AZ EN RU

Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılmasının 50 illiyi qeyd olunub

    İyulun 15-də Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılmasının 50 illiyi münasibətilə tədbir keçirilmişdir.
    Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirmişdir ki, muzey işinin, muzeyşünaslığın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər respublikada muzey şəbəkəsinin və onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlamışdır. Azərbaycan mədəniyyətinin nəhəng simalarının memorial-xatirə, ev-muzeyləri, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz bu dahi şəxsiyyətin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Belə muzeylərdən biri də bu il yaradılmasının 50 illiyi qeyd edilən Məmməd Səid Ordubadinin ev-muzeyidir.
    Vurğulanmışdır ki, M.S.Ordubadi yaradıcılığı, onun Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə görkəmli yazıçı-publisistin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, Ordubad şəhərində bir zamanlar yaşadığı ata ocağı ev-muzeyinə çevrilmiş, 1979-cu il noyabr ayının 1-də isə Bakıda ədibin yaradıcılıq yadigarlarının məkanı olan Xatirə Muzeyi yaradılmışdır.
    1972-ci ilin iyun ayında ədibin doğulub boya-başa çatdığı Ordubad şəhərində fəaliyyətə başlamış Məmməd Səid Ordubadinin ev-muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 2010-cu ildə əsaslı təmir və bərpa edilmişdir. Bu mədəniyyət müəssisəsi 3 ekskursiya zalı və 1 iş otağından ibarətdir. Muzeyin fondunda 720-yə yaxın eksponat saxlanılır, onlardan 400-dən çoxu ekspozisiya zallarında nümayiş etdirilir.
    Natəvan Qədimova muxtar respublikada muzeylərin fəaliyyətinə göstərdiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından minnətdarlığını bildirmişdir. 
    Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli “Məmməd Səid Ordubadinin ev-muzeyinin fəaliyyəti” və AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi” mövzularında  çıxış etmişlər.
    Qeyd edək ki, muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, burada yaşadığı dövrə aid xatirə əşyaları, portretlər, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmaları, M.S.Ordubadi ilə ünsiyyətdə olmuş görkəmli şəxslərin fotoşəkilləri, xatirələri və digər nadir eksponatlar qorunub saxlanılır. Bu mədəniyyət müəssisəsi, eyni zamanda M.S.Ordubadinin ədəbi irsinin öyrənilməsi istiqamətində də fəaliyyət göstərir.  
    Çıxışlardan sonra Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorları Zakir Fətəliyev, Zəminə Məmmədova və Səyyad Məmmədovun ifalarında Məmməd Səid Ordubadinin əsərlərindən parçalar səsləndirilmişdir. 
    Sonda muzeyin ekspozisiyasına baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.07.2022 20:57