AZ EN RU

Memarlıq və elektronika sahələri üzrə sərgi keçirilib

    Naxçıvan Dövlət Universitetində memarlıq və elektronika sahələri üzrə sərgi keçirilib.
    Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalovun təşkilatçılığı ilə keçirilən sərgidə Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları,  Ekologiya mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması və Energetika ixtisasları üzrə təhsil alan tələbələrin 20-dən çox əl işi nümayiş olunub.
    Tələbələr tərəfindən təqdim olunan ilk layihə “Radar sistemi” adlanır. Hərbi hissələr, xüsusən sərhəd zonaları üçün hazırlanan aparat ultrasonik sensor vasitəsilə sərhəddə qarşıya çıxan maneə  məlumatları avtomatik olaraq silaha yönləndirir. Beləliklə, silah maneəni dəf etmək üçün hərəkətə keçir.
    Sadəcə, doğru kartla işləyən “Ağıllı kassa”, sensorla məsafəni ölçən “Ağıllı məsafə sensoru”, yüksək səslə çalışan “Ağıllı lampa”, o cümlədən çoxfunksiyalı “Multi car” maşını kənar təsirlərdən qorunma və insan əməyinin asanlaşdırılmasına xidmət edir.
    “Safe road” adlanan təhlükəsiz yol sisteminin məqsədi piyadaların təhlükəsizliyinin qorunması və maşınların qatar yolunda hərəkətini nizamlamaqdır.     Evin təhlükəsizliyi üçün nəzərdə tutulmuş “Ağıllı ev” layihəsi tənzimlənmiş məsafə ölçüsü ilə evə yaxınlaşan cisim və ya şəxs barədə siqnal verir və bu siqnal həm ev sahibinə, həm də polisə yönləndirilir. 
    Mexaniki naxışçəkən aparat olan “CNC Plotter” kompüterdəki təsvirin əyani köçürülməsini təmin edir. Bu aparat xalçatoxuma sənətində naxış salma üçün əlverişli vasitə kimi nəzərdə tutulub.
    Radar-sürət sistemi ilə bağlı hazırlanmış digər bir qurğu radarın təkmilləşdirilmiş modelidir. Yolda quraşdırılması nəzərdə tutulan qurğu avtomobilin sürətini uzaq məsafədən ölçür. Sürət həddi aşılıbsa, o zaman yol polisinə məlumat ötürülür və polis maşını işə düşür.
    Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr tullantı məhsullarından hazırladıqları maketləri təqdim ediblər. “Eko yanacaq” adlı qurğu dəniz suyundan enerji əldə edilməsində, “ZF Recycling” aparatı isə terminallar vasitəsilə tullantıların yenidən istehsal prosesində istifadə baxımından səmərəlidir. 
    Elektrik kəsildiyi zaman internetin çalışmasını təmin edən “Powerbank” modemi, müasir avtomobillərin elektron qırıcı-paylayıcı sistemi üçün əyani vəsait olan “Alışdırma sistemi”, internetin idarə olunmasına kömək edən “ViFi Gammer” adlı İnternet cipi gələcəkdə daha da təkmilləşdirilməsi nəzərdə tutulan layihələr sırasında yer alıb.
    Hərbi təchizatda istifadə üçün nəzərdə tutulan “Torpaq gurlayıcı və ya basqınlayıcı” kiçikölçülü qurğu düşmən sərhədlərinə keçdiyi zaman gizliliyə zəmanət verir.  Üzərində işıq, səs, temperatur və hərəkət sensorları olan qurğu təkərləri vasitəsilə bütün maneələri aşa bilir.
    Sərgidə danışıq və görmə problemi olan şəxslər üçün hibridləşmiş köməkçi robotlar paketi də təqdim olunub. Gələcəkdə bu qurğularda dinamik naviqasiyadan istifadə olunması nəzərdə tutulur.
    İşıq sensoru ilə çalışan “elektrik lampaları”, “döşəmə təmizləyən robot”, 25 santimetr məsafədən sensorla işləyən “smartlampa” kimi qurğular da öz funksionallığı ilə izləyicilərdə maraq yaradıb.
    Təqdimatdan sonra çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev bildirib ki, ali təhsil ocağında elektronika sahəsinin inkişafına diqqət nəticəsində hər sərgi əvvəlkindən fərqlənərək daha da təkmilləşir. Vurğulanıb ki, növbəti sərgilərdə qarşıya qoyulmuş əsas məqsəd layihələr üçün irəli sürülmüş ideyaların müəlliflik hüququnun təmin edilməsidir. Bu həmin layihələrin qorunması üçün başlıca şərtdir. Rektor ideyalar sertifikatlaşdırıldıqdan sonra layihələrin  əmək bazarına təqdim olunacağını bildirib.
    Fakültə dekanı, professor Cavanşir Zeynalov sərgidəki ideyaların əksəriyyətinin bir neçə il öncə irəli sürüldüyünü, lakin reallaşmadığını diqqətə çatdırıb. Qeyd edib ki, insan həyatını dəyişdirən və asanlaşdıran innovativ ideyalar daha çox maraq cəlb edir. Dekan layihənin ideya rəhbərliyinin Elektronika və informasiya texnologiyaları kafedrasının müəllimi Asiman İsmayılova məxsus olduğunu vurğulayıb.
    Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin 
televiziya, mətbuat və ictimaiyyətlə 
əlaqələr bölməsi

Nəşr edilib : 27.12.2022 20:20