AZ EN RU

Mənəvi dəyərlərin işığında – Qurban Bayramı

Azərbaycan xalqının mənəvi mədniyyətini özündə əks etdirən dini bayramlardan biri də Qurban bayramıdır. İslam termini olan Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə on ikinci ay olan Zülhiccə ayının 10- cu günündən başlayır və adətən 3 gün davam edir. Zülhiccə, adından da göründüyü kimi, həcc ayıdır. Qurban kəsmə isə həcc ibadətlərinə daxil edilmişdir. Dini Qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah (S. S.) İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha inamını yoxlamaq üçün ) əmr etmişdir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır olmuş, İsmayıl özü də qurban olmağa razılaşmışdır. Lakin uca Allah bunu öz elçisinə rəva bilməmiş və qurbanlıq üçün ona bir qoç göndərmişdi. Buna görə də bu bayramda kəsilən qurbana “İsmayıl qurbanı” da demişlər.

İbrahimin qoca yaşında Allah ona bir oğlan uşağı (İsmayılı) nəsib etmişdi. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur.

Qədim türklər yerləri yaman, bədxah ruhlardan qorumaq, ilahi varlıqlarla yaxınlıq əldə etmək məqsədilə qurbanlar kəsərdilər. Ən böyük qurban isə at olmuşdur. Atın qurban verilməsi adəti dünyanın bir sıra xalqlarında geniş yayılmışdır. Digər heyvanlardan da qurbanlıq kimi erkək heyvanlar üstün sayılmış, dişi heyvanlar isə qurban kəsilməmişdir. "Kitabi-Dədə Qorqud" eposunda qurbanlıq deyə atdan ayğır, qoyundan qoç, dəvədən, buğra qurbanlığı göstərilir. Bir çox etnoqrafik tədqiqatlarda qurbanın meydana gəlməsi ölüləri ac qoymamaq, ruhların rəğbətini qazanmaq, onları rəhmə gətirmək adəti və s. ilə əlaqələndirilir".

Təkcə heyvanlar yox insanlarda məhz qurban olurdu. Bunu biz bir el deyimində də görürük.

Mən aşiqəm, can sənə,

Olmuşam qurban sənə,

                                                   Quzu qurbanı nədir,

  Mən özüm qurban sənə.

Qədim Azərbaycanda insan qurbanı verilməsi adəti haqda da Strabonda məlumat vardır. Bu məlumata əsasən, bir il müddətində xüsusi olaraq bəslənilən "müqədəs qul" (hierodul) albanların müqəddəs Ay məbədindəki qurbangaha gətirilir; bədəninə ətirli yağ sürtülür və digər qurbanlıq heyvanlarla birlikdə qurban verilirdi.

İslama qədər bir çox dinlərdə insanları qurban verməyə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərərdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar. Tədqiqatçı alim N.Quluzadə bununla əlaqəli yazır ki, qurbanvermə adətilə bağlı olan bu və ya digər qaydalar və təssəvvürlər təsədüfən meydana gəlməmiş, ümumiyyətlə bu dini ayinin formalaşmasının özünəməxsus tarixi kökləri, qanunauyğunluqları vardır. Belə ki, islam və digər monteis dinlərdə icra olunan bu kimi ayinlərə və mərasimlər daha çox qədim zamanlarda yaranmış və zaman-zaman öz məzmun və formasını dəyişmiş ibtidai dini təsəvürlərdən, inanc sistemindən, dini etiqadlardan, ayinlərdən qaynaqlanmışdır. Fransız tədqiqatçısı Şarl Enşlen qeyd edirdi ki, qurban vermə adəti öz mənşəyini totemistik təsəvürlərdən götürür. Belə ki qurban verilən heyvan vaxtı ilə totem olmuş, müqəddəsləşdirilmişlər.

Qurban adətlərinə görə qurban kəsiləcək heyvan sağlam olmalı, heç bir şikəstliyi olmamalı idi. Adətən qurban kəsiləcək heyvan əvvəlcə seçilib bəslənilər. Bütün müsəlmanlar kim bizim xalqımıza da əziz olan bu bayramda yalnız ev heyvanları: xırdabuynuzlu heyvanlar (qoç, toğlu, qəzilli heyvanların erkəyin və.s.), dana, dəvə, öküz və ya bu cinsdən olan heyvanlar kəsilir. Digər heyvanların və quşların qurban kəsilməsi islam dinində məqsədə uyğun hesab edilmirdi. Xalq şairi S.Vurğun öz şeirində qurban bayramından bəhs etmişdir.

                                          Qurban bayramıydı, gülürdü dağlar,

Qonşumuz xınalı bir erkək kəsdi.

Qurbanlığın şərtlərindən bir də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur. Tədqiqatçı alim Emin Şıxəliyev yazır ki, Qurban bayramına gəlincə, bu bayram heyvanların kəsilməsi kimi bilinir və tətbiq olunur. Günümüzdə bu bayramın mahiyyəti kifayət qədər dərk olunmur və bir növ ət bayramın çevrilmişdir. Qurban bayramının İslama uyğun adı “yoxsula, imkansıza, yetimə yardım bayramı” olmalıdır.

