AZ EN RU

Mənəvi dəyərlər güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə formalaşır

    Böyük alman fiziki Albert Eynşteyn deyirdi ki, dinsiz elm kor, elmsiz din də topaldır. Bəli, insana həyatda yaşamaq üçün yemək, hava, su qədər vacib olan bu iki məfhum – elm və din vəhdət halında inkişaf edərsə, sağlam mənəviyyatın formalaşmasına yol aça, bəşər övladını düzgün əqidə sahibi edərək onu kamillik zirvəsinə, mərifət, fəzilət məqamına ucalda bilər. Əgər söhbət dini elmi cəhətdən öyrənməkdən gedirsə, bu zaman ən ali məqsəd müqəddəs kitabımız “Qurani-Kərim”in “Oxu” əmrinə əməl edərək araşdırma aparıb müfəssəl ədəbiyyatlara istinadən məntiqi nəticə çıxarıb doğru yola varmaqdır, çünki əbəs yerə “elminə əməl etməyən alim əlində bir işıqlı çıraq saxlayan kora bənzəyər”, – demirlər. Bu baxımdan günümüzdə dünyanın müxtəlif yerlərində məzhəb ayrı-seçkiliyi salaraq din pərdəsi adı altında naqis məqsədlər naminə insanları cahillik girdabına, xurafat məngənəsinə yuvarlayan halların hökm sürdüyü bir dövrdə muxtar respublikamızda bunun tam əksinə – dini-mənəvi dəyərlərin yüksək səviyyədə yaşadılması, “Milli-mənəvi dəyərlərimiz təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın mühüm atributudur”, – deyən ümummilli liderimiz Heydər Əliyevin misilsiz ümumbəşəri ideyalarına sadiqliyin təntənəsidir. 

