AZ EN RU

“Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nə 505 şagirdin 1812 əl işi çıxarılıb

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin yekun tədbiri keçirilib.

    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, təsviri və dekorativ-tətbiqi sənət qədim tarixi köklərə və zəngin ənənələrə malikdir. Təhsil Nazirliyi və Rəssamlar Birliyi tərəfindən keçirilən müsabiqə qədim sənət növlərinin müasir dövrdə inkişafına, muxtar respublikada gedən yaradıcılıq proseslərinin, qazanılan uğurların şagirdlər arasında geniş təbliğinə, eləcə də istedadlı şagirdlərin bacarıqlarını inkişaf etdirmələrinə öz töhfəsini verir. 2019-2020-ci tədris ilindən keçirilən “Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” xalq sənətkarlığı nümunələrinin nümayişi və təbliği işinə, xalq bədii sənətkarlığı ənənələrinin yaşadılmasına mühüm stimul oldu.
    Rəhman Məmmədov qeyd edib ki, muxtar respublikanın bütün məktəblərini əhatə edən müsabiqədə 505 şagirdin rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və  digər janrlarda hazırladıqları 1812 əl işi nümayiş olunub. Şagirdlərin təqdim etdikləri sənət əsərləri arasında maraqlı, baxımlı, sənət meyarlarına cavab verən dekorativ-tətbiqi və təsviri sənət əsərləri az deyil. 
    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək belə müsabiqələrin istedadlı yeniyetmə və gənclərin qabiliyyətlərinin düzgün istiqamətləndirilməsi, muxtar respublikada təsviri incəsənətin, xalq yaradıcılığının inkişafı baxımından əhəmiyyətindən danışıb.
    Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov və mərkəzin  dərnək üzvü, müsabiqənin təsviri sənət üzrə I yerinin  qalibi Nərmin Ələkbərova çıxış edərək muxtar respublikada şagirdlərin asudə vaxtlarının  səmərəli təşkili üçün görülən işlərdən bəhs edib, bu sahəyə göstərilən  qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər. 
    Sonra müsabiqənin şərtlərinə uyğun olaraq yekun mərhələdə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə bir I, iki II, üç III və altı həvəsləndirici yer olmaqla, ümumilikdə, 22 şagird təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb. 
    Sonda müsabiqəyə təqdim edilən əl işlərindən ibarət sərgiyə baxış olub.

   Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 01.04.2022 19:23