AZ EN RU

Məmməd Məmmədovun 80 illik yubileyi qeyd olunub

   Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədovun 80 illik yubileyi qeyd olunub. Tədbirdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasının nümayəndələri və muxtar respublikanın rayon Ağsaqqallar şuralarının sədrləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə ehtiramlarını ifadə ediblər. Sonra Heydər Əliyev Muzeyində Ulu Öndərin mənalı həyatını və zəngin siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.
    “Naxçıvan Saray”da davam edən yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Tural Rzayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurası Məmməd Məmmədovun sədrliyi ilə muxtar respublikada ahıl vətəndaşların ictimai-siyasi həyatda fəal iştirakına çalışan ictimai təşkilatı kimi uğurlu fəaliyyət göstərir. Şura milli- mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir. Eyni zamanda gənc nəslin mənəvi və fiziki sağlamlığına, Vətənə sədaqət ruhunda tərbiyəsinə diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərir, tez-tez hərbi hissələrdə olur, əsgər və zabit heyəti ilə görüşlər keçirirlər. 
    Qeyd edilib ki, Məmməd Məmmədov 15 sentyabr 1943-cü ildə Qaraxanbəyli kəndində anadan olub. O, 1959-cu ildə Qaraxanbəyli kənd orta məktəbini bitirib, daha sonra təhsilini 1959-cu ildə Bakı şəhər fabrik-zavod təhsili məktəbində davam etdirib. 1962-1966-cı illərdə Rusiya Federasiyasının Sevastopol şəhərində Qırmızı Bayraqlı Qara dəniz Hərbi Dəniz Donanmasında xidmət edib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinin qiyabi şöbəsinə qəbul olub, 1971-ci ildə həmin fakültədə təhsilini başa vurub. 1967-85-ci illərdə Qaraxanbəyli kənd orta məktəbində müəllim, dərs hissə müdiri, direktor, 1985-87-ci illərdə Naxçıvan Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda ibtidai hərbi hazırlıq kabinetinin müdiri, 1987-2001-ci illərdə XDSİK-nin sədri vəzifələrində çalışıb. 2001-2011-ci illərdə yenidən Qaraxanbəyli kənd tam orta məktəbində müəllim, təşkilatçı vəzifəsində işləyib, 26 dekabr 2017-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədridir. 
    Vurğulanıb ki, Ümummilli Liderimiz Heydər Əliyev bütün ağsaqqalların xalqımız üçün hər zaman dəyərli olduğunu bildirib, onları daim yüksək qiymətləndirib. Ümummilli Liderimizin cəmiyyətimizin bu həssas təbəqəsinə göstərdiyi diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. 
    Tural Rzayev Məmməd Məmmədovu 80 illik yubileyi münasibətilə təbrik edib, ona uzun ömür, cansağlığı, gənclərimiz üçün nümunə olan ömür yolunda və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb. Yubileylə əlaqədar ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Məmməd Məmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanı təqdim olunub.
    Yubiley tədbirində Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin ölkə ağsaqqallarına göstərdiyi yüksək diqqət və qayğıdan, bu sahədə gördüyü işlərdən bəhs edib, ölkəmizdə Ağsaqqallıq İnstitutunun formalaşmasından, əhəmiyyətindən, ağsaqqalların ictimai-siyasi həyatdakı rolundan danışıb. 
    Sonra Azərbaycan Respublikası Ağsaqqallar Şurası tərəfindən yubilyar Məmməd Məmmədova “Fəxri ağsaqqal” döş nişanı və qiymətli hədiyyələr təqdim olunub. 
    Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov verilən yüksək qiymətə görə minnətdarlıq edərək bildirib ki, artıq 6 ildir, şuraya rəhbərlik edir. Hər zaman çalışıb ki, şuranın Nizamnaməsində göstərilən bütün bəndlər tamamilə yerinə yetirilsin. Məmməd Məmmədov Ümummilli Liderimiz Heydər Əliyevin yadigarı olan, 1995-ci ildə dahi şəxsiyyət tərəfindən yaradılan Ağsaqqallar Şurasının fəaliyyətinin bundan sonra da düzgün şəkildə qurulacağına, şuranın gənclərin vətənpərvərlik tərbiyəsinin artırılmasına böyük önəm verəcəyinə əminlik ifadə edib.
    Sonra Naxçıvan Muxtar Respublikasının­ rayon ağsaqqallar şurası sədrlərinə yeni vəsiqələr təqdim olunub, digər çıxış edənlər yubilyar Məmməd Məmmədova təbriklərini çatdırıblar. Yubiley tədbiri çay süfrəsi arxasında davam edib.

Nail ƏSGƏROV

Nəşr edilib : 15.09.2023 10:53