AZ EN RU

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib

    Kitabxananın direktoru Tamella Əsgərova tədbirdə çıxış edərək kitabxana əməkdaşlarını və oxucuları yubiley münasibətilə təbrik edib. Bildirib ki, tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan, nəsildən-nəslə ötürən məbədlərdən biri də Naxçıvan Muxtar Respublika Kitabxanasıdır. Bu mədəniyyət ocağı artıq 100 ildir ki, kitabsevərlərə xidmət edir. Oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin edir, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunda olan digər sənədlərə olan tələbatını ödəyir.
    Kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova “Azərbaycan xalqının milli sərvəti olan kitabxanaların cəmiyyətimizin mənəvi potensialının artırılmasında tarixi rolu”, Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 100 ildə keçdiyi yol” adlı mövzularında çıxış ediblər.
    Diqqətə çatdırılıb ki, 1922-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan şəhər kitabxanası təsis edilib. 1930-cu ildə bu mədəniyyət ocağının bazasında Naxçıvan Muxtar Respublika Kitabxanası yaradılıb. Bu gün kitabxananın fondunda 180 mindən çox ədəbiyyat mühafizə olunur.
    Çıxışlarda ümummilli lider Heydər Əliyevin kitabxanaların fəaliyyətinə göstərdiyi diqqət və qayğıdan bəhs olunub. Vurğulanıb ki, bu diqqət dövlət başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilib, imzalanmış sərəncamlar və Dövlət proqramları ölkədə kitabxanaların inkişafına güclü təkan verib. Diyarımızda maddi-mədəni irsin yaşadılması və təbliği istiqamətində görülən çoxsaylı tədbirlərdən, dövlət qayğısından Naxçıvan Muxtar Respublika Kitabxanasına da böyük pay düşüb. 2012-ci ildə kitabxananın bazasında Elektron Kitabxana yaradılıb. Hazırda kitabxana oxuculara ənənəvi xidmətlə yanaşı, elektron xidmət də göstərir.
    Tədbirin sonunda “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası  – 100” başlıqlı sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 05.12.2022 20:27