AZ EN RU

Mən torpağam...

    Torpaq! Yəqin ki, çoxumuz bu sözü bir gün ərzində dəfələrlə ifadə edirik. Bəlkə də, çoxumuz mövcudiyyətimizi borclu olduğumuz bu məfhuma bəsit bir yanaşma sərgiləyirik. Nəticədə, ona təbiətin bir hissəsi və hətta cansız bir varlıq olaraq baxanlar kifayət qədər çoxdur. Amma mövzuya başqa istiqamətdən yanaşmaq, bəlkə də, çoxlarının düşüncə və təsəvvürlərində dəyişiklik yaratmaq gücündədir. Əslində, həmişə bir parçası olduğumuz və nəhayətində ona qovuşacağımızı, yenidən onun bir hissəsi olacağımızı düşünəndə, ulularımızın, nənə-babalarımızın artıq çoxdan onun bir parçasına çevrildiyini anlayanda üstündə addımladığımız hər qarış torpağın nə qədər dəyərli, əziz olduğunu bir daha dərk etməli olursan. Xalq şairi Musa Yaqub məsələyə daha maraqlı bir çərçivədən yanaşaraq torpağa olan sevgisini daha fövqəladə və deyərdim ki, bəlkə də, məlum reallığı poetika ilə sintez edib bir az mistik şəkildə ifadə edərək yazırdı ki:

            ...Ölsəm də, qoynunda qoy ölüm ki, mən, 
            Çürüyüm, bir ovuc torpağın artsın...

    Vətənin bir ovuc torpağına çevrilmək, onun bir ovuc torpağını artırmaq, onunla qovuşub həmahəng olmaq belə bir arzuya çevrilə bilərmiş, demək ki. Vətən torpağına sevgini, məhəbbəti, Vətən torpağının müqəddəsliyini, ululuğunu bundan daha yaxşı necə ifadə etmək olar ki? 

    Doğulduğumuz, üstündə addımladıqca yavaş-yavaş dizlərimizi bərkidən, qollarımıza qüvvət verən əbədi və əzəli mövzudur torpaq. O torpaq ki bizim milli şüurumuzda namusumuzun bir parçasıdır. O torpaq baba və dədələrimizin uyuduğu, ata-anamızın yollarına iz saldığı, xüsusi sevgi və ehtirama layiq olan evimiz, obamız, yurdumuz, ilk və son məskənimizdir. Müqəddəs bildiyimiz bu ərazilər, sadəcə, münbit torpaqlar deyil. Eyni zamanda qanımızı coşduran, üstündə güc aldığımız, düşünmədən canımızı fəda etməyə hazır olduğumuz Vətən torpağıdır! 
    Bizim təfəkkürümüzdə, dünyaya baxış bucağımızda və yaradılışa olan inamımızda torpaq kifayət qədər müqəddəs yerə sahibdir. Bunu xalqımızın inanclar sistemində də aydın görmək mümkündür. Təsadüfi deyil ki, yazqabağı çərşənbələrdən biri də məhz yaradılışın dörd ünsüründən biri olan torpağa həsr olunur. Dünyamızın yaranmasının mühüm amillərindən biri kimi götürülən torpaq sudan sonra ikinci maddi başlanğıcdır. Əski inanc sistemlərində torpaq həmişə qadın cildində təsəvvürə gətirilir. Dildən düşməyən “ana torpaq, ana Vətən” ifadələri də buradan doğulmuşdur. Torpağın meydana gəlməsi ilə Yer kürəsinin formalaşması başa çatır və təbiətdəki başqa maddi varlıqların meydana gəlməsinə zəmin yaranır. Əksər mifoloji sistemlərdə dünyada olan bütün mövcudatın maddi, əşyavi tərəfi öz mayasını torpaqdan götürür. Hər şey öz köklüyünü yerdən – torpaqdan başlayır. O bütün yaradılışın əsasında dayanır. Mifoloji sistemlərdə torpağın meydana gəlməsi ilə qarmaqarışıq xaos parçalanır. Həyat torpaqdan başlayır. 
    Biz həyatın başladığı, insan oğlunun ilk ayaq basdığı, məskən saldığı, yurd-yuva qurduğu kifayət qədər zəngin və müdrik torpaqlarda yaşayırıq. Mənim məmləkətim hər yaz ucsuz-bucaqsız yamyaşıl bir dəniz kimidir. Sinəsini al lalələr, rəngarəng çiçəklər bəzəyən, yaşıl meşələrə, rəngli torpaqlara sahibdir bu yurd yeri. Qışda qardan bir yorğanla örtülüdür bu bərəkətli torpaqlar. Neçə savaşlar, neçə qəhrəmanlıqlar görmüş, şahlara, hökmdarlara yurd-yuva olmuş, sərkərdələrə sinə gərmiş, burada nə həyatlar başlamış, nə ömürlər sona çatmışdır. Dildən-dilə dolaşan nağıllarla bəzənmiş diyardır bura. Hər qarışı tarixin canlı şahidi, hər qarışı mədəniyyət nümunəsi, hər qarışı sivilizasiyadan bir yadigardır. Hamısının şahidi isə torpaqdır. Bizə bağrından pay verən, bizi qoynuna alan, yurd-yuva olan, boya-başa çatdığımız, anamız qədər sevdiyimiz torpaq.
    Nuhun binə saldığı bu müqəddəs məkan hər tərəfdən hündür dağlarla əhatələnmiş dərəni xatırladır. Ətrafımızda gördüyümüz göz işlədikcə uzanıb gedən görkəmli dağlar və torpaqlara can verən güclü çaylar xeyli zamandır, bu torpağı özlərinə məskən edib. Onlar bizdən çox qədimdirlər. Təbiət milyon illərboyu səbirlə, əzmlə indiki ekosistemi formalaşdırıb. Yaşadığımız təbiət bizə – yəni insana ana şəfqəti ilə yanaşaraq hər keçən gün yeni bir şey öyrədir. Min illər əvvəl insan bu torpaqlarda taxıl istehsalını kəşf etdi. Elə hər şey də bununla başladı... Təsərrüfatın inkişafı ilə bu torpaqlar mədəniyyətin inkişaf beşiyinə çevrildi. Torpaq öz nemətini, bətnindən yetişdirdiklərini insanoğluna pay etdi, onu qorudu. İnsanoğlu da torpağı qorudu. Yəqin ki, elə bu aspektdən yanaşan Xalq şairi Rəsul Rza məşhur “Mən torpağam” şeirində yazırdı:

