AZ EN RU

Mən Vətəndə deyiləm, Vətən mənim qəlbimdə

    Müsahibim tədqiqatçı-türkoloq, yazar, Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Azərbaycan dili müəllimi Şahnaz Kamaldır. Filologiya fakültəsinin bakalavr və magistratura pilləsini Bakı Dövlət Universitetində fərqlənmə diplo­mu ilə bitirib. Aspirantura təhsilini Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türkologiya bölməsində alıb. Hazırda Sankt-Peterburq Dövlət Universitetində dərs deyir. Uzun illərdir, ailəsilə birlikdə Sankt-Peterburqda yaşayır. Azərbaycanla bağlı bir neçə kitab nəşr etdirib. Onlarla elmi, araşdırma və publisistik məqalələrin, həm də hekayələr və nağıllar kitabının müəllifidir.

     – Sizi Azərbaycanı, Azərbaycançılığı Vətəndən kənarda təbliğ edən, onu qoruyan, milli dəyərlərə önəm verən Azərbaycan qadını kimi tanıyırıq. Sankt- Peterburq Dövlət Universitetində Azərbaycan dilini tədris edən, bəlkə də, yeganə insansınız. Ana dilini Vətəndən uzaqda tədris və təbliğ etmək necə hissdir?
     – Xoş və qürurverici hissdir. Dilimizin gözəlliyini başqalarına öyrətdikcə daha dərindən duyur insan. Mən həm universitetdə Azərbaycan dilini tədris edirəm, həm də Rusiyada və digər ölkələrdə yaşayan rusdilli insanlara Azərbaycan dili dərsləri verirəm.

