AZ EN RU

Memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova: “Dünya təcrübəsində abidənin bərpası 20-30 ilə kimi davam etdiyi halda Naxçıvan abidələrində 5 ay və ya bir il müddətində “bərpa işləri” aparılır, nəticədə, abidələrimiz öz memarlıq əhəmiyyətini itirir”

    Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bir sıra zəruri məsələlərlə yanaşı, qədim diyarımızdakı tarixi abidələrin bərpası, onların beynəlxalq səviyyədə qorunması məqsədilə UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması istiqamətində də işlərin həyata keçirilməsi nəzərdə tutulub. Mühüm dövlət sənədində mədəniyyət müəssisələri tərəfindən əhaliyə göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması üçün həmin müəssisələrin fəaliyyətinin optimallaşdırılması və sahənin inkişafı ilə bağlı layihələrin (tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bərpa layihələrinin hazırlanması, tarixi eksponatların qorunması, arxeoloji araşdırmalar aparılması və sair) reallaşdırılması öhdəliyi də qarşıya qoyulub. Artıq Dövlət Proqramının icrası ilə bağlı işlərin görülməsinə başlanılıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu Məhdud Məsuliyyətli Cəmiyyətinin, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun, Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinin iştirakı ilə bir sıra abidələrə baxış keçirilib... 

    Ötən dövrdə bir sıra kütləvi informasiya vasitələrində abidələrimizdən bəzilərinin bərpasında müəyyən yanlışlıqlara yol verildiyi və beləliklə də, tarixiliyinin, memarlıq quruluşunun itirildiyi vurğulanır. Bəs həmin abidələr necə bərpa edilməli idi, ilkin variantdakı hansı memarlıq elementləri, naxışlar bərpadan sonra öz əksini tapmayıb? Bu və digər suallarımızı Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova cavablandıracaq. 
    –Xoş gördük, Gülnarə xanım. Memarlıq baxımından abidələrin öyrənilməsi, bərpası, qorunması işinə bələd olan, bu sahədə elmi-tədqiqat işləri aparan bir mütəxəssis kimi mövzumuz sizə çox yaxındır, bilirəm ki, bu barədə deməyə sözünüz çoxdur. İstərdim, ilk olaraq sizdən öyrənək ki, qədim abidələrin bərpası zamanı həm memarlıq, həm də tarixilik cəhətdən nələrə diqqət yetirmək vacibdir?
    – Öncə gündəmdən düşməyən, hər birimizi düşündürən belə maraqlı mövzuya müraciət etdiyiniz üçün təşəkkür edirəm. 
    Abidələrdə bərpa işi aparılmadan əvvəl ilkin olaraq situasiya dəyərləndirilməli, tarixi-arxiv araşdırmaları aparılmalı, kitabxana və arxivlərdən səyyahların, mütəxəssislərin əsərlərində abidə haqqında məlumatlar toplanmalı, natura müayinəsinin təcrübələri əldə edildikdən sonra mütəxəssis memarlar tərəfindən bərpa layihələri hazırlanmalıdır. Layihələr aidiyyəti qurumlar tərəfindən və ya müsabiqə yolu ilə təsdiqini tapdıqdan sonra abidədə bərpa işlərinə başlanılmalıdır. Abidələrdə üç tipdə bərpa işləri aparıla bilər. Konservasiya, bərpa və təmir işləri. Arxeoloji qazıntılar aparılan abidələrdə qismən bərpa işləri aparılmalı, onların qalıqları konservasiya olunaraq olduğu kimi, saxlanılmalı, yəni muzeyləşdirilməlidir. Ərazidən tapılan maddi mədəniyyət nümunələri bu muzeydə sərgilənməlidir. Tikili abidələrdə isə üç tipdə bərpa işləri aparılır: 1) fraqmental bərpa – abidənin çiçəklənmə dövrünün ilkin obrazının restavrasiyası; 2) abidənin açılması və itmiş elementlərin bərpası – bərpa zamanı təhrif edilən elementlərin aradan götürülməsi; 3) tam bərpa–fraqmental bərpadan fərqli olaraq abidənin ilkin vəziyyətinə, bütün tamlığıyla qaytarılması.  Abidələrdə aparılan bərpa işlərinin digər növü isə abidənin təmiridir ki, bu da inşaat üsulları ilə onun qorunmasını periodik olaraq təmin etməkdir. Bu halda, bir qayda olaraq, abidənin strukturuna minimal şəkildə toxunulur. 