    Məhz cari il mart ayının 29-da Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbovun fəlsəfi kəlamlarla dolu dərin məzmunlu çıxışında da Naxçıvanda dini-mənəvi dəyərlərimizin qorunub-yaşadılması sahəsində böyük inkişaf yolu keçildiyi bir daha vurğulandı və qarşıdakı dövrdə bu istiqamətdə görüləcək işlər müəyyənləşdirildi, aidiyyəti dövlət orqanlarına konkret tapşırıqlar verildi...
    Müşavirədə Ali Məclis Sədrinin dediyi “...Naxçıvanda elmə və təhsilə yüksək dəyər verilməsinin başlıca səbəblərindən biri də onun mənəviyyatımızla sıx bağlı olmasıdır. Belə bir yanaşma da var ki, elm dindən ayrıdırsa, uçurum, din elmdən ayrıdırsa, xurafatdır. Buradan o nəticəyə nail oluruq ki, sağlam mənəviyyatın formalaşdırılmasının ikinci yolu – elmlə dinin vəhdəti günün tələbidir...” dəyərli fikirlərinin ziyasında muxtar respublikamızda sağlam dini-elmi mühitin formalaşdırılması, hər yaşdan olan insanlara, xüsusilə də gənclərə mənəvi dəyərlərimizin elmi cəhətdən aşılanması yönündə görülən tədbirlərin icra əhəmiyyətinə nəzər salmağa çalışdıq. Müsahibimiz Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin eksperti, “Naxçıvan” Universitetinin İlahiyyat kafedrasının müəllimi Sabir Xəlilov mövzu ilə bağlı suallarımıza aydınlıq gətirdi. Bildirdi ki, ölkəmiz tarixən milli və dini baxımdan  nümunə gücündə olan yüksək mədəni irsə malik tolerant ölkə kimi tanınıb. Xalqımızın tolerant düşüncəli olduğunu həm tarixi mənbələr, həm Azərbaycanda bərabər hüquqlarla yaşayan müxtəlif xalqların nümayəndələri, həm də ölkəmizə gələn xarici qonaqlar da təsdiq edirlər. Bu gün həyatımızın bütün sahələrində bu bərabərlik, həmrəylik prinsiplərini görə, hiss edə bilərik. Təhsildə bu amil xüsusi nəzərə çarpır. Məhz ölkəmizdə əsası ulu öndərimiz tərəfindən qoyulan multikulturalizm və tolerantlıq siyasətinə, bərabər hüquq prinsiplərinə, xalqımızın düşüncə tərzinə, milli-mənəvi dəyərlərinə uyğun olaraq “Naxçıvan” Universitetinin Dinşünaslıq ixtisasında İslam dininin tədrisinə dair ərəb dili, Quran oxu və təcvid, hədis, təfsir, fiqh, kəlam, təsəvvüf kimi fənlərlə yanaşı, digər aparıcı dünya dinlərinin – xristianlıq, yəhudilik, buddizmin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, eləcə də fəlsəfə, sosiologiya, multikulturalizm kimi sosial, humanitar elmlər də tədris olunur. Ali Məclis Sədrinin müvafiq sərəncamlarına əsasən Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə hamiliyə verilən tələbələrlə mütəmadi şəkildə dini-tərbiyəvi tədbirlər, maarifləndirici görüşlər, universitetdaxili elmi-praktik konfranslar, agentlikdə təcrübə mübadilələri təşkil olunur. 
    Ümummilli liderimiz Heydər Əliyevin “İslam dini həmişə insanları sağlığa, təmizliyə, ülvi mənəviyyata dəvət etmişdir. “Qurani-Kərim” insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir...” dəyərli fikirlərini xatırladan Sabir müəllim bildirdi ki, tələbələrə İslam elminin öyrədilməsində əsas dərs vəsaiti kimi məhz “Qurani-Kərim”dən istifadə edilir. Bundan başqa, sağlam dini-ideoloji təfəkkürə malik kadr hazırlığı məqsədilə tədris prosesində tarixi mənbələrdən, ayrı-ayrı düşüncələrə, dünyagörüşlərinə xas ədəbiyyatlardan da nümunələr götürülərək təhlil edilir, tarixi hadisələrlə bağlı müxtəlif məqamlar ortaya çıxarılaraq bir-birilə qarşılaşdırılır və araşdırılaraq məntiqi nəticəsi düzgün şəkildə çatdırılır. Bu mənada, hazırda “Naxçıvan” Universitetinin elmi kitabxanasında olan 1393 adda 2243 dini ədəbiyyat çox köməyimizə yetişir. Dərslərdə gənclər İslam elmlərinin mənbəyi olan “Qurani-Kərim”i oxuyarkən dilin xətalardan qorunması və ərəb dilindəki hərfləri məxrəclərindən xüsusiyyətləri ilə birlikdə düzgün tələffüz etməyi, təcvid qaydalarını “Qurani-Kərim”in bütün surələrinə tətbiq etməyi, müqəddəs kitabı oxuyarkən meydana çıxan xətaları təsbit edərək aradan qaldırmağı, namaz dualarını, “Qurani-Kərim”in müəyyən surələrini əzbər, təcvid qaydaları əsasında surələri üzündən oxumağı öyrənirlər. Həmçinin tələbələr İslamın yarandığı mühitin sosial, iqtisadi, siyasi və dini strukturunu, Məhəmməd Peyğəmbərin (s.a.v) şəxsiyyəti və fəaliyyətini, İslamın ilk dövrlərində qeyri-müsəlmanlarla münasibətlərinin hüquqi, sosial, iqtisadi və dini aspektlərini, Ərəbistan yarımadasının islamlaşma prosesini, İslam xilafətinin idarəetmə mexanizminin inkişaf tarixini, fəthlərin dini-siyasi səbəb və nəticələrini, İslam sivilizasiyasının ilkin təşəkkül prosesini və digər məqamları dərindən mənimsəyirlər. Bununla da onlar orta əsrlər İslam tarixinin ictimai, iqtisadi və mədəni sahələri haqqında təhlillər və müqayisələr aparmaq, siyasi hadisələrin gedişinə təsir edən ictimai, iqtisadi və digər səbəbləri analiz süzgəcindən keçirmək və İslam tarixinin müxtəlif dövrlərinin inkişaf mərhələlərini araşdırmaq qabiliyyətinə malik olurlar. Bu xüsusda onu da vurğulamaq yerinə düşər ki, yeniyetməlik və gənclik dövrü psixoloji baxımdan ən həssas məqamları özündə ehtiva etdiyi üçün həmin yaşda uşaqlara dinin elmi