AZ EN RU

Mənim məruzəmdən sonra Turqut Özal Ermənistana qarşı bu bəyanatı verdi...

    Yazı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105-ci ildönümünə həsr olunur.

( əvvəli qəzetimizin 25 iyun 2023-cü il nömrəsində )
    Onlar özləri haqqında danışmağı sevməzlər. Mediaya danışmağı heç sevməzlər. Ona görə yox ki, bu onlar üçün nə zamansa bir məhdudiyyət olub. Həm də ona görə ki, bu, keçmiş xüsusi təyinatlı komandan üçün ordu, vətən və müqəddəs peşə qarşısında məsuliyyət məsələsidir. Bir də axı biz nə vaxtsa həyata keçirilmiş hər hansı bir məxfi əməliyyatı müzakirə etməyəcəkdik ki. Amma söhbətimizdə məxfi detalların olmamasını da istisna etməmişdim. Ona ünvanladığım bəzi suallara cavabında gülümsəyərək – gəlin bunun üzərindən keçək, – deməsi də sonradan düşüncələrimdə yanılmadığımı bir daha mənə hiss etdirmişdi.

 

    ...Aradan bir az keçdi. Bir də gördüm bizim olduğumuz tərəfə bir “Cip” gəlir. (UAZ-ı nəzərdə tutur S.H.) Maşın gəlib yanımıza çatanda baxdım ki, hərbi formada biri maşından endi, tez ayağa qalxıb buna dedim ki, qardaş, biz Türkiyədən gəlirik, Naxçıvana qohumlarımızın yanına gedəcəyik, ancaq bu əsgərlər bizi başa düşmürlər. Bir də gördüm ki, gələn adam mənə türkcə cavab verdi. Sevindik. Dedi qohumlarınız harada qalır? Dedik ki, şəhərdə. Dedi, gəlin oturun maşına. Bu adam kim olsa yaxşıdır?
    – Kim? – deyə dillənirəm... 
    – Elman.
    – Elman?
    – Bəli, Elman. Naxçıvanın müdafiə təşkilatı idi deyəsən... oranın rəisi, yəni mən bunu sonradan bildim.
    – Həəə... Elman Abbasov. Naxçıvanın Milli Müdafiə Komitəsinin rəisi. Bir neçə il bundan əvvəl dünyasını dəyişib.
    – General bir anlıq dayanaraq fikrə gedir... Allah rəhmət eləsin, – deyir.
    – Deməli onunla gəldiniz şəhərə?
    – Hə, onunla gəldik. Hər dəfə bu hadisə yadıma düşəndə elə bilirəm ki, Elman bir Xızır kimi gəlib bizi oradan çıxartdı. Bir dəfə də buna bənzər bir hadisə Suriyada başıma gəlmişdi. Demək, yenə eynilə mülki geyimdə köhnə bir maşında tək gedirəm. Bir dağ yolunu aşdıqdan sonra baxdım ki, bir az irəlidə, təxminən, 20-25 nəfər əlisilahlı yolu kəsib. Artıq qaçmağa da bir yol yoxdur. Geri qayıtsam, yenə vuracaqlar. Düz sürdüm yanlarına. Maşını saxladılar. Ön pəncərəni dörd barmaq qədər açıb üstlərinə qışqırdım ki, nə var, nə olub, niyə yolu kəsibsiniz? Bir də gördüm içərilərindən bir nəfər irəli çıxıb məndən türkcə soruşdu ki, haralısan? Cavab verdim ki, İstanbuldan. Döndü ərəbcə yanındakılara nə dedisə, hamısı çəkilib mənə yol verdilər. Nə isə Elmanın da oraya gəlib bizi maşına mindirməsi sanki Allahın bir təqdiri idi. Naxçıvana gələnə qədər yolda onunla xeyli söhbət elədik. Gördü ki, biz qohumlarımızın şəhərdə harada qaldığını tam bilmirik, haradan bilək, qohumumuz var? – deyə yenə gülümsəyir. Bizi evinə apardı, qonaq elədi, axşam onlarda qaldıq. Ertəsi gün səhər tezdən Elmana dedik ki, biz gedirik qohumlarımızı axtarmağa, onsuz da onun işləri çox idi, bizə dedi ki, mənə bir xəbər verərsiniz. Onlardan çıxdıq. Naxçıvan Ali Məclisinin binasının harada yerləşdiyini öyrəndik və ora gəlib Heydər bəylə görüşdük.
    – Amma bir dəqiqə... Burası mən tam aydın olmadı. Bəs içəri necə keçdiniz, sizi kim Heydər Əliyevin yanına apardı?
