AZ EN RU

Məktəblinin uğuru

Muxtar  respublikada təhsilə göstərilən dövlət qayğısı, bu sahədə aparılan uğurlu islahatlar gələcəyimiz olan məktəblilərin istedadlı və bilikli yetişmələrinə geniş imkanlar yaradır. İstedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək, onların fənlərə olan marağını artırmaq, bilik və bacarıqlarını möhkəmlətmək üçün müxtəlif tədbirlər, layihələr həyata keçirilir ki, bu da məktəblilər arasında sağlam bilik rəqabəti yaradır və yüksək nailiyyətlərin əldə olunması ilə nəticələnir. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Rahilə Xəlilova da istedadlı, əlaçı şagirdlərdən biridir.

Bu gün yeniyetmələr,  gənclər Azərbaycan dilini bilməklə yanaşı bir çox xarici dilləri də öyrənirlər. Xarici dilləri öyrənmək üçün müxtəlif üsullar vardır. Bu üsullar arasında ən məşhur olan təhsil platformalarından biri “Duolinqo” proqramıdır. Proqramın icrası,  tətbiqi haqqında ətraflı məlumatı “Duolinqo tətbiqi ilə İngilis dilini əylənərək öyrənək” layihəsinin  müəllifi, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Fəridə Əliyevadan öyrəndik: –  İngilis dilinin tədrisində fənn kurikulumlarına istinad edərək məzmun standartlarının, strategiyaların tətbiqi, yeni metodlardan istifadə onun mənimsənilməsində uğurlu vasitələrdir. Buna baxmayaraq hələ də bu dilin şagirdlər tərəfindən mənimsənilməsində çətinliklər qalmaqdadır. Bunun səbəbi isə şagirdlərin böyük bir qisminin bu dili yalnız məktəbdə müəllimlərindən öyrənməsidir. Əgər müəllim də İngilis dilinin öyrədilməsi zamanı əyləncəli üsullardan istifadə etmirsə, onu öyrənmək, ümumiyyətlə, şagirdlər üçün maraqsız olur. Xarici dili öyrənmək üçün isə mütləq hər gün mütəmadi olaraq həm dillə bağlı təkrarlar etməli, filmlərə baxmalı və ya məqalə, kitablar oxunmalıdır. Bunu etmək üçün də şagirdlərdə maraq yaradacaq vasitələrin olması mütləqdir. İngilis dilinin tədrisi prosesində öyrənilən dilin dərk edilməsi baxımından kommunikativ oyunlardan geniş istifadə edilir. Bu baxımdan kommunikativ oyunların başlıca məqsədi qarşıya qoyulmuş tapşırığın və ya problemin həlli prosesində şifahi nitqin inkişafına nail olmaqdır.

