AZ EN RU

Mən oğlumla fəxr edirəm!

Azər Kamil oğlu Tağıyev

(20.12.1999-08.11.2020)

Azərin hər bir xatirəsi unudulmazdır. Çox sakit, çox da tərbiyəli idi. Onun dilindən “hey” sözü eşitməmişdik, elə “bəli” və “baş üstə”. Mənim üç övladım var. Hər biri bir ayrıdır. Azər bir başqaydı.
Bir gün Azər evə zəng vurdu ki, təlimə gedirəm. Xüsusi təyinatlı dəstələrin təliminə. Mən ona dedim ki, getmə. Nə edəcəksən, onsuz da işləyirsən. Amma məni eşitmədi. Bizdən xəbərsiz gedib kursa yazılmışdı. Ona görə də söz deyə bilmədik. Təlimini başa vurdu.

Müharibəyə gedən günü evdə oturmuşdum. Mənə zəng etdi. Dedi ki, ana, yatmayın. Gecə saat 12-də gəlib sizi görəcəyəm. Bu sözü eşidən kimi bildim ki, Azər müharibəyə gedir. Soruşdum ki, hara gedirsən? Cavab verdi ki, ana, heç yerə getmirəm. Amma gəlirəm sizi görəm. Neçə gündür, evə gəlməyən Azər gecə saat 12-də gəldi. Dedi ki, ana, bəlkə, sabah Bakıya getdik. Nəsə ki, ana olasan... nə qədər dedim getmə, dedi ki, gedəcəyəm. Oktyabrın 16-sı getdilər. 
Arada mənə zəng vururdu. Mən ağlayanda deyirdi ki, ana ağlama, dua elə. İndi ağlamaq yeri deyil. Yalnız bizə dua et. 
Müharibədə olanda bir gün zəng vurdu. Dedim ki, ana, qurban, nə edirsiniz? Cavab verdi ki, kabab yeyirik. Dedim, a bala, ora kabab yeridirmi? Dedi ki, hə, ana, toyuq kababı yeyirik. Dedim ki, ana qurban, telefonunu söndür, get kababını ye. Uşaqlar yeyər, sənə saxlamazlar. Cavab verdi ki, ay ana, burada elə şey yoxdu. Hər birimiz qardaşıq burada. 
Nişanlı idi. Arzumuz toy etmək idi. Amma əcəl qoymadı. Balam bəy yox şəhid oldu, qəhrəman oldu, Vətən oldu! Mən oğlumla fəxr edirəm!

Nəşr edilib : 09.03.2024 15:10