AZ EN RU

Məktəblinin uğuru

    Muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı, bu sahədə aparılan uğurlu islahatlar gələcəyimiz olan məktəblilərin istedadlı və bilikli yetişmələrinə geniş imkanlar yaradır. İstedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək, onların fənlərə olan marağını artırmaq, bilik və bacarıqlarını möhkəmlətmək üçün müxtəlif tədbirlər, layihələr həyata keçirilir ki, bu da məktəblilər arasında sağlam bilik rəqabəti yaradır və yüksək nailiyyətlərin əldə olunması ilə nəticələnir.  

    Bu gün yeniyetmələr, gənclər Azərbaycan dilini bilməklə yanaşı, xarici dilləri də öyrənirlər. Bunun üçün isə müxtəlif üsullar vardır. Bu üsullar arasında ən məşhur olan təhsil platformalarından biri “Duolinqo” proqramıdır. Proqramın icrası, tətbiqi haqqında ətraflı məlumatı “Duolinqo tətbiqi ilə ingilis dilini əylənərək öyrənək” layihəsinin müəllifi, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Fəridə Əliyevadan öyrəndik: – İngilis dilinin tədrisində fənn kurikulumlarına istinad edərək məzmun standartlarının, strategiyaların tətbiqi, yeni metodlardan istifadə onun mənimsənilməsində uğurlu vasitələrdir. Buna baxmayaraq, hələ də bu dilin şagirdlər tərəfindən mənimsənilməsində çətinliklər qalmaqdadır. Bunun səbəbi isə şagirdlərin böyük bir qisminin bu dili yalnız məktəbdə müəllimlərindən öyrənməsidir. Əgər müəllim də ingilis dilinin öyrədilməsi zamanı əyləncəli üsullardan istifadə etmirsə, onu öyrənmək, ümumiyyətlə, şagirdlər üçün maraqsız olur. Xarici dili öyrənmək üçün isə mütləq hər gün mütəmadi olaraq həm dillə bağlı təkrarlar etməli, filmlərə baxmalı və ya məqalə, kitablar oxunmalıdır. Bunun üçün şagirdlərdə maraq yaradacaq vasitələrin olması mütləqdir. Hər hansı dilin tədrisi prosesində öyrənilən dilin dərk edilməsi baxımından kommunikativ oyunlardan geniş istifadə olunur.  
    Müsahibim deyir ki, o, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının üzvüdür. Keçən il qrant müsabiqə üçün təlimlər keçirildi və gənc müəllim kimi fəal iştirakçılardan olduğu üçün diplomla təltif edilib: – “Duolinqo tətbiqi ilə ingilis dilini əylənərək öyrənək” layihəsi ötən ilin mart ayında təqdim edilib və avqust ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi seçilib. Layihənin məqsədi bütün yaş qruplarından olan şagirdlərə “Duolinqo” tətbiqi vasitəsilə ingilis dilini əylənərək öyrətməkdir. Bu, uşaqlar üçün, həqiqətən, vacib olan bir amildir. Layihədə başlıca vəzifə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə təhsil alan müxtəlif yaş qruplarından olan 100 şagird arasında “Duolinqo” tətbiqini yükləyərək ingilis dilini öyrətmək, Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində ingilis dili fənnini tədris edən 50 müəllim arasında bu tətbiqi tanıdıb, tədris etdikləri məktəbdə şagirdlərinə əylənərək ingilis dilini öyrətmək dururdu. Və müəllimlərə təlimlər keçilirdi, bununla yanaşı, tətbiqə marağı olan IV-IX sinif şagirdləri layihəyə cəlb olunaraq siyahıya alındılar. Layihə 3 oktyabr 2022-ci ildə başladı, 28 fevral 2023-cü ildə başa çatdı. Təlim keçən həm müəllim, həm də şagirdlər arasından sağlam rəqabət aparanlar mükafatlandırılaraq sertifikat əldə etdilər, şagirdlərimiz mükafatlandırıldı. 
    Fəridə Əliyevanın sözlərinə görə, ilk sıralarda yer alan ilk 3 şagirdi buna nail oldu. VIII sinif şagirdi Rahilə Xəlilova isə sağlam rəqabətdə qalib olaraq 1-ci yerə layiq görüldü, pul, hədiyyə, sertifikatla mükafatlandırıldı. Şagirdlərimiz  “Duolinqo” tətbiqindən öyrəndikləri sözləri gündəlik dərsimizdə də danışaraq istifadə edirdilər. Layihənin daha da geniş yayılmasında Rahilə Xəlilovanın rolu danılmazdır. O, məktəbin əlaçı şagirdlərindən biridir. 
    Rahilə Xəlilova ilə də həmsöhbət olduq. Onunla görüşərək qazandığı  uğur münasibəti ilə təbrik etdik. O dedi: – Məktəbdə təhsil aldığım səkkiz il ərzində xeyli bilik yarışmalarında, müsabiqələrdə iştirak edərək uğurlara nail olmuşam. Ekologiya ilə bağlı bilik yarışında III, ana dili haqqında şeir müsabiqəsində I, tapmacalarla bağlı yarışda II yeri tutmuşam. “Duolinqo tətbiqi ilə ingilis dilini əylənərək öyrənək” layihəsində  100-dən çox şagird iştirak edirdi. Lakin onlardan ən fəalları sertifikat, hədiyyə və pul mükafatına layiq görüldü. Mən isə bu yarışmada I yerin qalibi oldum. Layihədə iştirakımla yeni qaydalar öyrəndim. Ən əsası isə bunu öyrəndim ki, bir insan qarşısına məqsəd qoyub əzmlə çalışarsa, mütləq şəkildə uğur əldə edər. Bu uğuru qazanmağımda mənə dəstək olan ingilis dili müəllimlərimdən Fəridə müəllimə, həmçinin üzərimdə əməyi keçən və bu layihədə aktiv iştirak edən Kəmalə müəllimə minnətdarlığımı bildirirəm. 
    Bu günün istedadlı, bilikli, savadlı məktəbliləri bizim gələcəyimizdir. Onların uğuru, elə bizim də uğurumuzdur. Rahiləyə, eləcə də layihənin iştirakçısı olan digər şagirdlərə yeni nailiyyətlər arzulayırıq. 

- Güntac ŞAHMƏMMƏDLİ
 

Nəşr edilib : 06.03.2023 20:17