Müsahibim dedi: – Mən Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının üzvüyəm. Keçən il qrant müsabiqə üçün təlimlər keçirildi və gənc müəllim kimi fəal iştirakçılardan olduğum üçün diplomla təltif olundum. “Duolinqo tətbiqi ilə İngilis dilini əylənərək öyrənək” layihəsi ötən ilin mart ayında təqdim edildi və avqust ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi seçildi. Layihənin məqsədi bütün yaş qruplarından olan şagirdlərə “Duolinqo” tətbiqi vasitəsilə İngilis dilini əylənərək öyrətməkdir. Bu, uşaqlar üçün həqiqətən vacib olan bir amildir. Layihədə başlıca vəzifə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbində təhsil alan müxtəlif yaş qruplarından olan 100 şagird arasında “Duolinqo” tətbiqini yükləyərək ingilis dilini öyrətmək, Naxçıvan şəhər ümumtəhsil məktəblərində İngilis dili fənnini tədris edən 50 nəfər müəllim arasında bu  tətbiqi tanıdıb, tədris etdikləri məktəbdə şagirdlərinə əylənərək ingilis dilini öyrətmək dururdu. Və müəllimlərə təlimlər keçilirdi, bununla yanaşı tətbiqə marağı olan IV-IX sinif şagirdləri layihəyə cəlb olunaraq, siyahıya alındılar. Layihə 3 oktyabr 2022-ci ildə başladı, 28 fevral 2023-cü ildə başa çatdı. Təlim keçən müəllimlər arasından təlimdə fəal iştirak edən müəllimlər, bununla yanaşı təlim keçən şagirdlər arasından sağlam rəqabət aparan şagirdlər mükafatlandırılaraq sertifikat əldə etdilər. Əlbəttə ki, rəqabət olan yerdə seçilmiş şagirdlərimiz müəyyən məbləğ pul mükafatı ilə dəyərləndirildilər. İlk sıralarda yer alan ilk 3 şagirdimiz buna nail oldu. VIII sinif şagirdi Rahilə Xəlilova isə sağlam rəqabətdə qalib olaraq 1-ci yerə layiq görüldü, pul, hədiyyə, sertifikatla mükafatlandırıldı. Şagirdlər ilk başdan ciddi yanaşdılar layihəmizə. Amma, aralarında seçilənlər var idi. Onlar “Duolinqo” tətbiqindən öyrəndikləri sözləri gündəlik dərsimizdə də danışaraq istifadə edirdilər. Bu məni daha da həvəsləndirdi. İlk başdan heç həvəsdən düşməyən şagirdim Rahilə idi. Və digər şagirdlər ona baxaraq daha çox rəqabətə başladılar. Hətta layihənin daha da geniş yayılmasında Rahilənin rolu danılmazdır. Rahilə bizim əlaçı, tərbiyəli, ağıllı şagirdimizdir. Qarşısına qoyduğu məqsədə nail olduğu üçün, mənim etimadlarımı doğrultduğu üçün ona xüsusi təşəkkürümü bildirirəm və həqiqətən də öz savadı, əzmi ilə birinciliyi əldən vermədi.

Bəhs etdiyimiz layihə üzrə keçirilən təlimlərdə qalib olan Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Rahilə Xəlilova ilə həmsöhbət olduq.  O, dedi:  – 23 oktyabr 2009-cu ildə  Naxçıvan şəhərində anadan olmuşam. 2015-ci ildə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2019-cu ildən isə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə təhsil alıram. Hazırda Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin əlaçısıyam. Məktəbdə keçirilən bilik yarışmalarında, müsabiqələrdə iştirak edərək uğurlar əldə etmişəm. Buna misal olaraq, ekologiya ilə bağlı bilik yarışında III, Ana dili haqqında şeir müsabiqəsində I, tapmacalarla bağlı yarışda II yeri tutmuşam. Məqsədə çatmaq üçün inamını itirməyib səbir və əzmlə çalışmaq lazımdır. Mən də “Duolinqo tətbiqi ilə İngilis dilini əylənərək öyrənək”  layihəsində səbirlə iştirak etdim və uğur qazandım. Bu yarışmada 100-dən çox şagird iştirak edirdi. Lakin onlardan ən aktivləri sertifikat, hədiyyə və pul mükafatına layiq görüldü. Mən isə bu yarışmada I  yerin qalibi oldum və sertifikatla mükafatlandırıldım. Layihədə iştirakımla həm ingilis dilimi daha da təkmilləşdirdim, həm də yeni sözlər, yeni qaydalar öyrəndim. Ən əsası isə bunu öyrəndim ki, bir insan qarşısına məqsəd qoyub əzmlə çalışarsa, mütləq şəkildə uğur əldə edər. Bu uğuru qazanmağımda yanımda olub və mənə dəstək olan İngilis dili müəllimlərim Fəridə müəllimə, həmçinin üzərimdə əməyi keçən və bu layihədə aktiv iştirak edən Kəmalə müəllimə minnətdarlığımı bildirirəm.

Bu günün istedadlı, bilikli, savadlı məktəbliləri bizim gələcəyimizdir. Onları uğuru, elə bizim də uğurumuzdur. Rahiləyə, eləcə də layihənin iştirakçısı olan digər şagirdlərə yeni nailiyyətlər arzulayırıq.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 03.03.2023 16:06