AZ EN RU

Məktəblilər arasında “3D bacarıqlar-mexatronika” müsabiqəsi

   Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin 3D çap texnologiyasından istifadə bacarıqlarının artırılmasını təmin etmək məqsədilə məktəblilər arasında STEAM üzrə “3D bacarıqlar-mexatronika” müsabiqəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqədə şəhər və rayon məktəblərinin VI-XI sinifləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edib.
    Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov STEAM təhsilinin muxtar respublikada tətbiqi ilə bağlı görülən işlər haqqında məlumat verərək bildirib ki, bu günədək 112 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb. Yaradılan kabinələr zəruri avadanlıqlarla, eyni zamanda kompüter, 3D printer və elektron lövhə, microbit, arduino setləri, STEAM üçün öyrədici elektron komponentlərlə təmin edilib, dərsliklər və tədris proqramları nəşr olunub. Bunun nəticəsində də 22 mindən çox şagird STEAM təhsilinə cəlb edilib. Bu sahədə bilikli təhsilverənlərin hazırlanması üçün müəllimlərə təlimlər keçirilib. Hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir. STEAM təhsil metodunun tətbiqi ilə bağlı görülən işlərin davamı olaraq iyunun 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “STEAM təhsil festivalı” keçirilib. STEAM kabinələrinin imkanlarından yararlanaraq şagirdlərin mühəndislik, proqramlaşdırma və texnoloji biliklərinin artırılması məqsədilə nazirlik tərəfindən ötən tədris ilində bir neçə müsabiqə və yarışlar təşkil olunub. 
    Nazir müsabiqənin əhəmiyyətini vurğulayaraq müsabiqə iştirakçılarına uğurlar arzulayıb. 
    Sonra “3D bacarıqlar-mexatronika” müsabiqəsi üzrə şagirdlərin hazırladıqları layihələrə baxış olub. Şagirdlər komanda şəklində hazırladıqları layihələri təqdim ediblər. Müsabiqədə muxtar respublikanın ümumtəhsil müəssisələrindən “3D bacarıqlar-mexatronika” üzrə 50 komanda iştirak edib, 100 şagirdin 100-dən artıq layihəsi nümayiş olunub.
    Təqdimatlardan sonra “3D bacarıqlar-mexatronika” müsabiqəsinə start verilib. Müsabiqədə Tinkercard proqram təminatında 3D modelləşdirmə üzrə ən təməl bacarıqlardan tutmuş, modeli çapa hazır göndərmək imkanına sahib olan şagirdlər iştirak ediblər. Onlar gündəlik həyatımızda qarşılaşdığımız məsələlərə praktik həll yolu tapmaq və 3D printerdən istifadə edərək mexatronika mühəndisliyinə əsaslanan prototiplərlə yarışıblar. Hazırlanan layihələrin quruluş gövdəsi, konstruksiyası 3D printerdə çap olunub. Prototiplərlə quraşdırılan layihələr mexaniki və eyni zamanda avtomatik idarə olunaraq iştirakçının ideyası üzərində hər hansı bir funksiyanı yerinə yetirib. 
    Qeyd edək ki, layihələr iştirakçıların öz sərbəst ideyaları üzərində qurularaq elm, təhsil, tibb, sənaye, kənd təsərrüfatı və bir çox digər sahələrə aid olub. Müsabiqə iştirakçıları proqram təminatında hazırladıqları eskiz layihələrini kompüterdə münsiflər heyətinə təqdim ediblər. 
    Qiymətləndirmə və qaliblərin seçilməsi üçün isə koordinatlardan ibarət münsiflər heyəti yaradılıb. 
    Yarışın yekun nəticələrinə əsasən “3D bacarıqlar-mexatronika” müsabiqəsində Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey I, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəb II, Heydər Əliyev adına Hərbi Lisey, Sədərək rayon 2 nömrəli, Kəngərli rayon Çalxanqala, Ordubad rayon Əndəmic və Babək rayon Cəhri qəsəbə 2 nömrəli tam orta məktəblər isə III yerə layiq görülüblər.
    Sonda qaliblər sertifikat və medallarla mükafatlandırılıblar. 

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.11.2022 19:57