    – Gülümsəyərək, gəlin onun üstündən keçək, – deyir... Hə, içəri keçdik. Heydər Əliyev bizi çox səmimi qarşıladı. Həmin vaxt bir xeyli söhbət etdik. Baş nazirin salamlarını çatdırdıq. Ertəsi gün və ya bir gün sonra idi, tam xatırlamıram, bir daha görüşdük. Təxminən, ikinci və ya üçüncü görüşümüzdə dedi ki: “Mənə bax, sən niyə general olduğunu məndən gizlədirsən? Sonra da gülə-gülə – “Bəs sən bilmirsən ki, mən də generalam”, – dedi. Elə bil başıma qaynar su tökdülər. İndi mən Heydər bəyin yanında yalançı oldum. Fikirləşdim ki, yox, bunu öyrənəcəyəm kim deyib. Ancaq onu deyim ki, artıq Heydər Əliyevlə aramızda çox mehriban bir münasibət də yaranmışdı. Bizimlə çox səmimi idi. Birdən qayıtdım ki, bəs sizə kim dedi ki, mən generalam? Dedi ki, Süleyman bəy.
    Burada hər ikimiz özümüzü saxlaya bilməyib gülürük... 
    Hər halda Süleyman bəy də Heydər Əliyev daha rahat olsun deyə, Türkiyənin hərbi baxımdan da Naxçıvanın arxasında olduğunu çatdırmaq üçün belə demişdi, – deyə general sözlərinə davam edir.
    ...Naxçıvanda olarkən oranı qarşı-qarış gəzmişəm. Bir ucu Sədərəkdən tutmuş Ordubada kimi hər yerlə yaxından tanış olmuşam. Naxçıvandakı döyüş postlarının hər birini yaxşı tanıyıram. Heç yadımdan çıxmaz, Sədərək döyüşlərində oradakı mülki əhalinin müvəqqəti olaraq köçürülməsində, dolu dağıdan topların Sədərəkdə yerləşdirilməsində şəxsən iştirak etmişəm. 
    – Kamal bəy, yəqin ki, xatırlayarsınız, bir dəfə ermənilər Sədərəyə hücumdan əvvəl belə bir bəyanat yaymışdılar ki, Türkiyə Ermənistanı top atəşinə tutur, bizim sərhədlərimizə müdaxilə edir. Bir gün sonra da rəhmətlik Turqut Özal televiziya vasitəsilə çıxış edərək bildirmişdi ki, biz öz ərazimizdə təlimlər keçirik. İndi Ermənistandakı boş əraziyə iki top düşməklə Ermənistan dağılmadı ki?
    – Nəinki xatırlayıram, hətta Özal o bəyanatı mənim ona məruzəmdən sonra vermişdi. 
    – Bu necə olmuşdu?
    – Olmuşdu... bir az ara verir və sonra yenidən gülümsəyərək “gəlin bunun da üzərindən keçək”, – deyir. 
    – Ulu Öndər Türkiyə ilə əlaqələrə çox böyük önəm verirdi. Bu dəfə mən dillənirəm.
    – Bəli, Heydər bəy Süleyman Dəmirəllə Türkiyə ilə bir çox sahələrdə möhkəm əlaqələrin yaranmasına nail olmuşdu. Bütün bu əlaqələrin içərisində mən də var idim. Xatirimdədir, Türkiyə banklarından Naxçıvana vəsaitin ayrılmasında, müxtəlif yardımların edilməsində şəxsən vasitəçi olmuşam. Oradakı rus hərbi birləşmələrinin çıxarılması prosesində də iştirak etmişəm. Ümumiyyətlə, Naxçıvanda xidmətlərimiz çox olub. Hətta orada bir neçə dəfə toyda da olmuşam. Bir kənd var idi, adını indi xatırlaya bilmirəm, dəmiryol stansiyasının yaxınlığında yerləşirdi, orada toya getdik. Toy sahibi Türkiyədən gəldiyimizi hər kəsə dedi, hamı maraqla bizə baxırdı, hətta oynadıq da. Eyni bizim Anadoludakı toylarımız kimi. Orada yediyimiz yeməklər də çox dadlı idi. Ancaq kəndin adını unutmuşam...
    Bu dəfə söhbətə bayaqdan bizə qulaq asan polkovnik Şenol bəy müdaxilə edir:
    – Yəqin, Naxçıvanın cənubunda yerləşən kəndlərdir. Qaraxanbəyli, Tumbul, bəlkə də, Şahtaxtı kəndlərindən biri olub...
    – Xatırlamıram Şenol, üzərindən 30 il vaxt keçib. Toy yiyəsi, yəni evin sahibi də bir maşınqayırma mühəndisi idi. Sonra bizi evinə dəvət etdi. Oturduğumuz otaqda çoxlu kitabları vardı. Bir neçəsini vərəqlədim baxdım, gördüm ki, kiril əlifbası ilədir oxumadım, qoydum yerinə.