cəhətdən düzgün aşılanması, onlarda zəngin mənəvi keyfiyyətlərin formalaşdırılması olduqca vacib məsələdir. Yəni əgər uşağa erkən yaşdan namaz qılmaq öyrədilirsə, dəstamazdan başlamış ayələrin oxunmasınadək bütün proseslər onun dərk edə bildiyi tərzdə, şüurlu şəkildə bütün mahiyyətilə izah edilməlidir ki, gələcəkdə hansısa cərəyanlar qarşısına çıxdıqda onlarla mübarizə aparıb qalib gələ bilsin. Təəssüf ki, dövrümüzdə dünyada bəzi lüzumsuz, heç bir əsası olmadan yayılan təriqətlər yeniyetmə və gəncləri daha asanlıqla öz təsirinə salmağa, müxtəlif aldadıcı vədlərlə onlardan çirkin məqsədlər naminə sui-istifadə etməyə müvəffəq olurlar. Məhz bütün bunları nəzərə alıb tədris prosesində tələbələrə milliliyimizə xələl gətirəcək, dəyərlərimizə əks, yad ünsürlərə qarşı dözümlü şəkildə mübarizə aparmağın yollarını əsaslı surətdə izah edir, səmavi dinləri düzgün formada, hədisləri, ayələri doğru təfsirlə, tarixi hadisələri faktlarla öyrətməyə çalışırıq.
    Ali Məclis Sədrinin “O cəmiyyət sağlamdır ki, orada mənəvi dəyərlərə sahiblik vardır. Müdriklər də deyirdi ki, inkişaf yalnız elmə əsaslandıqda məqsədə tam çatmaq mümkün deyil. Çünki elmdə irəli gedib mənəviyyatda geridə qalan cəmiyyət, son nəticədə, irəli yox, geriyə gedir. Bu gün dünyanın bir tərəfində insanlar dini və milli dözümsüzlükdən, digər tərəfində təriqətlərarası qarşıdurma və terrorizmdən əziyyət çəkirlərsə, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında isə dini həmrəylik və tolerantlıq hökm sürür” fikirlərini xatırladan Sabir müəllim bildirdi ki, muxtar respublikamız dünyada, bəlkə də, yeganə diyarlardan biridir ki, burada gündəlik bütün namazlar məscidlərdə vəhdət halında qılınır, dini ayinlər İslama xas humanizm prinsipləri üzrə birgə, ayrı-seçkilik salınmadan düzgün şəkildə icra olunur. Bu baxımdan hazırda davam edən Məhərrəm ayına xas ayinləri də qeyd etmək olar. Belə ki, bu ayda, eləcə də Aşura günündə əzadarlıq məscidlərimiz daxilində heç bir kənar müdaxilə olmadan, qaydalara uyğun saxlanılır. Yaşadığı dövrdə hər cür ayrı-seçkiliyə qarşı çıxan, insanları bərabərliyə, həmrəyliyə səsləyən Məhəmməd Peyğəmbər (s.a.v) buyurub ki, bədən Allahın bizə əmanətidir. Muxtar respublikamızda dövlətimiz tərəfindən görülən işlərin, aparılan maarifləndirmə tədbirlərinin bəhrəsi də belə deməyə əsas verir ki, biz əmanətə ən yaxşı sahib çıxan ümmətik. Bəli, bu gün insanlarımız dinlə bağlı bütün məsələlərə kor-koranə deyil, şüurlu şəkildə, həssaslıqla yanaşır, Ramazan, Məhərrəm aylarında həmrəylik nümayiş etdirir, dövlətimizin humanist addımlarına canla-başla qoşulur, dəstəklərini əsirgəmir, ehtiyacı olan insanlara köməklik göstərirlər. Yüksək ali təhsilə malik din xadimlərimiz tərəfindən məscidlərimizdə dini düzgün şəkildə təbliğ edən moizələr oxunur, şəhidlərimizin ruhlarına dualar edilir, ehsanlar verilir. Artıq bir neçə ildir ki, Aşura günündə muxtar respublikamızın bütün bölgələrində könüllü surətdə böyük xeyirxahlıq təşəbbüsü kimi qanvermə aksiyaları keçirilir, insanlar İslamın əsas qayəsinə əməl edərək xəstələrə şəfa vermək, darda olanlara kömək əli uzatmaq kimi pak niyyətlər, savab əməllər sahibi olurlar. Ümumiyyətlə, Məhərrəm ayının 10-cu günü sayılan, Nuh, Yunus, İbrahim və digər peyğəmbərlərin adları ilə də bağlı olan Aşura tarixən müqəddəs gün hesab edilib. Yəni həmin gün Uca Yaradanın bizə bəxş etdiyi həyativacib nemətlərə, əmanətlərə daha həssaslıqla yanaşmalı, xeyirxah əməllər, savab işlər görməliyik. Qeyd etdiyim kimi, İslamdan qabaqkı dövrlərdə də mövcud olan həmin ayda döyüşmək, qan tökmək, müharibə etmək böyük günah sayılıb. Elə məhz bu amilə görə Kərbəla hadisəsi müsəlman ümmətinin tarixinə təkcə kədərli deyil, eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir məqam kimi daxil olub. Həmin mübarizədə, müharibədə Vətən sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbərolma hikməti vardır. Və çox təqdiredici haldır ki, muxtar respublika sakinləri həmin hadisənin əsl mahiyyətini dərindən dərk edib, əzadarlıqlarını layiqli şəkildə saxlayır, Allah qarşısında öz mənəvi, vicdani borclarını böyük şövqlə yerinə yetirirlər... 
    Cari ilin mart ayının 29-da Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali ­Məclisin Sədri deyib: “Mənəvi dəyərlər güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə formalaşır”. 
    Bəli, Ali Məclis Sədrinin də qeyd etdiyi kimi, ölkəmizin ayrılmaz parçası olan muxtar respublikamızda bu gün mədəni irsimizin, dəyərlərimizin böyük hamisi, dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu ümumbəşəri ideyaların ziyasında güclü dövlətçilik, sülh və əmin-amanlıq şəraitində dini-mənəvi dəyərlər nümunəvi şəkildə qorunub yaşadılır. Heç şübhəsiz, tarixi yaşadanları tarix yaşatdığı kimi, dövlət və xalq qarşısında göstərilən xidmət də hər zaman öz layiqli qiymətini alır və gələcək nəsillərə örnək kimi heç zaman unudulmur, qəlblərdə əbədilik məqamı qazanır...

 Nail ƏSGƏROV

Nəşr edilib : 05.08.2022 20:13