AZ EN RU

Memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova: “Dünya təcrübəsində abidənin bərpası 20-30 ilə kimi davam etdiyi halda Naxçıvan abidələrində 5 ay və ya bir il müddətində “bərpa işləri” aparılır, nəticədə, abidələrimiz öz memarlıq əhəmiyyətini itirir”

(əvvəli qəzetimizin 12 sentyabr 2023-cü il tarixli nömrəsində)

     – Naxçıvana üz tutan qonaqların, turistlərin ən çox ziyarət etdikləri ünvanlar sırasında Gülüstan, Möminə xatın, Qarabağlar türbələri olur. Təəssüf ki, həmin abidələrin də bugünkü vəziyyəti barədə, bərpanın düzgün aparılmadığı ilə bağlı bir qənaət vardır...

    – 2014-2015-ci illərdə Gülüstan türbəsində bərpa işləri aparılan zaman Azərbaycan Memarlar İttifaqının və Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup nümayəndəsi Naxçıvana gəlmişdi. Nümayəndə heyəti Naxçıvan Şəhər İcra Hakimiyyətində, AMEA Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində oldular, abidələrin bərpası və qorunması ilə əlaqədar bir sıra tədbirlər təşkil edildi, memarların məruzələri dinlənildi. Sonra Naxçıvanın bir sıra abidələrinə baxış keçirildi, abidələrin yanında memarlar öz fikirlərini bildirdilər. Mən də bir naxçıvanlı memar kimi həmin tədbirlərdə iştirak edirdim. Gülüstan türbəsinə ekskursiya zamanı memarlar düzgün aparılmayan bərpa işlərinə, abidədə yeni tikinti materiallarının işlənməsinə və memarlıq elementləri və memarlıq quruluşundakı dəyişikliklərə irad tutsalar da, sonradan bu iradlara əməl edilmədi. 

    Möminə xatın türbəsində də müxtəlif dövrlərdə bərpa işləri aparılıb. Bu barədə abidədə araşdırma işləri aparan zaman yerli əhali ilə söhbətlərimiz oldu və türbənin yaxınlığında həyət evində yaşamış Kəngərlilər tayfasından olan Əkbər xan Kəngərlinin nəvəsi də bildiklərini, gördüklərini bizimlə bölüşdü. Söhbət zamanı onun 55-60 yaşı olardı. O bildirdi ki, türbədə ilk dəfə bərpa işləri 1956-1963-cü illərdə aparılıb. Onda uşaq yaşlarında olub. Abidədə bərpa işlərini rus və erməni əsilli alim və tədqiqatçılar, bərpaçılar aparırmış. Onlar Möminə xatın türbəsinin memarlıq quruluşunda ilk təhrifə onun sərdabəsinin qərbdən olan giriş qapısını kərpiclə hörərək, şərqdən açmaqları ilə başlamışlar. Sərdabədə 3 qəbirin – Atabəy Şəmsəddin Eldəgizin, Möminə xatın və oğlu Məhəmməd Cahan Pəhləvanın qəbirlərinin olduğunu bildirdi. Hər üç şəxsin nəşinin və cəsədlərin üzərindəki qızıl tacların, kəmər və bilərziklərin və digər əşyaların ruslar tərəfindən götürülərək Rusiyanın Sankt-Peterburq şəhərinə aparıldığını dedi.