    Burada yenə bir haşiyə çıxaraq bildirim ki, hazırda istefada olan polkovnik Şenol Çöklü ilk dəfə 1994-cü ildə Naxçıvana gəlib. İlk xidmətini indiki Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən hərbi hissədə keçirib. Sonra Naxçıvan şəhərindəki hərbi hissələrdən birində xidmətini davam etdirib. Milli Ordumuzun formalaşdığı o çətin dövrlərdə əsgərlərimizə təlimlər keçib, Silahlı Qüvvələrimizin inkişafında var gücü ilə çalışıb. Xidmət etdiyi hərbi hissələrdə, əsasən, minamyotçu əsgərlər yetişdirib. Eyni zamanda Naxçıvanda olduğu dövrdə öz xatirələrini günbəgün qələmə alıb. Bu xatirələrdə nələr yoxdu ki... Keçirilən təlimlərdən tutmuş, Naxçıvanın adət-ənənələrindən, burada ziyarət etdiyi muzeylərdən, qonaq olduğu insanlarla görüşlərinədək, hər şeydən. Həm də çoxlu dostlar qazanıb burada. Hətta vaxtilə onlara yazdığı məktubların surətlərini də şəxsi arxivində bu günədək qoruyub saxlayır. Şenol bəylə növbəti gün görüşümüzdə bu haqda xeyli söhbət edirik. Xidməti illərində bir çox ölkələrdə olmuş hörmətli polkovnikin sonralar Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda hərbi attaşe olaraq çalışdığını, ordudan tərxis olunduqdan sonra Osmanlı hərb tarixi haqqında araşdırmalar apardığını, “Məşrutiyyətən Cümhuriyyətə əsgər alma üsulları” adlı mükəmməl bir kitab yazdığının da şahidi oluruq.  
    Yeri gəlmişkən Kamal bəy də ordudan tərxis olunduqdan sonra tarixi sahədə bir çox kitablar oxuduğunu, araşdırmalar apardığını, xidmətdə olduğu yerlərlə bağlı xatirələrini yazdığını deyir. Amma bunları nəşr olunmaq üçün yox, sadəcə, övladlarına bir xatirə buraxmaq üçün etdiyini bildirir. 
    General üçlü söhbətimizdə Ulu Öndər Heydər Əliyevlə bağlı başqa bir xatirəsini də danışır. Deyir ki, mən Türkiyəyə qayıtdıqdan sonra xüsusi təyinatlıların komandanlığından Ankaradakı dördüncü ordu korpusuna komandan təyin olundum. Bu korpusun komandanı həm də Türkiyəyə rəsmi səfərə gələn digər dövlətlərin rəhbərlərini qarşılamaq üçün protokolda yer alırdı. Deməli, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi Ankaraya gələndə rəsmi qarşılanma mərasimindən sonra Türkiyə tərəfi Azərbaycan tərəfinə, Azərbaycan heyəti də Türkiyə heyətinə təqdim olunurdu. Türkiyə heyəti təqdim olunduqdan sonra VİP salonuna keçdik. Elə bu zaman Heydər Əliyev mənə tərəf yaxınlaşaraq gülə-gülə: “Hə... general sən də burada imişsən”, – deyə ucadan mənimlə salamlaşdı. Heydər bəyin məni unutmadığını çatdıran bu zarafatında çox böyük səmimiyyət, isti münasibət, doğmalıq var idi. Yanımızdakı protokol heyətindən bütün nazirlər, digər nümayəndələr maraqla bizə baxırdı, amma, təbii ki, heç kim məsələnin nə olduğunu bilmirdi. 
    ...Çaylarımız növbəti dəfə təzələnir. Kamal Yılmaz Paşa bir az fikirləşdikdən sonra deyir: 
    – Səbuhi, sənə bir sirri də açım. Heydər Əliyev böyük şəxsiyyət idi. Onun böyük dövlətçilik təcrübəsi Azərbaycanı məhv olmaqdan xilas etdi. Mənim bu dahi insanla çoxsaylı görüşlərim olub. Ancaq buna baxmayaraq, onunla yanaşı olan, sadəcə, bir fotoşəklim var. Bu fotoşəkli də – əlini cibinə salaraq nə isə çıxarmağa çalışır – illərdir, pulqabımda bir xatirə olaraq saxlayıram, – deyə çıxarıb masanın üzərinə qoyur. Bunu və rəhmətlik həyat yoldaşımın şəklini...

