AZ EN RU

Mənəvi rahatlığın unikal məkanı Əshabi-Kəhf ziyarətgahı

Qədim Naxçıvanın tarixi, zəngin mədəniyyəti və bu günkü inkişafı bu torpağa qədəm qoyan hər bir şəxsin ürəyində ülvi duyğular oyadıb, həyata, ulu Tanrıya və insana sonsuz sevgi hisləri yaradır. Doğurdan da, Naxçıvanın təbii və insan əli gözəllikləri o qədər ki, onları saymaqla bitməz. Sərkərdə vüqarlı dağları, göz yaşı kimi duru bulaqları, barlı bağları Naxçıvanın şöhrətini hər yerə yayıb. Naxçıvana səyahət edən qonaqlar bu qədim Nuh Nəbi yurdunun insanlarının dərin inanclara, tolerantlığa heyran qalır, buradakı ziyarətgahlarda dualar edib arzularına qovuşurlar.

Müqəəddəs Əshabi-Kəhf ziyarətgahı Naxçıvanın şöhrətini bütün dünyaya yayan, hər bir əziz qonağın bu torpaqda ilk ayaq basdığı pak məkanlardandır. Naxçıvanda yaşayan hər kəsin ildə ən azı bir dəfə ziyarət etdiyi bu müqəddəs məkana hər gəlişimizdə tapdığımız mənəvi zənginlik hüzurla dolu həyat sürmək üçün bütün ömür boyu yetir. Əshabi-Kəhf elə bir müqəddəs məkandır ki, hər kəs buraya gəldiyində bir növbəti səfəri üçün ürəyində yeni bir arzu yaranır.

Müqəddəs Əshabi-Kəhf ziyarətgkhına bu dəfəki səfərmiz daha fərqli olub, uzun müddət yaddaşımızdan silinməyəcək bir təssürat yaratdı. 5 aprel tarixində Gənclər və İdman Nazirliyi ilə Gənclər Fondu tərəfindən gənclərin diyarımızın əsas turizm ehtiyatlarından hesab edilən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə təşkil olunmuş ekskursiya biz tələbə-gənclərin mənəvi düynagörüşünün zənginləşməsinə güclü təsir edən hadisə kimi yaddaşımızda qaldı. “Naxçıvanı tanıyaq!” devizi ilə təşkil olunan bu ekskursiyada iştirak etməklə digər tələbələr kimi mən də təkcə muxtar respublikamızda deyil, eləcə də ölkəmizdə və bölgəmizdə dini turizmin əsas məkanlarından olan bu ziyarətgahla bir daha yaxından tanış olmaq qazandıq. Ziyarətgaha aparan yol boyunca yaradılmış abadlıq, yaşıllıqlar baharın bu gözəl günlərində daha da cazibədar mənzərə yaradıb, ecazkar bir güclə insanı özünə bağlayır. Bütün bu məqamlar ekskursiya iştirakçıları tərəfindən fotoyaddaşlara köçürülür.

Belə ekskursiyalar dini-mənəvi dəyərlərin təbliğ ilə yanaşı eyni zamanda muxtar respublikamızın zəngin turizm potensialının tanıdılması baxımından da əhəmiyyətlidir. Gənc tələbələrin fəal sosial şəbəkə istifadəçisi kimi bu müqəddəs ziyarətgahın, eləcə də Naxçıvanın digər cazibədar turizm ehtiyatlarının tanıdılması onlar zaqqında məlumatların daha çox səyahətsevərə çatdırılmasında əhəmiyyətldir. İndi Naxçıvana gələn hər bir səyyah qədim diyarın hər yerində olduğu kimi bu müqəddəs ziyarətgahda da aparılmış bərpa işləri, yaradılanların qorunması, təbiətin təmiz saxlanılmasını öz gözləri ilə görüb, şahidi olurlar. Bütün bunlar isə 5 min illik şəhər mədəniyyəti tarixinə malik olan, İslam Mədəniyyətinin paytaxtı kimi şərəfli daşıyan Naxçıvan diyarında ata-babalarımızın dərin inanclarına olan bağlılığından, doğma torpağına, övladına olan məhəbbətindən və dövlətinə, rəhbərinə olan sədaqətindən qazandığı Tanrı hədiyyəsidir. Biz gənclərin vəzifəsi də bu dəyərlərə sadiq yaşayıb, müasir, güclü Azərbaycan dövlətinin layiqli vətəndaşı olmaq üçün daha yaxşı təhsil alıb, uğurlara imza atmalıyıq.

Arzuman ƏSGƏROV

“Naxçıvan” Universiteti

 “Turizm və otelçilik” ixtisasının III kurs tələbəsi

Nəşr edilib : 11.04.2022 18:46