AZ EN RU

Məktəblilər arasında “RoboMissiya” müsabiqəsi keçirilib

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə “RoboMissiya” müsabiqəsi keçirilib. 
    Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov müsabiqədən öncə çıxış edərək bildirib ki, 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodu tətbiq olunur. STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncamına əsasən bu günədək 110 təhsil müəssisəsində STEAM kabinəsi yaradılmışdır. Kabinələr zəruri avadanlıqlarla təchiz olunmuş, dərsliklər və tədris proqramları nəşr edilmişdir. Hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir.
    Bildirilib ki, yerli və beynəlxalq təlimçilər tərəfindən bu günədək 300-dən çox müəllim STEAM təlimlərinə cəlb olunub. STEAM təhsil metodunun tətbiqi ilə bağlı görülən işlərin davamı olaraq iyunun 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “STEAM təhsil festivalı” keçirilib. 
    Təhsil naziri “RoboMissiya” müsabiqəsinin əhəmiyyətindən bəhs edib, iştirakçılara uğurlar arzulayıb.
    Sonra “RoboMissiya” müsabiqəsi üzrə şagirdlərin hazırladıqları layihələrə baxış olub. Məktəblilər həmin layihələri komanda şəklində  təqdim ediblər.
    Qeyd edək ki, şagirdlərin bu sahədəki məlumatlılığını artırmaq, əldə etdikləri bilik və bacarıqlarla robot modellərinin dizayn edilməsi, qurulması, proqramlaşdırılması və idarə edilməsi məqsədilə keçirilən müsabiqədə şəhər və rayon məktəblərinin VI-XI sinifləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri üzrə 106 komanda müsabiqədə iştirak üçün müraciət edib, əsasnaməyə uyğun olaraq şəhər və rayondaxili seçimlər aparılıb, nəticəyə əsasən 37 komanda iştirak edib, 74 şagirdin 37 layihəsi nümayiş olunub. 
    Təqdimatlardan sonra “RoboMissiya” müsabiqəsinə start verilib. Müsabiqədə şagirdlər arduino və mikrobitlə idarə olunan təhsil robot dəstləri ilə yarışıblar. Robotlar avtonom şəkildə uzaqdan idarəetmə ilə təmin edilib. Hər yarış üçün 3 dəqiqə vaxt ayrılıb. Robotlar başlanğıc nöqtəsindən start götürərək son nöqtədə yarışı tamamlayıb. Maneəsiz və xətti ən qısa müddətdə başa vuran robotlar qalib olub. 
    Yarışın nəticələrinə əsasən “RoboMissiya” müsabiqəsində 1-ci yerə Naxçıvan şəhər 14 nömrəli, 2-ci yerlərə Culfa rayon Ərəzin kənd tam orta məktəbi və Heydər Əliyev adına tam orta məktəb, 3-cü yerlərə isə Kəngərli rayon Böyükdüz, Şərur rayon Maxta kənd tam orta məktəbləri və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi layiq görülüblər.
    Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub. 

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.11.2022 18:20