    Araya bir sükut çökür... Sonra yenidən söhbətimiz başlayır. Bu üçlü söhbətdə bir çox xatirələri canlandırırıq. Hətta bəzən səmimiyyətdən doğan bu söhbətdə “müəyyən qədərlər”i də keçirik. Amma mən bunları qələmə almıram. Qoy bu da oxucularımız üçün mənim peşə məsuliyyətim kimi qəbul olunsun. Sonda bu maraqlı həmsöhbətimizlə sağollaşıb getmək üçün ayağa qalxırıq. Mənə Naxçıvana könül dolusu salam götürməyimi xahiş edir. Deyir ki, bir zamanlar Naxçıvanda gəzib-dolaşdığımız yerləri bir daha görmək istərdim. Çünki Naxçıvan türkün qapısıdır. Onu qorumaq hər birimizin borcudur! Bu fikirləri polkovnik Şenol Çöklü də təkrarlayır. Mən isə elə o dövrlərdə Naxçıvanda Ulu Öndər tərəfindən əsası qoyulmuş milli ordumuzun Naxçıvanı, Azərbaycanı bu gün ayıq-sayıqlıqla qoruduğunu, 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımızı böyük qəhrəmanlıqla xilas etdiyini bir daha dilə gətirərəm. 
    Bəli, Naxçıvan türkün qapısıdır, onu qorumaq hər birimizin borcudur! Bu sözlər, eyni zamanda bir türk generalı və polkovnikinin xələfləri Nuru Paşa, Ənvər Paşa, Kazım Qarabəkir Paşa kimi komandanların 105 il bundan öncə olduğu kimi, bu gün də Azərbaycan üçün, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan üçün qəlblərində gəzdirdiyi böyük bir sevgidir! O sevgi ki bunun təməlində “Bir millət, iki dövlət” fəlsəfəsi dayanır. Və bu gün 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günüdür! Gününüz və günümüz mübarək, əziz komandirlər!

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti
Naxçıvan-Ankara-Naxçıvan

    P.S. Yazının hazırlanmasında göstərdikləri dəstəyə görə keçmiş Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin Əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi Urfullah Qurbanova və Türkiyə Silahlı Qüvvələrinin istefada olan zabiti, polkovnik Şenol Çöklüyə dərin minnətdarlığımızı bildiririk.
 

 

Nəşr edilib : 25.06.2023 17:13