AZ EN RU

Məktəblilər arasında EDU Drone müsabiqəsi keçirilib

    Naxçıvan  Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə STEAM təhsili üzrə ilk dəfə olaraq məktəblilər arasında Edu Drone müsabiqəsi keçirilib.
    Tədbirdə çıxış edən Naxçıvan  Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov STEAM təhsil metodu və bu istiqamət üzrə bu günədək keçirilən müsabiqələrin əhəmiyyətindən danışıb. Bildirilib ki, STEAM təhsilinin tətbiqi dövlətimiz tərəfindən ölkədə təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.
    Təhsil naziri diqqətə çatdırıb ki, bu sahədə görülən işlərə nəzər yetirdikdə bir daha əminliklə demək olar ki, STEAM təhsilinin tətbiqi ilə bağlı Naxçıvanda ardıcıl tədbirlər həyata keçirilib, yeni-yeni uğurlar əldə olunub.
    Daha sonra nazir və tədbir iştirakçıları şagirdlərin müsabiqə sahəsi üçün kodlaşdırdıqları dronların uçuş sahəsi ilə tanış olublar. Şagirdlər müsabiqə qaydalarına uyğun olaraq manual və avtonom idarəetmə ilə bacarıqlarını nümayiş etdiriblər.
    Müsabiqədə ümumtəhsil müəssisələrindən 21 komanda olmaqla, 42 şagird və 21 layihə rəhbəri iştirak edib.
    Müsabiqə iki mərhələdə təşkil olunub. Yarışa hazırlıq üçün 5 dəqiqə, yarışa isə 3 dəqiqə vaxt verilib. Qaydalara uyğun olaraq yarışa qalxış platformasından başlayaraq göstərilmiş trayektoriya üzrə fiqurları maneəsiz keçən və eniş platformasında yarışı vaxtında bitirən komanda topladığı bala görə yarışın qalibi müəyyən edilib. Hər fiquru keçmək və düzgün eniş platformasına enmək 10 bal intervalı ilə qiymətləndirilib.
    Sonda qaliblər Təhsil Nazirliyinin sertifikatları və medalla mükafatlandırılıblar. 

Naxçıvan Muxtar Respublikası 
Təhsil  Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.06.2023 19:27