AZ EN RU

Məktəbdənkənar təhsil müəssisəsi üçün yeni bina tikilir

    Muxtar diyarımızda tikinti-quruculuq işlərinin həyata keçirilməsində əsas aparıcı yerdə duran layihələrdən biri də təlim-tədris müəssisələri üçün yeni binaların inşasıdır. Belə quruculuq tədbirlərindən biri də Şahbuz şəhər mərkəzində həyata keçirilir. Zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olan binanın zirzəmisində qarderob, texniki otaqlar, yeməkxana, sinif otaqları, kabinələr yerləşəcək. Birinci mərtəbədə əl işlərinin nümayişi üçün nəzərdə tutulmuş geniş sərgi zalı, təlim-tədris üçün nəzərdə tutulmuş sinif otaqları, ikinci mərtəbədə də eyni ilə müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş sinif otaqları, aidiyyəti şöbələr yerləşəcək. Üçüncü mərtəbədə isə rəqs zalı, qəbul otağı və digər təlim otaqları yerləşəcəkdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, binada Uşaq-Gənclər Yaradıcıllıq, Turist-Diyarşünaslıq və Texniki Yaradıcılıq mərkəzləri fəaliyyət göstərəcək. Burada müxtəlif innovativ dərnəklərin fəaliyyəti üçün müasir şərait yaradılacaq. Həmçinin binalarda səma cisimlərini müşahidə etmək üçün avadanlıqlar quraşdırılacaq. Bir sözlə, məktəbdənkənar təhsil müəssisələrində yaradılan müasir şərait uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafına geniş imkanlar yaradacaqdır. Qeyd edək ki, binanın tikintisini “Cahan” Holdinq həyata keçirir. Binanın yeni tədris ilində istifadəyə tam hazır olması təzərdə tutulub.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 20.08.2023 10:22