AZ EN RU

“Məni şəhid olanda tanıyarsınız”, – deyib Qarabağa yollanan Ülvi

Ülvi Habil oğlu Cəfərov

(16.01.1998 – 31.10.2020)

    Çox vətənpərvər idi. Uşaq vaxtı ona pul verdim ki, mağazadan ürəyi istədiyini alsın. O gedib oyuncaq avtomat aldı. Hərbiyə marağı olduqca çox idi. Əsgər, zabit görən kimi ona hərbçi salamı verirdi. Ancaq döyüşləri əks etdirən filmlərə baxırdı. Vətənə olan sevgi və bu həvəs onu sonda hərbçi etdi.

    Ülvi halal uşaq idi. Döyüşə getməmişdən bir neçə gün əvvəl onu işə aparan sürücüyə zəng vurur. Ondan halallıq istəyir ki, birdən ona borclu qalar. Deyir, döyüşə gedirəm, olar ki, qayıtmaram. Sonra alış-veriş etdiyi mağazaya gedib. Onlardan da halallıq istəyib. Hətta bizdən belə halallıq istədi. Məni atasına, atasını da mənə tapşırdı. 
    İş yoldaşı danışırdı ki, ona gizirlik rütbəsini verəndə də razı olmurdu. Deyirdi ki, müharibəyə gedib-qayıtdıqdan sonra verərlər. Biz də həmin vaxt dedik ki, toyun olacaq, gizirliyini al, sonra get müharibəyə. Toy etməyimizə də razı olmadı.
    Hamıya bu sözü demişdi: “Mən şəhid olacağam”. Onun istifadə etdiyi sosial şəbəkələrdəki bütün paylaşımları Vətənə aid idi. Bir paylaşımında qeyd edirdi ki, məni şəhid olanda tanıyarsınız.
    Hər dəfə işə getməzdən əvvəl məni qucaqlayıb öpürdü. Son gedişində gəldi ki, ana, məni bərk-bərk qucaqlayıb öp. Getdi, Cəbrayıldan mənə zəng etdi. Qarşıdan bacısının ad günü gəlirdi. Telefonda dedi ki, torpaqları alıb bacımın ad gününə hədiyyə edəcəyəm. 
    İndi o torpaqlarda Ülvimin qanı var. Oralar mənim üçün müqəddəsdir. Nəhayət, mən də o torpaqlara ayaq basdım. Ülvinin şəhid olduğu yerə getdim. Qış günündə hər yer xozanlıq olsa da, Ülvinin şəhid olduğu yerdə qızılgül bitmişdi. Ülvi kimi oğullarımızın qanı ilə o torpaqlar cana gəlib. İnanın, hiss elədim ki, balam oradadır. Mənimlə birlikdədir. 
    Ülvinin ruhu o torpaqlarda gəzir. Orada Ülvini o qədər yaxından hiss edirdim ki, sanki mənimlə birlikdə idi.
    Ülvi bizə məsləhət etmədən Vətən yolunu seçdi. Döyüşə getdiyini mənə heç vaxt demədi. Bu, bir tale idi. Ülvi isə uşaqlıqdan o taleni sanki özü müəyyənləşdirmişdi. “Əlifba bayramı”nda ona tapşırılan şeiri yox, qeyri-ixtiyari olaraq heç kimin gözləmədiyi “Marş, irəli, Azərbaycan əsgəri” mahnısını oxuması heç yadımdan çıxmır. O qədər ürəkdən ifa etdi ki, hamı onu ayaq üstə alqışladı. Çox qəribədir ki, döyüşə gedəndə o mahnını oxudu və qəhrəman oldu!

 

Nəşr edilib : 12.01.2024 17:31