AZ EN RU

“Mən jurnalistlərə, mətbuat orqanlarına böyük hörmətlə yanaşıram”

Maarifpərvər ziyalı Həsən bəy Zərdabinin ciddi səyləri hesabına 1875-ci ilin iyul ayının 22-də ilk nömrəsi işıq üzü görən “Əkinçi” ilə doğulan milli mətbuatımız uzun bir inkişaf yolu keçib. Tarixin müxtəlif dönəmlərində çətinliklərlə də üzləşib, təhqirlərə, hədələrə də məruz qalıb. Buna baxmayaraq, məsləyindən, əqidəsindən dönməyib. Üzərinə götürdüyü vəzifəni yerinə yetirməyə çalışıb.
Ümummilli Liderimiz Heydər Əliyev bununla bağlı olaraq deyirdi: “Milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş prinsipləri – maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələriıı obyektiv işıqlandırılması Azərbaycanda milli-demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı”.
Doğrudan da, 2 il fəaliyyət göstərən, 56 nömrəsi işıq üzü görən “Əkinçi”nin Azərbaycanın ictimai-siyasi fikir tarixində, elmin, mədəniyyətin inkişafında böyük rolu oldu.
Və bundan sonra fəaliyyətə başlayan müxtəlif mətbuat orqanları “Əkinçi”də yaranmış ənənələri yaşatmağa başladılar. Etiraf edək ki, sovet hakimiyyəti illərində dövlətin ideoloji tələbləri söz azadlığına, mətbuatın demokratik prinsiplərlə inkişafına imkan vermirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan mətbuatının 130 illik yubiley mərasimində dediyi kimi: “O dövrün ideoloji çərçivələri icazə vermirdi ki, Sovet Azərbaycanında söz azadlığı tam bərqərar olsun. İdeoloji çərçivələr imkan vermirdi ki, mətbuat hərtərəfli inkişaf etsin”.
Bütün bu maneələri aradan qaldırmağı 1969-cu ildə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev özünün prioritet vəzifəsinə çevirdi. Həyatımızın digər sahələri ilə yanaşı, mətbuatımız da hərtərəfli inkişaf yoluna qədəm qoydu, özünün qayğıkeş hamisini tapdı. Xalqın maraq dairəsini özünə cəlb etdi. Müxtəlif informasiyaların operativ şəkildə yayılmasında, ölkə vətəndaşlarının maarifləndirilməsində ideoloji tribunaya çevrildi. Dövlət siyasətinin təbliğini, bu siyasətin kütlələrin maraqlarına xidmət etməsini isə səhifələrində dolğun şəkildə işıqlandıran mətbuat orqanlarımız geniş oxucu auditoriyası qazandı.
Azad mətbuatın, demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi olan, mütərəqqi idealların carçısına çevrilən, xalqın ülvi arzularının reallaşmasına öz töhfəsini verən söz tribunamız müstəqillik illərində yenə də məhz dahi şəxsiyyət Heydər Əliyevin apardığı uzaqgörən siyasətin, həyata keçirilən məqsədyönlü tədbirlərin hesabına özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.
Ulu Öndərin 1998-ci il avqust ayının 6-da imzaladığı “Söz, fikir, məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı mətbuat işçilərinin böyük sevincinə səbəb oldu. Bu sənədlə Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin fəaliyyəti dayandırıldı, 1992-ci ilin aprel ayının 16-da imzalanmış Fərmana əsasən yaradılmış hərbi senzura aradan götürüldü.
Xatırladaq ki, sovetlər birliyinə daxil olan respublikalar içərisində ilk dəfə olaraq bu addım Azərbaycanda atılmışdı.
Həmin Fərmanda təqdirolunası məqamlardan biri də o idi ki, Azərbaycanın bütün mətbuat və informasiya orqanları əlavə dəyər vergisindən azad edildi.
Ulu Öndərin bu istiqamətdə gördüyü ən mühüm işlərdən biri də 2000-ci il mart ayının 27-də imzaladığı Fərman idi. “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” adlı bu tarixi sənəd ölkəmizdə mətbuata dövlət qayğısının daha bir təzahürü kimi dəyərləndirildi.
“Mən jurnalistlərə, mətbuat orqanlarına böyük hörmətlə yanaşıram. Sizin əməyinizi çox ağır, mürəkkəb əmək hesab edirəm. Özünü bu peşəyə həsr edənlər əsl hünər göstərirlər”, – deyən Ümummilli Liderimizin adıçəkilən Fərmanı Azərbaycanın ictimai-fikir tarixində mühüm rolu olan mətbuatın daha sürətli inkişafına, söz, fikir azadlığına şərait yaratdı, respublika mətbuatında öz dəst-xəti olan qələm sahibləri yüksək dövlət mükafatlarına layiq görüldülər.
“Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılmasına və Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılmasına dair” 2001-ci il 20 iyul tarixli Fərmanı isə bu sahənin daha geniş fəaliyyətinə imkan yaratdı.
Ulu Öndər deyirdi: “Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfələrini vermişdir”. Təbii ki, bu töhfələr mətbuatımıza Ulu Öndərin böyük qayğısından qaynaqlanırdı. Belə qayğının davamı kimi Ümummilli Liderin 2001-ci il dekabr ayının 27-də imzaladığı “Kütləvi İnformasiya Vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı da mühüm əhəmiyyət daşıyan sənəd kimi dəyərləndirilməlidir. Eyni zamanda dahi rəhbərin “Azərbaycan” nəşriyyatına olan borcların ödənilmə müddətinin 3 il uzadılması ilə əlaqədar 9 yanvar 2003-cü ildə qüvvəyə minən Sərəncamı da onu göstərir ki, Ulu Öndər mətbuatın dövlətin inkişafında oynadığı rola necə yüksək qiymət verirdi.
2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu Öndər Heydər Əliyev demişdir: “Bilin, mən jurnalistləri həmişə sevmişəm. Mən bir dəfə söylədim ki, keçmişdə, Sovet hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının liderləri içərisində başqalarına nisbətən mətbuatla ən yaxın olan adam mən olmuşam. Ən dost olan adam mən olmuşam. Bu, mənim xarakterimdədir, xasiyyətimdədir. Mən həmişə mətbuatla maraqlanmışam, qəzet-jurnalları oxumuşam, radio-televiziyada verilən məlumatlara həmişə diqqətlə yanaşmışam. Ona görə də jurnalistika sənəti mənə çox yaxın olubdur”. 
Bütün bunlara rəğmən onu da vurğulamağı vacib sayırıq ki, Ümummilli Liderin kütləvi informasiya vasitələrinin inkişafına, jurnalist əməyinin qiymətləndirilməsinə göstərdiyi qayğının bəhrələrini “Şərq qapısı” qəzetinin timsalında aydın görmək olar. Köklü mətbuat ənənələri olan qəzetin fəaliyyətini Ümummilli Liderimiz yüksək qiymətləndirərək deyirdi: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm... O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.
Yeri gəlmişkən, bir faktı diqqətinizə çatdırmaq istərdim. Azərbaycan milli mətbuatının 135 illik yubileyi ərəfəsində, 13 iyul 2010-cu il tarixli nömrəsində “Ziyalı tribunası” rubrikasında dərc olunmuş “Mətbuat cəmiyyətin güzgüsüdür. Onun nüfuzunu yüksəldən başlıca amil dövlətçilik dəyərlərinin formalaşması prosesində oynadığı roldur” sərlövhəli müsahibəmdə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, 1991-2000-ci illərdə “Şərq qapısı” qəzetinə redaktorluq etmiş mərhum Səxavət Kəngərli mətbuatda işlədiyi dövrlərdə Ümummilli Lider Heydər Əliyevlə görüşlərini xatırlayaraq deyirdi: “Ümummilli Liderimiz mətbuata qarşı çox həssas və qayğıkeş insan idi. Çünki mətbuatın cəmiyyət həyatındakı rolunu yaxşı bilirdi. O, daim qəzetin fəaliyyəti ilə maraqlanır, muxtar respublikanın maddi vəziyyətinin son dərəcə ağır olmasına baxmayaraq, qəzetin nəşrinin davam etdirilməsinə hər cür maddi köməklik göstərir, onun keyfiyyətini yaxşılaşdırmaq, ideya-siyasi cəhətdən düzgün istiqamətləndirmək üçün çox qiymətli tövsiyələr verirdi. 
...Xoşbəxtliyimiz onda oldu ki, o ağır dövrdə Heydər Əliyev kimi görkəmli dövlət xadimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçildi. AXC-Müsavat iqtidarı tərəfindən qəzetə pul vəsaitinin ayrılması qəti olaraq qadağan edilsə də, Ulu Öndər Heydər Əliyev qəzetin nəşrinin davam etdirilməsi üçün maliyyə orqanlarını vəsait ayırmağa məcbur edirdi. Əgər o vaxt Ulu Öndərimiz Naxçıvana rəhbərlik etməsəydi, “Şərq qapısı” qəzetinin nəşrində ən azı bir il, il yarım fasilə yaranacaqdı”. 