    Konservasiya, bərpa və təmir işləri tamamlandıqdan sonra abidələr haqqında hazır­lanmış lövhə və ya eksponatların onların daxili və xaricində vurulması da vacibdir. Bu gün şəhərimizdə yaşayan insanların və ya buraya səyahət etmək istəyən turistlərin hər hansı bir abidə haqqında ətraflı məlumatlandırılmasında, zəngin təsəvvür formalaşdırılmasında abidə yanında tikilən muzeydə və yaxud da, elə türbənin içərisində sərgilənən eksponatlar da mühüm rol oynaya bilər.
    – Bildiyimiz kimi, muxtar respublika ərazisi arxeoloji və tarixi-memarlıq abidələri ilə zəngindir. Ötən dövrdə həmin abidələrin tədqiqi, araşdırılması, öyrənilməsi istiqamətində bir sıra elmi-tədqiqat işləri həyata keçirilib, kitablar, elmi əsərlər ərsəyə gəlib...
    – Haqlısınız. Naxçıvan abidələrini, ümumilikdə, iki yerə bölmək olar: arxeoloji və tikili abidələr. Muxtar respublikanın ərazisi təkcə orta əsrlərdə bütün Şərq aləmində məşhur olan Naxçıvan memarlıq məktəbinə xas xüsusiyyətləri və abidələri ilə yadda qalmır, həm də bura görkəmli şəxsiyyətlərin şərəfinə ucaldılmış çoxlu türbələri, bir sıra dini və mülki binaları ilə də yaddaşlarda yaşayır. Bu abidələrdə yerli ənənələrlə yanaşı, xalqımıza məxsus çoxəsrlik dövlətçilik ənənələri də yaşayır. Ümummilli Liderimiz Heydər Əliyevin sözləri ilə desək, bu abidələr təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin də nə qədər zəngin və möhkəm olduğunu  göstərir. “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarix-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”, – deyən dahi şəxsiyyət böyük təəssüflə onu da qeyd etmişdir ki, hələ də bu abidələr haqqında sanballı tədqiqatlar hazırlanmayıb. Ötən illər ərzində naxçıvanlı tədqiqatçılar Ulu Öndərimizin bu arzularını da reallaşdırmağa çalışdılar. 2006-cı ildə Naxçıvan Muxtar Respublikası ərazisində 1162 abidə qeydə alınaraq pasportlaşdırıldı ki, bunların da 555-i dünya və ölkə əhəmiyyətli abidələr idi. Abidələrin tədqiqi və pasportlaşdırılmasından sonra alim-tədqiqatçılar tərəfindən hazırlanmış Naxçıvan Abidələri Ensiklopediyası nəşr edildi. Bununla yanaşı, Naxçıvan bölgəsinin tarixi, arxeologiyası və tarixi-memarlıq abidələri haqqında onlarla monoqrafiya, dərslik və dərs vəsaitləri yazılıb. 
    Muxtar Respublika ərazisində yerləşən abidələrin tarixiliyinin və ilkin memarlıq görkəminin qorunması məqsədilə abidələrdə aparılan bərpa işlərinin vəziyyəti ilə əlaqədar bir sıra tədqiqatçılarımızın səsləndirdikləri iradlar haqlıdır, lakin bütün bunlara gecikmədikmi?! Fikrimcə, vaxtında mütəxəssislərin, tarixçi və memarların fikirləri dinlənilsə idi, ortaya bu cür mənzərə çıxmazdı...
    – Bəli, istərdim, məhz söhbətimizi ötən dövrdə abidələrimizdə həyata keçirilən bərpa prosesi ilə davam etdirək...
