AZ EN RU

Mən ölkəmizdə elmin gələcəyinə və elmdə yeni nəslin gələcəyinə inanıram

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik  İsa Həbibbəyli:
– Mən Nəxçıvan Dövlət Universitetinin rektoru olduğum illərdə hər zaman “Nobel” mükafatı laureatlı bir alimin bu universitetdə olmağını arzulayırdım. Hətta bunun üçün bir neçə təşəbbüslərim olsa da, bunlar baş tutmadı, elə arzu olaraq da qaldı. Amma bu gün mən özümü çox xoşbəxt hesab edirəm ki, dünyaca məşhur  görkəmli bir elm xadimi,  Türkiyə Respublikası vətəndaşı olan elm adamı Naxçıvan Muxtar Respublikasının qonağıdır. Əziz Səncərin – görkəmli böyük alimin Naxçıvan Muxtar Respublikasına səfərinin, Naxçıvan Dövlət Universitetində keçirdiyi görüşün ən böyük mənası yeni nəsillər içərisindən də, “Nobel” zirvəsini fəth edəcək alimlərin çıxa bilməsi üçün elm toxumlarının səpilməsi idi. Hesab edirəm ki, bu gün həm Əziz Səncərin çıxışı, həm də onun ətrafında olan çıxışlar məhz xalqımızın özünə inamını və gələcəkdə “Nobel” kimi böyük mükafatların alınmasını və gənclərin özünə inamını istiqamətləndirən çıxışlar idi.  Məncə, mühüm əhəmiyyətə malikdir. Azərbaycan xalqı istedadlı xalqdır, türk xalqı istedadlı xalqdır. Mən ölkəmizdə elmin gələcəyinə və elmdə yeni nəslin gələcəyinə  inanıram. Bugünkü tədbir də bu sahədə atılan böyük addım idi. Hər bir kəsə bu elm yolunda uğurlar arzulayıram!

Nəşr edilib : 01.06.2024 23:28