Toplanmış etnoqrafik çöl materiallarına əsaslanaraq deyə bilərik ki, Qurban bayramı günü kəsilən heyvan axirətdə onu nəzir edib kəsən adamı belinə alıb Sirat körpüsündən keçirəcək. Qurbanlıq heyvanını kəsməmişdən qabaq bir sıra adət və inac sisteminə əməl edirlər. Kənd yerlərində kəndin mollası bir kiloqram duz alıb ona qurban duası oxuyub evinə qoyar. Hər kəs (qurban kəsənlər) gedib ondan bir qaşıq tutamı duz alıb gətirər axşamdan evində hazır tutar. Sabah qurban kəsiləndə həmin duzu qurbanlıq heyvanın ağzına atıb sonra kəsərlər. Naxçıvanda xalq arasından toplanmış materiallarına əsaslanaraq yazır ki, qurbanlıq heyvanın gözünü bağlamadan kəsmək günah sayılır. Qurbanlıq heyvanı kəsməmişdən qabaq ağzına bir tikə qənd qoyub çıxarırlar. Həmin qənddə müəyyən xəstəliklərdə (xüsusən göy öskürəkdə A.O.) istifadə edərlər. Kəsilən heyvanın gözünün giləsini qurudub “nəzir ağacı” düzəldirlər. Onu qırmızı parçaya büküb ağaca asırlar. Deyirlər ki, ona baxmaq savab sayılır. Ona baxan adama nəzər dəyməz. Heyvanları da nəzərdən qorumaq üçün “nəzər ağacı”nın altından keçirirlər. Bəzi bölgələrdə qurbanlıq heyvanın qanından götürüb bar verməyən ağacların üzərinə vururlar ki, bol meyvə versin. Uşağı olmayan gəlinlərin çiləsini tökmək üçün qurbanlıq heyvanın qanından suya salıb, gəlini həmin su ilə barlı ağacın altında  yuyundurardılar. İsmayıl qurbanını kəsməmişdən öncə onu kəsən adam yuyunmalı təmiz olmalıdır. Onu da qeyd edək ki, bu gündə hamı təmiz olmalıdır. İnanca görə insan bədənində bir tük var ki, həmin gün islanır. Qurbanı kəsən adam çalışar ki, gün çıxmamışdan qurbanı kəsib qurtarsın. İnama görə qurbanlıq ətinin üzərinə gün düşməməlidir. Heyvan kəsilən zaman onun qanının axıb getməsi günah sayılırdı. Qan ya bir qaba tutulur, ya da bir çuxur qazılıb ora axıdılırdı. Qurbanlıq heyvanın sümükləri itə atılmazdı, onu qazıb basdırardılar və ya çaya axıdardılar. Onun sümüklərindən suya salıb qaşınma xəstəlik tutanları yuyundurardılar. Bir digər inama görə qurbanlıq heyvanın tükündən güclü küləyin əsməsini dayandırma üçün yandırmaqda istifadə edərdilər. Qurbanlıq əti bu gündən sabaha saxlamzdılar hər kəs çalışardı ki, həmin günü evində qurbanlıq əti bişirsin. Ancaq ət çox olardısa, ətin üzərinə mütləq duz səpilib sabaha saxlanılardı. Ötən əsrlərdə istər kənd yerlərində, istərsə də şəhər də əhali çalışardı ki, saxladığı xırda buynuzlu heyvanlardan qurban kəssin. Bu gün demək olar ki, fərd olaraq qurban kəsmək azalıbdır. İnsanlar qəssabxanalara axışır ordan özləri üçün ət alırlar. Bir də inama görə qurban ətini tərəziyə qoyub çəkməzlər. Bu gün o adətə əməl edən yoxdur. Çünki hər kəs qəssəbdən ət aldığı üçün məcburən aldığı əti çəkdirməlidir.

Qurban bayramı günü gəlinə və ya nişanlı qıza “qurban payı” aparmaq adəti geniş yayılmışdır. Bir məslələni də vurğulamaq lazımdır ki, “qurban payı” ailənin maddi vəziyyətindən çox asılı idi. Bəzən bir şaqqa (heyvanın bir tərəfi), bəzən də bir neçə kiloqram ət aparırdılar. İmkanlı ailələr isə bir buynuzlu qoçu bəzəyib qız evinə, gəlin evinə götürərdilər.

Toplanmış mateiallara görə bölgədə bu gün doğulan oğlan uşaqlarına Hacı, İsmayıl adları qoyulurdu. Ancaq böyüyəndə o uşaqları bəzən Qurban deyə çağırardılar.

Asəf ORUCOV

AMEA Naxçıvan Bölməsinin

“Etnoqrafiya” şöbəsinin müdiri, dosent

Nəşr edilib : 27.06.2023 22:30