    – Naxçıvan ərazisində arxeoloji qazıntılar və tədqiqatlar zamanı bir sıra tarixi yaşayış məskənləri, şəhərtipli yaşayış qalaları, müdafiə qalaları tapılmışdır ki, onlarda indiyə kimi ya tamamilə bərpa işləri aparılmamış, ya da bərpa aparılan zaman tarixiliyi qorunmamış, konservasiya işləri görülməmişdir. Belə ki, Ordubad rayonunun Sabir Dizə kəndində tapılmış və tarixi eramızdan əvvəl II minilliyə aid edilən Sumbatan yaşayış qalasında (arxeoloq B.İbrahimli) qismən konservasiya işləri aparılmış, qala ərazisində məscid inşa edilmişdir, həmin tarixi dövrə aid edilən II Kültəpə şəhər qalasında AMEA-nın müxbir üzvü Vəli Əliyev tərəfindən uzun zaman arxeoloji qazıntılar aparılsa da, heç bir bərpa, konservasiya işləri görülməmiş, maddi mədəniyyət nümunələrinin qorunması üçün muzey yaradılmamışdır. Onu da qeyd edim ki, II Kültəpə qala şəhər tikililəri eramızdan əvvəl VII minilliyə aid edilən I Kültəpə yaşayış yerinə yaxın ərazidə yerləşir. Oğlanqala qalasında uzun zamandır, yerli və xarici arxeoloqlar qazıntı işləri aparsalar da (arxeoloq AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev), qalanın sxemləri qismən hazırlansa da, konservasiya və ya bərpa işləri görülməmiş, muzey yaradılmamışdır. Naxçıvan şəhəri ərazisində yerləşən və tarixi eramızdan əvvələ gedib çıxan “Köhnə qala”, “Torpaq qala” və ya 2013-cü ildən “Naxçıvanqala” adlanan şəhər yerinin 2008-ci ildə layihələri memar mütəxəssislər tərəfindən hazırlansa da, bərpa zamanı qalanın ilkin vəziyyəti qorunub saxlanılmamış, əlavə tikililər şəhər yerini, qala divarlarını ikinci planda qoymuş, şəhərin iç qalasının daxili abidələrində arxeoloji qazıntılar aparılmamışdır. Tarixə adını yazmış, Teymurləng tərəfindən 14 ildən sonra fəth edilən Əlincə qalasında arxeoloji işlər aparıldıqdan sonra qala bərpa edilmişdir. Qalada bərpa işləri aparan zaman qalanın ilkin vəziyyəti qismən qorunsa da, ərazidə muzey yaradılsa da, qala divarlarında yeni tikililərə yol verilmişdir ki, bu da qalanın tarixiliyinə xələl gətirir. 
    Ümumilikdə, Naxçıvan Muxtar Respublikası ərazisində 70-dən çox tarixi-memarlıq abidəsində bərpa işləri aparılıb. Qala-şəhər yerləri ilə yanaşı, Naxçıvanda tarixi-memarlıq abidələrimizdən Möminə xatın türbəsində, Yusif Küseyir oğlu türbəsində, İmamzadə kompleksində, Naxçıvan buzxanasında, İsmayılxan hamamında, məhəllə məscidlərində, Gülüstan türbəsində, Qarabağlar kompleksində, Ordubadın bir sıra abidələrində – Cümə və məhəllə məscidlərində, Buzxana (XIV əsr), Hamam və Qeysəriyyə (XVIII əsr) və digər binalarda, Şərur, Kəngərli, Culfa rayonları ərazisində yerləşən bir sıra abidələrdə də aparılan bərpa prosesləri qısa müddəti əhatə edib. Dünya əhəmiyyətli abidələrdə bərpa işləri uzunmüddətli aparılır. Yuxarıda qeyd etdiyimiz kimi, tarixi-memarlıq abidələri incələnmədən, bina ərazisində tədqiqat, arxeoloji qazıntılar aparılmadan bərpa işlərinə başlanması onun ilkin memarlıq və konstruksiyasının, elementlərinin qorunmamasına gətirib çıxarır ki, bu da sonrakı mərhələdə abidənin tarixiliyinin, üslub xüsusiyyətlərinin gənc tədqiqatçılar tərəfindən təyin edilməsini çətinləşdirir, eləcə də turistlərin fikirlərinin qarışmasına gətirib çıxarır.