Səxavət müəllim onu da deyirdi ki, qəzetin hər bir nömrəsi ilə yaxından maraqlanan Ulu Öndər vəsait çatışmadığı üçün “Şərq qapısı” qəzetinin bülleten şəklində nəşr edilərək paytaxt Bakıya göndərilməsini təmin etmişdi. Məqsəd o idi ki, Bakıda və ölkənin digər bölgələrində yaşayanlar muxtar respublikada gedən ictimai-siyasi proseslərdən xəbər tuta bilsinlər. 
Həyatımızın bütün sahələri ilə yanaşı, mətbuata da böyük qayğı göstərən Ulu Öndərin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin ötən dövr ərzində bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü tədbirlər hər bir mətbuat işçisinin hərtərəfli fəaliyyətinə böyük imkanlar yaradıb.
Şərəfli bir yol keçmiş, bölgənin ictimai-siyasi, mədəni, iqtisadi həyatında mühüm rol oynamış “Şərq qapısı” qəzeti də belə qayğılardan kənarda qalmayıb. Belə ki, son illərdə əməkdaşların əməkhaqqı bir neçə dəfə artırılıb, 3 şöbə yaradılıb. 2010-cu ildə “Şərq qapısı” qəzeti müasir bina və texnoloji avadanlıqlarla təmin edilib. 2021-ci ildə qəzetin 100 illik yubileyi keçirilib. 
Bu gün muxtar respublikamız ölkə başçısı cənab İlham Əliyevin hərtərəfli qayğısı ilə böyük quruculuq yolundadır. Regionumuzun hansı yaşayış məntəqəsinə, ucqar dağ və sərhəd kəndinə üz tutsaq yeniləşmə proseslərinin ərməğanlarını görə bilərik. Yeni məktəblər, səhiyyə ocaqları, inzibati binalar tikilir, yollar salınır, yaşıllaşdırma tədbirləri həyata keçirilir. İqtisadiyyat inkişaf etdirilir. Bütün bunlar naxçıvanlıların qurub-yaratmaq əzmini, doğma yurda bağlılıq hisslərini gücləndirir. Və muxtar respublikada gedən prosesləri operativ şəkildə işıqlandırmaq üçün qəzetin yaradıcı heyəti səy və bacarığını əsirgəmirlər. 
Bu gün bir elmlər namizədi və dosentin, 1 Əməkdar jurnalistin, 3 “Tərəqqi” medallı əməkdaşın fəaliyyət göstərdiyi qəzetdə çalışanların çoxu gənclərdir. 
Qəzetin əməkdaşları öz fəaliyyətlərində ölkə başçısı cənab İlham Əliyevin bu qədim yurd yerinə qayığısının ifadəsi olan belə tədbirlərə operativ münasibət göstərirlər. Respublika Prezidentinin xarici ölkələrə səfərləri, bu səfərlərdəki görüşləri, gəlinən nəticələr, həmin nəticələrin Naxçıvana da verəcəyi töhfələrlə bağlı analitik yazıların hazırlanaraq oxuculara təqdim edilməsini qəzet qarşıya qoyulmuş vəzifələrin başlıcası sayır. Dövlət başçısının 2023-cü il 5 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamından, bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədən irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlər əməkdaşların da qarşısına yeni vəzifələr qoyub. Bu istiqamətdə hazır­lanaraq oxuculara təqdim edilən yazılar maraqla qarşılanır. 
Ulu Öndərin: “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri obyektiv dəyərləndirmək və prosesləri düzgün analiz etnıək bacarığı tələb edən sənətdir” müdrik kəlamını əsas götürən qəzet əməkdaşları öz fəaliyyətlərində bu cəhətlərə diqqət yetirməyə səy göstərirlər. 
Muxtariyyətimizin 100 illik yubileyini qeyd etdiyimiz bir dövrdə redaksiyamız şad bir xəbər aldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 1 may tarixdə imzaladığı “Media haqqında” Azərbaycan Respublikası Qanununun 59.2-ci maddəsinə müvafiq dəyişiklik edilməklə Azərbaycan Respublikasında çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahısına Naxçıvan Muxtar Respublikasının Ali Məclisi də əlavə olunmaqla “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsası yaradılıb. “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin “Şərq qapısı” qəzeti redaksiyasının Nizamnaməsində dəyişiklik edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli Fərmanına uyğun olaraq yeni ştat cədvəli hazırlanıb. Bu, muxtar respublikanın inkişafını daim diqqətdə saxlayan cənab İlham Əliyevin “Şərq qapısı” qəzetinə böyük qayğısı olmaqla bizim məsuliyyət hissimizi daha da artırıb. “Şərq qapısı” qəzeti bundan sonrakı fəaliyyətində də qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə çalışacaq.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 22.07.2024 09:00