    Mən torpağam, nemətimi, varımı
  zəhmət sevən insanlarla bölərəm...

    Yaşadığımız bu torpaqların bir məziyyəti var; olduqca rəngli bir torpaq formasına, torpaq keyfiyyətinə və coğrafiyasına sahibdir bu yerlər. Bu torpaqlarda, bu iqlimdə yetişməyən çox az məhsul var. Ululardan ulu Qorqud Dədəmiz deyirdi: “Torpağı əkib-becərmirsənsə, qorumağa dəyməz, qorumursansa, əkib-becərməyə dəyməz”. Bu fikirdən yanaşdıqda görürük ki, min illərdir ki, insanların tər tökdüyü bu torpaq heç vaxt zəhməti qarşılıqsız, əziyyəti bəhərsiz, torpağa tökülən təri zərsiz qoymayıb. Görülən hər bir işin qarşılığını qat-qat artıqlaması ilə geri ödəyib: sözün hər iki mənasında. Ona görə də bu yerlərin insanları həmişə torpağa bağlı olub, onu qoruyub. Torpağı sevmək, torpaqla ünsiyyət qurmağı bacarmaq, keçmişin təcrübələrindən yararlanmaq və onları gələcək nəsillərə ötürməyi bacarmaq lazımdır. Hər sonrakı nəsil torpağı əmanət aldığını və bu torpaqların hamımızın olduğunu dərk edərək davranmalıdır. 
    Torpaq, yaşayan bir dünya, içində yaşatdığı saysız-hesabsız üzvi maddə sayəsində bitkiləri qidalandıran, suyu süzən və mühafizə edən həyat mənbəyidir. Torpağın altında hələ də görmədiyimiz, bilmədiyimiz, bəlkə də, kəşf edilməyi, gün işığına çıxmağı gözləyən çox dəyərli xəzinələr, abidələr var. O hələ də bilinməyən sirləri qoynunda saxlayaraq, bəlkə də, qoruyur. Yəqin ki, nə zamansa onlar insanoğluna da bəlli olacaq. Nuh babamızdan qalan bu izlər torpağın nə qədər qədim və zəngin olduğunu göstərir. 

               Mən torpağam, məni atəş yandırmaz;
              tərkibimdə kömürüm var, külüm var.

    “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyiblər bir də. Bu torpaq neçə mübarizələrin, işğalların, üsyanların şahididir. Bu torpaq azadlıq uğrunda qəhrəmanlıqların, gələcəyə işıq tutan odlu-alovlu məşəl kimi yanan ürəklərin yurdudur. Bu torpaq uğrunda şəhidlərin qan tökdüyü, can alıb can verdiyi müqəddəs yerlərdir. Böyük türk şairi Mehmet Akif Ersoy “İstiqlal marşı”nda yazırdı ki:

              Basdığın yerlərə torpaq deyərək keçmə, tanı. 
              Düşün altındakı minlərcə kəfənsiz yatanı...