    Tarixi abidələrin dünya əhəmiyyətli abidələr sırasına daxil edilməsi üçün, abidə ilə yanaşı, onların yerləşdiyi məhəllə, şəhər və rayonun ərazisində də restavrasiya işləri aparılmalıdır. Bu aparılan kompleks işlər UNESCO-nun qarşıya qoyduğu tələblərə (abidənin və ərazinin tarixiliyi nə dərəcədə qorunub, bərpa zamanı eyni materiallardan istifadə olunması, abidənin element və konstruksiyası, naxışları, rəngi təhrif edilməyib ki, abidənin yerləşdiyi ərazidə arxeoloji qazıntılar aparılıbmı və sair) cavab verməlidir. Bunun üçün dünya təcrübəsinə müraciət etmək daha yaxşı olardı.
    – Dünya təcrübəsi demişkən, bildiyimizə görə, siz Azərbaycanın yaxın qonşuları olan Türkiyə və İran İslam Respublikasının (Güney Azərbaycanda) ərazisində abidələr üzərində də uzun zaman araşdırmalar aparmısınız. Məhz sözügedən məsələ ilə bağlı hansı məqamlar diqqətinizi çəkib?
    – Bəli, tələbəlik illərindən Azərbaycan, 2005-ci ildən İranın Güney Azərbaycan ərazisində və 2010-cu ildən Türkiyənin Anadolu bölgələri ilə yanaşı, qərb bölgələrində yerləşən bir sıra şəhərlərində inşa edilmiş tarixi-memarlıq komplekslərinin və ya memarlıq abidələrinin araşdırılması ilə məşğul oluram. Növbəti illərdə Orta Asiya abidələrinin araşdırılması ilə də məşğul olmağı nəzərdə tutmuşam. Çünki Orta Asiyadan Anadoluyadək yerləşən böyük bir ərazidə Türk-İslam mədəniyyəti abidələri çoxluq təşkil edir və onlar arasında oxşarlıqlar da çoxdur.
    Qeyd etməliyəm ki, mən elmi işlərlə bağlı bir sıra ölkələrə səyahət edib, abidələrin memarlıq xüsusiyyətləri, bərpa prosesi ilə yaxından maraqlanmağa çalışıram. Naxçıvan abidələrinin araşdırılması, bərpası ilə bağlı iki kitabım çap olunub. Mövzu ilə bağlı digər tədqiqatlarımın isə yaxın illərdə nəşrini nəzərdə tutmuşam. Bundan başqa, 100-ə yaxın məqaləmdə abidələrin memarlığı, üslub xüsusiyyətləri, bəzək kompozisiyaları ilə yanaşı, bərpaları haqqında da öz fikir və təkliflərimi qeyd etmişəm.
    Bildiyimiz kimi, I və II Dünya müharibələrindən sonra Qərb ölkələri ilə yanaşı, bir sıra Şərq ölkələrində də yerləşən tarixi-memarlıq abidələri müharibələr nəticəsində məhv edildi. Günümüzdə baş verən müharibələrdə bu davam edir. II Dünya müharibəsi nəticəsində bu ərazilərdə yerləşən çoxlu sayda tarixi-memarlıq abidələri dağıdılaraq, yer üzündən silindi. Lakin bu ölkələrdə bərpa işlərinə həssaslıqla yanaşılması, tarixi şəhərlərin restavrasiyasında materiallardan düzgün istifadə nəticəsində tarixilik tam əks etdirilir. Moskvada Kremlinin ərazisi və qala divarları, Vasili Blajenni kilsəsi, Sankt Peterburq şəhərinin yenidən restavrasiyası, abidələrin, komplekslərin bərpası heç nə olmamış kimi tarixi yansıdır. Eləcə də Misir ehramlarının, sarayların qorunub saxlanması, Türkiyədə yunan, Bizans dönəmindən tutmuş Səlcuq və Osmanlılar dövrünə aid tarixi əsərlərin – Ayasofya, Süleymaniyyə, Səlimiyyə camiləri, Topqapı Sarayı, İran ərazisində İsfahan abidələri – Şah meydanı, Qırx Sütun Sarayı, Şah İsmayıl köşkü, Ərdəbildə Şeyx Səfi kompleksi, Təbrizdə orta əsrlərə aid bazar kompleksi, Göy məscid binası, Orta Asiyada Səmərqənd və Buxarada yerləşən bir sıra memarlıq abidə və komplekslərində, eləcə də Azərbaycanda Qarabağ abidələrinin bərpası ilə yanaşı, ərazidə aparılan restavrasiya işlərinin vəhdət təşkil etməsi, insanı qədim, orta əsrlər şəhərlərindəki kimi hiss etdirir.
