AZ EN RU

Məktəblilər arasında yarışlar keçirilib

    Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbdə yol hərəkəti qaydalarının təbliği məqsədilə Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
    Oyun zamanı iştirakçılara yol hərəkəti qaydalarına aid 24 sual ünvanlanıb. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi oyunda 16 komanda mübarizə aparıb. İntellektual oyunun yekun nəticəsinə əsasən 8 nömrəli tam orta məktəbin komandası 21 xalla qalib adını qazanıb. 6 nömrəli tam orta məktəbin komandası 20 xalla ikinci, 4 nömrəli tam orta məktəbin komandası isə 19 xalla üçüncü yerlə kifayətlənib.
    Sonda qalib komanda və komanda üzvlərinə təşkilatçıların diplomları təqdim olunub.

    ***

    3 nömrəli tam orta məktəbin idman zalında isə dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə Naxçıvan şəhər və Babək rayon tam orta məktəblərinin müəllimləri arasında voleybol üzrə yoldaşlıq görüşü təşkil edilib. Görüşdən öncə çıxış edənlər oyunun keçirilmə məqsədi haqqında danışıb və komandalara uğurlar arzulayıblar.

    Naxçıvan Şəhər və Babək Rayon Gənclər və İdman idarələrinin, Təhsil şöbələrinin birgə təşkil etdiyi görüşdə 3:2 hesabı ilə “Naxçıvan” komandası qalib gəlib.
    Sonda hər iki komanda və üzvləri  təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 20.12.2022 20:02