    Təbii ki, sərdabənin giriş qapısının qərbə açılması təsadüfi deyil. Onun Türk topluluqları arasında rəmzi mənası var. Türklərin mifologiyasında şimal və qərb ölümü simvolizə etdiyi üçün sərdabələrin girişləri bu istiqamətdə verilmişdir. Türbənin gövdə hissəsinin bəzək kompozisiyaları ilə zəngin bəzədilməsi və giriş baştağının da şərqə açılması insanın bu dünyasına, sərdabənin örtüyünün qülləvarı tikilməsi isə insanın o biri, yəni yuxarı dünyasına işarət edir. Eləcə də “Tenqiri”nin, “Tanrı”nın yuxarıda olmasına işarətdir. 
      Orta Asiyadan Anadoluyadək, böyük bir ərazidə türklər tərəfindən ucaldılan memarlıq və plan quruluşu ilə fərqlənən çoxlu sayda türbə tikililəri var. Bir tədqiqatçı-memar kimi bildirmək istərdim ki, Naxçıvan türbələri, eləcə də Möminə xatın türbəsi kimi unikal tikili yoxdur. Abidə öz həcm-məkan kompozisiyası, eləcə də xarici səthlərini bəzəyən simvolik mənalar kəsb edən naxış kompozisiyaları ilə fərqlənir, ona tamaşa etməyə gələnləri heyran qoyur. Möminə xatın abidəsinin həndəsi və yazı naxışlarında təhriflərə yol verilsə də, memar Əcəmi bunu əvvəlcədən görürmüş kimi abidənin memarlıq quruluşu, konstruksiyası ilə bəzək kompozisiyalarının vəhdətini elə qurmuşdur ki, bu abidənin ümumi görünüşündə o qədər də hiss olunmur. 
    Ümumiyyətlə, abidələr üzərindəki kiçik bir naxışın, memarlıq elementinin, memarlıq quruluşunun həllinin öz rəmzi, dərin mənası var. Misal üçün, Qarabağlar türbəsinin cənub-qərb tərəfində yerləşən və tarixi XII əsrə aid edilən qoşa minarələr İslama, azana, baştağ isə türk mifalogiyasında bir mühitdən başqa mühitə keçidə işarət edir. Təəssüflər olsun ki, Qarabağlar Türbə Kompleksində aparılan bərpa işləri zamanı türbənin minarələrinin şərəfəsində Osmanlı memarlığında çox yayılmış şərəfə elementlərindən istifadə olunmuşdur. Türbənin gövdə hissəsindən dörd istiqamətdə – şimal, qərb, şərq və cənuba açılmış baştağlarının kənarə naxışları, baştağın alınlığı üzərindəki bir sıra həndəsi və nəbati naxışlar düzgün qurulmamış və ya başqa naxışlarla əvəzlənmişdir. Türbənin günbəz örtüyü miqyasa uyğun seçilmədiyindən, onun memarlıq quruluşuna xələl gətirdiyi kimi, türbənin naxışları bərpa edilərkən Naxçıvan memarlıq məktəbinə xas olmayan rənglərdən istifadə edilməsi də diqqətə çarpır.
    Tarixi abidələrimizin bərpası zamanı düzgün aparılmayan bərpa işləri onların tarixiliyinə xələl gətirməklə yanaşı, ilkin memarlıq görkəminin də unudulmasına gətirib çıxarır. İnsan gördüyü kimi də abidəni təsvir və ya ifadə edir.
     – Konstitusiyamızın “Mədəniyyət hüququ” adlanan 40-cı maddəsinin II bəndində qeyd olunur ki, hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır. “Tarix və mədəniyyət abidələrinin qorunması” adlanan 77-ci maddədə isə bildirilir ki, tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. Amma, təəssüf ki, tarixi abidələrimizin bərpası ilə yanaşı, onların qorunması sahəsindəki vəziyyət də ürəkaçan deyil...
    – Bəli, tarixi irsimizlə bağlı həssas məqamlardan birinə toxundunuz. Dünya təcrübəsində də belədir ki, dövlət tərəfindən xalqın maddi-mənəvi irsinin mövcud olduğu tarixi, təbiət əraziləri qorunmaya, mühafizəyə alınır. Heç kəs “qoruq” adlanan həmin ərazinin bir daşını belə tərpədə və ya götürə bilməz, əks halda həmin insan cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çox təəssüflər olsun ki, bütün dünyada tarixi abidələrin, tarixi ərazilərin qorunmasına, onların ərazisindən turistlərin hər hansı bir elementi (daş, ağac və sair formada) aparmamasına çalışılsa da, bunun qarşısını tam şəkildə almaq mümkün deyil.
    Tarixdən də bildiyimiz kimi, Azərbaycan abidələrinin bir qismi ərazidə baş verən zəlzələ və su daşqınları, müharibələr nəticəsində məhv olmuşdur. 1830-cu illərdən sonra Rus çarlığının tərkibinə daxil edilən Azərbaycan torpaqlarında yerləşən dini binalar ruslar tərəfindən vəhşicəsinə dağıdılmış, anbar və ya başqa məqsədlər üçün istifadə olunduğuna görə tikililər tamamilə sıradan çıxmışdır. Yalnız bişmiş kərpic və daşdan tikilmiş abidələr qismən də olsa, qalmışdır. Məsələn, dünyada “Xüdafərin körpüləri” kimi tanınan və tarixi orta əsrlərə aid edilən 11 aşırımlı körpü ruslar və farslar tərəfindən uçurulmuş, körpünün Araz çayı üzərində yalnız mərkəzi tağları qalmışdır. Naxçıvan ərazisindən keçən Araz çayının Culfa rayonu ərazisində yerləşən Ziya-ül Mülk, Şah Abbas körpüləri, ərazidən dəmir yolu xəttinin çəkilişi zamanı orta əsrlərə aid edilən karvansaray və sair abidələr sökülərək dağıdılmış, bu tikililərdən bizlərə yalnız səyyahların verdikləri məlumatlar və tikililərin qalıqları qalmışdır.
