AZ EN RU

“Mənim gələcək karyeram” mövzusunda dəyirmi masa təşkil olunub

    Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tədrisi ingilis dilində aparılan İqtisadiyyat ixtisası tələbələrinin iştirakı ilə “My future career (Mənim gələcək karyeram)” mövzusunda tədbir keçirilib.
    Ali təhsil müəssisəsinin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, universitetdə bu cür dəyirmi masaların keçirilməsi ənənəsi tələbələrin ingilis dilində danışıq səviyyəsinin təkmilləşdirilməsinə, həmçinin tədrisi ingilis dilində aparılan ixtisasın bazasını möhkəmləndirməyə xidmət edir. Diqqətə çatdırılıb ki,  tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisasında təhsil alan tələbələr ingilis dili və iqtisadiyyat bilikləri ilə yanaşı, tərcüməçilik sənəti vərdişlərinə də yiyələnirlər. Rektor təhsil aldıqları ixtisasın tələbələrə verəcəyi gələcək perspektivləri vurğulayaraq onlara tövsiyələrini çatdırıb və  tədbirin işinə uğurlar arzulayıb.
    İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov bildirib ki, artıq 3 ildir, adıçəkilən ixtisasa tələbə qəbulu həyata keçirilir. Statistik göstəriciləri diqqətə çatdıran dekan qeyd edib ki, tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisasının açıldığı 2020-ci ilə nəzər salsaq, görərik ki, bu dövrdə qəbul balı 599, minimum bal 251, bu ixtisas üzrə dövlət sifarişi isə 8 nəfər olub. 2022-ci tədris ilində isə bu göstəricilər artaraq qəbul balı 607, minimum bal 431, dövlət sifarişi isə 15 nəfər olaraq qeydə alınıb. Əşrəf Ələkbərov sözügedən ixtisasa ilbəil artan tələbatı dövlət qayğısının bəhrəsi kimi dəyərləndirib.
    İqtisadiyyat kafedrasının müəllimi Elşən Nəsirov çıxışı zamanı tələbələrə ingilis dili bacarıqlarını daha da təkmilləşdirmək üçün tövsiyələrini çatdırıb, onlar üçün yaradılan şəraitin təhsilə olan müsbət təsirindən söz açıb.
    Sonra dəyirmi masa tələbələrin “Mənim gələcək karyeram” adlı mövzusu üzrə diskussiya şəklində davam edib. Mövzuya dair düşüncələr tələbələr tərəfindən maraqlı, əhatəli, aydın şəkildə və ingilis dili bacarıqlarından məharətlə faydalanaraq təqdim olunub. Tədbirdə müəllim və tələbələrin sualları da cavablandırılıb.
    Qeyd edək ki, dəyirmi masada əcnəbi tələbələr də fəallıq göstəriblər.
    Sonda rektor Elbrus İsayev tələbələrə kitab hədiyyə edib.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə
 əlaqələr bölməsi

Nəşr edilib : 14.12.2022 20:30