaşlarım və kafedra müdirimiz Şəhla müəllim də iştirak edirdi. Tədbir başladı, proqram üzrə növbə mənə gəlib çatanda bütün var gücümlə özümü ələ alıb zirək addımlarla kürsüyə yaxınlaşdım. Nəfəsimi dərib çıxışa başladım. Həyəcanım o qədər çox idi ki, necə çıxış etdiyim haqqında ən adi fikrim belə yox idi. Tək bildiyim və çıxışım haqqında məndə təəssürat yaradan şey tədbirindən sonra peşə yoldaşlarımın, həmkarlarımın, tələbə yoldaşlarımın səsləndirdiyi bir-birindən gözəl, müsbət rəylər idi. Mən də onların fikirlərinə söykənib yaxşı çıxış etdiyim qənaətinə gəlib sevinmişdim, qürrələnmişdim...        

Əziz oxucum, deyirlər həyat dünya qapısından içəriyə atılan addımla başlayan bir yolçuluqdu, zamansa lövbərsiz gəmi kimidir, daima irəliləyir. Nə zaman mənzil başına çatacağını isə əfsuslar olsun ki, heç birimiz bilmirik. Bu zamanın əbədi yolçuları öz peşəsinə sədaqətlə yanaşan, elmin və helmin sirlərini bütün incəlikləri ilə dərk edən, hər bir addımında Vətənə, xalqa dərin səadət bəsləyən kəslərdir. İnanıram ki, mənim “Yeni fikir”dən başlayan, “Şərq qapısı” qəzet ilə davam edən şərəfli qəzetçilik yolum da bütün varlığı ilə yalnız və yalnız bu amala xidmət edəcək.

Məcid ƏKBƏROV   

Tələbə-jurnalist, jurnalistika ixtisası III kurs tələbəsi

Nəşr edilib : 26.02.2022 18:55