    Elə bu misralarda deyildiyi kimi, ayaq basdığımız hər qarış torpağın altında özünü bu torpağa fəda etmiş qəhrəmanların qanları, canları, yaşaya bilmədikləri arzuları, gerçəkləşdirə bilmədikləri xəyalları var. Özləri Vətən olan, Vətən torpağına qovuşan, torpağa çevrilən şəhidlərin izləri var. Bu torpağa qanı tökülən igidlərin yazdıqları tarix və etdikləri igidliklər Azərbaycanın müqəddəs torpağını daha da ulu edib. Onore de Balzak deyirdi: “Torpağa əkilən toxumlar içərisində ən çox məhsul verən fədailərin torpağa tökdükləri qandır”. Bu torpaq, bu Vətən uğrunda minlərlə igid Vətən oğlu, Vətən qızı öz canından, qanından keçib, bu Vətəni qanıyla suvarıb. Sərt qayalarımız, bərəkətli torpaqlarımız onların qanıyla boyanıb al laləyə çevrildikcə şəhid qoxulu Vətən torpağı daha da qüvvətlənib, güclənib və müqəddəsləşib. Çünki torpaq qanla qarışanda Vətən olur. 
    44 günlük Vətən müharibəsindən sonra indi o torpaqlarda addım-addım, kərpic-kərpic bərpa edilən, qurulan şəhərlərə, kəndlərə sakinlərin geri dönüşü Böyük Qayıdışın bir parçası olmaqla yanaşı, yurda dönüş, Vətənə məhəbbət, torpağa bağlılıqdır. Torpaq da sevinir indi. Düşmən tapdağından azad olub öz doğma sakinlərini qarşılayır, çünki doğma səsləri eşitmək istəyir indi. Doğmaların, bu torpağın sahiblərinin, bu torpaq uğrunda canından keçməyə hazır olanların ayaq izləri ilə sinəsində cığırların açılmasını gözləyir indi. Şəhidlərin qanı ilə suvarılan o torpaq indi sevgi və məhəbbətlə yenidən çiçəklənən torpağa çevrilir və çevriləcək. Torpaqdan cücərən toxum kimidir bu sevgi. Bu toxum insanın ruhuna ana nəfəsi, dilə gətirilən ana kəlməsi ilə səpildikcə insanda ruhi sevgi başlayır. O sevgi böyüdükcə, özünü dərk etdikcə bu toxum cücərir, ruha yayılaraq əvəzedilməz duyğuya çevrilir.
    Mete Xan torpağın dəyərini öz varislərinə belə ifadə edirdi: “Məndən yəhərimi istəyin – verim, atımı istəyin – verim, lakin heç kəs Vətənimdən bir qarış torpaq istəməsin – vermərəm”. Ona görə də bu torpaq bizə ulu babaların mirası, gələcək nəsillərə əmanətdir. Deyirlər, torpaq sevdiklərimizi qoynunda saxladığı, bir ana kimi onlara yenidən bətnində yer verdiyi üçün onun ətri bizə bu qədər doğma və xoş gəlir. Hərdən düşünürəm ki, səbəbini heç bir halda dərk edə bilmədiyim torpaq ətrindən duyulan bu zövq, yəqin ki, həm də təbiətə, torpağa məxsusluğun, ona aid və bağlı olmanın, nəhayət, ona qayıtmalı olduğumuzun gətirdiyi bir duyğudur, hətta sevgidir. Dərki yoxdur bəzi şeylərin. Səbəbini heç vaxt bilməyəcəyik...
    Bəziləri taleyimizin torpağa bağlı olduğunu deyər. Çünki, nəticədə, onun bir parçasıyıq. Bizim varlığımız dörd ünsürün vəhdətidir: odun, suyun, havanın və torpağın. Bununla belə bəzən özümüzü yarımçıq və ya tək hiss edə bilərik. Bax onda həmin dörd ünsürün birlikdə ruhumuza, varlığıma hopan duyğuya dirənib tənhalığa çarə, xoşbəxtliyə dəstək və bəlkə də, kədərə məlhəm olmaq kimi möhtəşəm bir gücü var. Nə də olsa, biz onların bir parçasıyıq və yenidən bir gün onlarla qovuşacağıq. Çünki mən torpağam...

Məmməd BABAYEV

Nəşr edilib : 30.08.2023 20:03