AZ EN RU

Mən atamın davam edən həyatıyam

Bir şəhid oğlunun dilindən

Bu mənəm, anamın gözünün nuru, atamın üzümü görmədiyi, onun azad etdiyi torpaqlarda ilk addımını atan onun adaşı Qabil. Mən Aprel qələbəsi ilə yaşıd kiçik oğlan uşağı, atamın göy üzündəki qanadı, bu dünyada davam edən həyatıyam. Mən dünyaya gəlməzdən öncə atamla yoldaşları düşməni qovublar yurdumuzdan. Özü əbədiyyətə gedib ancaq. Mən azad Vətənin övladı olum deyə o, canından keçib. Oğullarımız azad yaşasın deyib. Böyüdükcə onun haqqında nağıllar danışır anam mənə, elə bilir uşağam hələ başa düşmürəm. Mən hər şeyi bilirəm, atamın biz xoşbəxt yaşayaq deyə şəhid olduğunu da, onun necə bir igid olduğunu da. Ayaq tutub yeriyəndə onun məzarı başına getdim, başı üstə dalğalanan bayrağa, sinəsini bəzəyən medallara baxdım. Kiçik əllərimlə sinədaşına güllər qoydum. O anda sanki göz-gözə gəldik. “Mənimlə fəxr et, oğlum, incimə sizi qoyub getdiyim üçün. Mən, balalarım məğlub xalqın övladı kimi böyüsün istəmədim. Azad atanın, azad Vətənin övladı ol istədim və bu yolda canımdan keçdim. Hərbi formanı geyinməkdən, Vətən müdafiəçisi olmaqdan qorxma. İzimlə addımla. Vətənin müdafiəsi yolu çətin olsa da, şərəflidir, qürurludur, əbədidir. Başın üstə dalğalanan bayrağa baxanda qürur duy, çünki sən qalib xalqın xoşbəxt övladısan”, – dedi. 
Zaman məni yaşıdlarımdan daha tez böyüdəcək. Çünki mən atamın yolunu davam etməyə tələsən körpəyəm. Mən böyüyüb atamın azad edib, bizlərə əmanət qoyduğu Vətənin hər qarışını qorumaq istəyirəm. 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 11.04.2024 11:05