AZ EN RU

Məktəblilərin profilaktik tibbi müayinələri aparılır

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il             9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq şagirdlərin dərin tibbi müayinə və tuberkulin test sınaqları, flüoroqrafik müayinələri davam edir. 
    Şahbuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən Şahbuz rayonunun kənd məktəblərində kütləvi dövri tibbi müayinələr aparılıb. Müayinələri xəstəxananın pediatr və digər ixtisaslı həkim briqadası həyata keçirir. Aprel ayının ilk iki həftəsi ərzində  609  şagird dərin tibbi müayinələrə cəlb olunub.  Xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirlərinin təşkil olunması nəzərdə tutulub.
    Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən Babək şəhərindəki 1 nömrəli tam orta məktəbdə 29 şagird flüoroqrafiya müayinəsindən keçirilib. Xəstəlik halları aşkar edilməyib. Müayinələrin nəticələri müsbət və şübhəli olan uşaqların daha dərin müayinələrə cəlb edilməsinə lazımi köməklik göstəriləcəkdir. Məktəblərdə uşaq və yeniyetmələrin şəxsi və ümumi gigiyenik qaydaları haqqında maarifləndirici söhbətlər də aparılır.
    Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən də məktəblərdə  kütləvi dövri tibbi müayinələr davam etdirilir. Müayinələri xəstəxananın pediatr, stomatoloq, oftalmoloq və digər ixtisaslı həkim briqadası həyata keçirir. Aprel ayının ötən yarısı ərzin­də Heydərabad qəsəbəsində, Sədərək, Qarağac və Dəmirçi kənd­lərində 1312 şagird dərin tibbi müayinələrə cəlb olunub.
    Yaz mövsümünün profilaktik tibbi müayinələri aprel ayının sonunadək davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 20.04.2022 18:38