    Belə unikal abidələrin bərpası qısa müddət ərzində yekunlaşmayıb. Belə ki, 2007-ci ildə İranın Zəncan şəhərinin 25 kilometrliyində yerləşən Sultaniyyə şəhərində, hündürlüyü 48 metr, günbəzinin diametri 25,5 metr olan (dünyada günbəzi ən böyük olan abidədir) Olcaytu Xudabəndə türbəsində aparılan bərpa işləri ilə tanış oldum.  Abidənin daxili memarı kimi çalışan Pərvanə xanım bildirdi ki, abidədə 8 ildir, bərpa işləri aparılır. Bərpa işləri eyni vaxtda abidənin həm daxili, həm də xaricində aparılırdı. Xaricdən səkkizüzlü inşa edilmiş türbənin hər divarında bir memar və 1000-ə yaxın şagird, daxili memarlığında isə iki memar çalışırdı. 
    Abidə ətrafında aparılan arxeoloji qazıntılar zamanı şəhər yeri, qala divarları ilə yanaşı, bir sıra abidələrin də qalıqları aşkarlanmışdır. İlkin olaraq abidənin bünövrəsində və divarlarında möhkəmləndirmə işləri aparılmış, günbəzi və minarələri bərpa edilmişdir. Üçüncü mərhələdə binanın memarlıq bəzəkləri, onların qurulma üsulları tapılaraq divarlara kərpic və ya kaşı materialı ilə bərkidilirdi. Əsli olan, heç bir şeyə toxunulmadan aparılan bərpa işlərində yeddi növ kaşının hazırlanma üsulundan və kərpicin müxtəlif növ emalından binanın bərpasında istifadə edilirdi. Abidədə aparılan bərpa işlərindən sonra Sultaniyyə şəhərində də rekanstruksiya işləri aparılaraq şəhər ərazisi abidənin yerləşməsinə görə qurulurdu. Abidəyə gedən əsas magistral yol genişləndirilmiş, yaşayış yerləri ona uyğun qurulmaqda, park və bağlar salınmaqda idi. 2007-ci ildən 16-17 il keçməsinə baxmayaraq, öyrəndiyimə görə hələ də Olcaytu Xudabəndə türbəsində bərpa işləri davam etdirilir. 
    Ümumiyyətlə, dünya ölkələrinin çoxunda yerləşən abidələrdə uzunmüddətli bərpa işləri aparılır. Hətta bunların bərpası 20-30 il və ya yarım əsr də davam edə bilər. Lakin bu ölkələrdə abidələrin bərpası ilə bərabər, abidələr haqqında hazırlanan buklet və kitabların satışından, ərazidə keçirilən bayram və tədbirlərdən, tikilmiş kafe və yeməkxanalardan, otellərdən götürülən dəyər iqtisadi cəhətdən abidəyə çəkilən xərcin ödənilməsini də tarazlayır.
    Naxçıvan abidələrində aparılan bərpa işlərinin tez bir zamanda başa çatdırılması, ətraf ərazilərin restavrasiyasının düzgün aparılmaması nəticəsində əraziyə turizm axını zəifləyir və ya yerli əhalinin cəlb edilməsi üçün iaşə obyektlərinin olmaması, landşaftın düzgün qurulmaması da tarixi-memarlıq abidələrimizin tanıdılmasında dünya təcrübəsindən bizləri geri qoyur.

(ardı qəzetimizin növbəti nömrəsində)
Nail ƏSGƏROV

Nəşr edilib : 11.09.2023 19:52