    – Sözsüz ki, Sankt-Peterburqda çox sayda azərbaycanlı yaşayır və onların dilimizi öyrənməsi üçün görülən işlərdə sizin də əməyiniz var. Bildiyimə görə, Mayakovski adına kütləvi kitabxanada danışıq klubunuz var. Orada nə kimi işlər görürsünüz?
    – On ilə yaxındır, V.V.Mayakovski adına kütləvi kitabxana ilə əməkdaşlıq edirəm. Bu böyük mədəniyyət müəssisəsi ilə ilk tanışlığım 2014-cü ildə olub. O zaman kitabxananın “Xarici ədəbiyyat” bölümündə azərbaycanca cəmi bir neçə kitab vardı. Mən bölmənin müdiri İrina Sergeyevna Toçilkina ilə görüşdüm və kitab hədiyyə etmək istədiyimi bildirdim. İrina Sergeyevna təklifimi məmnuniyyətlə qəbul etdi. Bir neçə il kitabxanaya kitablar hədiyyə etdim və onlar kataloqa salınıb rəflərə qoyuldu. Sonrakı dönəmdə kitabxana özü Azərbaycandan kitab sifariş etməyə başladı. İndi orada yüzdən artıq Azərbaycan dilində kitab var. 2014-cü ildən mən həm də kitabxanada Azərbaycanla bağlı tədbirlər keçirməyə, mühazirələr oxumağa başladım. Mühazirələr, əsasən, Azərbaycan ədəbiyyatı, dili, mədəniyyəti, mətbəxi və sair mövzularla bağlı olur. Novruz bayramını, həmrəylik gününü, Yeni ili qeyd edirik. Bəzən filmə baxırıq. 2015-ci ildə “Azərbaycan kinosu həftəsi” keçirdik. Bir həftə ərzində rus dilində subtitrlərlə azərbaycanca filmlər nümayiş etdirdim. 
    2017-ci ildə kitabxanada Şərq mədəniyyəti bölümü fəaliyyətə başladı. Bu bölümün müdiri Mariya Aleksandrovna Zuyeva ilə birlikdə onlarla tədbir, elmi konfrans, görüşlər keçirmişik. 2021-ci ildə Türkiyənin Qafqaz Universiteti ilə birlikdə təşkil etdiyimiz Əzizə Cəfərzadənin 100 illiyinə həsr olunmuş elmi konfrans buna misal ola bilər. Onu da deyim ki, beş ildir, bu kitabxananın nəzdində fəaliyyət göstərən danışıq klubum var. Klub pandemiyaya qədər canlı idi. O dönəmdə və sonra onlayn fəaliyyətə keçdik. İndi isə qarışıqdır, bəzən “Zoom” tətbiqi üzərindən olur, bəzən də kitabxananın özündə canlı keçirik. Mən bu sahədə əlimdən gələni etməyə çalışıram.
    – Başqa millətlərin Azərbaycan dilinə marağı necədir?
     – Mən rusdillilərə Azərbaycan dilini  öyrədirəm. Onlar da, əsasən, ya ruslar, ya Rusiyada böyüyən azərbaycanlılar olurlar. Bəzən, sadəcə, maraq üçün, ya da iş üçün dilimizi öyrənənlər də olur. Amma onların sayı azdır. Uşaqlar dilimizi öyrənəndə lap çox şad oluram. Onlar Rusiyada və digər ölkələrdə yaşayan azərbaycanlı uşaqlarıdır. Evdə rusca danışıldığından, Azərbaycan dilini  ya heç bilmirlər, ya da pis bilirlər. Bunu nəzərə alaraq, 2021-ci ildə Sankt-Peterburqda Gülşən Həbibova ilə birlikdə “Uşaqlar üçün Azərbaycan dili” adlı bir kitab nəşr etdirdik. Deyim ki, çox yaxşı qarşılandı. Tirajı bitmək üzrədir. 
    Dərs dedikcə, uşaqlar üçün nağıllar da yazmağa başlamışdım. 2021-ci ildə Bakıda “Xallı” adlı nağıllar kitabım nəşr olundu. O kitabın Peterburqda fəaliyyət göstərən, ən böyük kitab mağazası olan “Kitablar Evi”ndə satışını həyata keçirdim. Çünki Azərbaycan dilində olan nağıllara ehtiyac var. O kitabın da tirajı bitib. Artıq başqa bir nağıl kitabım da nəşrə hazırlanır. 
    Bundan əlavə, rusdilli uşaqlar üçün yeni bir Azərbaycan dili öyrədəcək kitabın üzərində işləyirəm.
    – Sankt-Peterburqda necə, nəşr etdirdiyiniz kitablar varmı?
    – Sankt-Peterburqda nəşr etdirdiyim ilk kitab Azərbaycan Respublikasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası 100” adlı elmi məqalələr toplusudur. Daha sonra 2022-ci ildə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş elmi məqalələr toplusunu, 2023-cü ildə isə “Azərbaycan nəşri antalogiyası”nın birinci hissəsini nəşr etdirdim. Bu istiqamətdə fəaliyyətim davam edəcək. Artıq bəzi addımlar atılıb. Böyüklər üçün yazdığım “Azərbaycan dilini müstəqil öyrənin” kitabı isə artıq nəşriyyatdadır. 2024-cü ildə burada nəşr olunacaq.