    Müasir dövrdə cəmiyyətdə abidələrimizə qarşı etinasızlıq halları mövcuddur və nədənsə dağıtmağa, məhv etməyə meyilliyik. Tədqiqat işləri aparmaq üçün bir neçə il əvvəl Ordubad şəhərinə və rayon ərazisində yerləşən abidələrə tez-tez gedirdim. Təəssüf ki, orada qarşılaşdığım mənzərə qəlbimi sızladırdı: – bir tərəfdən yararsız bərpa işləri, digər tərəfdən isə insanların yaşı 200-300 və bəlkə də, daha çox olan evlərə qarşı dağıdıcı münasibəti. İnsanlar kökdən gələn, ata və ya babalarından qalma yaşayış evlərinə qarşı bu cür münasibət bəslədiyi halda, şəhərin tarixi memarlığını, məhəllələrini, kəhriz sistemini necə qoruyub saxlayacaqlar? Əksər qapılara qıfıl vurulmuş, sanki yaşadıqları rayon, kəndlə yanaşı, evlər belə unudulmuşdur. Ordubad rayonu Azərbaycanın incisi sayılır. Turistik imkanları baxımından olduqca əlverişli təbiəti və memarlıq abidələri ilə zəngin bölgədir. Bildiyimiz kimi, tarixi VII-VIII əsrə aid edilən Naxçıvan ərazisində qalmış yeganə alban abidəsi Ordubad şəhərində yerləşir. Eləcə də orta əsrlərə aid edilən və yeganə Qeysəriyyə və Mədrəsə binası da Ordubad şəhərindədir. 1979-cu ildən Ordubadın qoruq elan edilməsinə baxmayaraq, aidiyyəti orqanlar tərəfindən baxımsızlıq ucbatından rayonun bir sıra tarixi-memarlıq abidələri dağıdılmış, dövrümüzə gəlib çatmış abidələrdə isə yararsız bərpa işləri aparılmışdır.
    Mən Türkiyənin Əhlət şəhərində olanda ərazidə Səlcuq dövründən qalma beş qəbiristanlığın qorunub saxlandığının şahidi oldum. Qəbiristanlıqda türbə memarlığı ilə yanaşı, hündürlüyü 2-3 metrdən çox olan minlərlə qəbir daşlarının bərpa edilərək saxlandığını gördüm. Ərazilər qorunma altına alınmış, arxeoloji qazıntılarla yanaşı, bərpa işləri aparılır, eləcə də ərazidə muzey yaradılaraq tapılmış maddi mədəniyyət nümunələri orada sərgilənir. Üç gün ərzində oraya minlərlə turistin axın etdiyini gördüm.
    Türkiyənin Nevşəhər ərazisində yaradılmış universitetin dəstəyi ilə keçirilən konfrans və simpoziumların, Kapadokya ərazisində yerləşən daşlardan yonulmuş yaşayış evləri ilə yanaşı, ərazidə yaşayan sənət adamlarının əl işlərinin satışının təşkili, əraziyə hava balonları ilə səyahət və sair turistlərin axınını gücləndirir. Üsküdarda 25 min əhalinin yaşadığını və gündəlik onun 3 misli qədər də turistin gəldiyini konfrans iştirakçılarından öyrəndim. 
    Abidələrimizə biganə münasibətə görə təkcə yerli əhalini ittiham etmək olmaz, eləcə də aidiyyəti orqanların, tədqiqatçıların da günahı böyükdür. Deyilən iradlar vaxtlı-vaxtında öz həllini tapsa idi, bəlkə də, abidələrimiz bu vəziyyətə düşməzdi.
    – Bildiyiniz kimi, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramda tarixi abidələrimizin bərpa layihələrinin hazırlanması və beynəlxalq səviyyədə qorunması üçün UNESCO-nun maddi mədəni irs siyahısına salınması istiqamətində işlərin görülməsi nəzərdə tutulub...
    – Qeyd etdiyimiz kimi, Naxçıvan abidələri kərpic memarlığının ən unikal əsərləridir. Eyni zamanda həcmləri və mürəkkəb memarlıq quruluşları ilə də fərqlənir. Düzdür, həndəsi, nəbati və ərəb yazılarından qurulmuş bəzək kompozisiyaları yalnız Naxçıvan ərazisində qalmış türbə memarlığında qorunub saxlanılsa da, digər dini və mülki tikililərin, qalaların memarlığından da onların vaxtilə zəngin bir şəkildə inşa edildiyini təsəvvür etməmək mümkün deyil. Mən Anadolu bölgəsində, İran ərazisində apardığım tədqiqatlar zamanı öyrəndim ki, orada sadə inşa edilmiş abidələr belə UNESCO-nun maddi mədəni irs siyahısına salınıb. Niyə məhz bizim belə tarixi keçmişi, möhtəşəm, mürəkkəb həndəsi quruluşu, zəngin memarlıq elementləri olan abidələrimiz o siyahıya düşməsin?! İnanırıq ki, müvafiq Dövlət Proqramından irəli gələn vəzifələrin icrası tarixi-mədəni irsimizin fundamental şəkildə bərpasına və qorunmasına geniş imkanlar açacaq. Bu vəzifələrin icrası biz memarların da başlıca məramı olmalıdır və buna ən əsası vətənpərvərliklə, milli heysiyyətlə yanaşmalıyıq.
    – Maraqlı müsahibə üçün sağ olun!

Nail ƏSGƏROV

Nəşr edilib : 12.09.2023 18:50