    – Şahnaz xanım, bir məqam mənim üçün maraqlıdır. İndi qalib Azərbaycanın vətəndaşı kimi bizi Sankt-Peterburqda təmsil edənlər sırasındasınız. Məğlub və Qalib –  bu iki duyğunu necə dilə gətirərdiniz?
    – Mən məğlub ölkənin vətəndaşı olmaq acısını da, qalib ölkənin nümayəndəsi olmaq qürurunu da yaşamışam, yaşayıram. Öncə, bu qüruru mənə yaşadan hər kəsə minnətdarlığımı bildirir, şəhidlərimizə rəhmət diləyir, onların ruhları qarşısında baş əyirəm. Qələbə bizim qəddimizi dikəltdi, başımızı uca etdi. Yad ölkədə nüfuzumuzu qaldırdı. Əslində, Peterburqun əhalisi mədənidir, mənim çevrəm də akademik çevrədir. Amma buna baxmayaraq, 2020-ci ildən sonra mənə münasibətdə dəyişiklik, istiləşmə, daha çox hörmət gördüm. Azərbaycanda yaşayanlar bunu həyatlarında necə hiss edir, bilmirəm, amma mən qürbətdə yaşayan biri kimi, bunun həyatıma təsirini görürəm, hiss edirəm. 
    – Qərib olmağın mənfi və müsbət tərəfi varmı?
    – Var. Mənfi tərəfi odur ki, harada olursan ol, yaşadığın ölkədə hansı mövqedə olursan ol, sən gəlməsən, yadsan. Bunu bir gün sənə deyəcəklər, hiss etdirəcəklər. Qürbətdə olmağın başqa bir yanı da istədiyin vaxt əlinin doğmalarına çatmamasıdır. Müsbət tərəfinə gəlincə, bilmirəm bunu müsbət adlandırım, ya yox. Amma əgər Vətəndən uzaqdasansa, demək, mənsub olduğun xalqı, milləti təmsil edirsən. Sənə baxıb millətinə, ölkənə dəyər, qiymət verirlər, sənin timsalında tanıyırlar. Bu, məsuliyyətdir. Bunu dərk etmək lazımdır. Məncə, hər kəsin missiyası var. Bunun fərqində olmaq lazımdır. Məsələn, niyə məhz Peterburqdayam? Bakıda yox, buradayamsa, bunun səbəbi nədir və burada olmağımın mənə, mənsub olduğum xalqa nə xeyri var? Qazandığımla itirdiyimin mütənasibliyi necədir? Qürbətdə olanlar bunu dərindən düşünməlidirlər, məncə. Harada olmağımdan asılı olmayaraq, Vətən mənim içimdədir, ürəyimdədir.
    – Gələcəkdə hansı işlərlə Vətənə, xalqa xidmət etməyi düşünürsünüz? Planlarınız, layihələriniz varmı?
    – Təbii, fəaliyyətimə davam edirəm. Yeni ildə kitabxana ilə əməkdaşlığımı yenə davam etdirəcəyəm. Bir neçə ciddi layihəm var. Bu barədə artıq Peterburqda lazım olan şəxslərlə danışmışam. Layihələrin bəzisini 2024-cü ildə, bəzisini 2025-ci ildə həyata keçirməyi planlaşdırıram, Azərbaycan üçün çox önəmli layihələrdir. Təbii ki, mənə dövlətimin dəstəyi çox önəmlidir, lazımdır. Çünki indi nəzərdə tutduğum işlər Azərbaycan üçün çox əhəmiyyətli və miqyası böyük olan layihələrdir.
    Bildiyiniz kimi, Rusiyada çox sayda azərbaycanlı yaşayır. Sankt-Peterburqda da onların sayı kifayət qədərdir. Ona görə də Peterburqda bir neçə diaspor təşkilatı fəaliyyət göstərir. Məsələn, Vaqif Məmişovun başçılıq etdiyi “Milli mədəni muxtariyyət”, Xeyransa Mirzəyevanın başçılıq etdiyi “Çinar”, İdris Qəhrəmanovun “Naxçıvan” təşkilatı. Mən hər biri ilə əməkdaşlıq edir, tədbirlərdə iştirak edirəm. 
     – Şahnaz xanım, həmsöhbət olduğunuz üçün sizə minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. 
    – Çox sağ olun! Mən də sizə müsahibəyə, dolğun suallara görə təşəkkür edirəm! Xalqımızı və dünyada yaşayan bütün soydaşlarımızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Bir olaq, həmrəy olaq!

Təranə ARİFQIZI 
Yazıçı-publisist, Naxçıvan Radiosunun əməkdaşı

Nəşr edilib : 26.12.2023 20:36