AZ EN RU

Məktəb illəri...

    15 sentyabr – yeni bir dərs ilinin başlanması, Bilik Gününün təqvimə qədəm qoyması ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunur. Bütün tələbə və şagirdlər, müəllimlər böyük həyəcanla həmin günün gəlib çatmasını gözləyirlər. Məktəb illəri hər bir insanın ömründə şirin, xoş xatirələri ilə yadda qalır. Tək dərdi dərs oxumaq olan, qayğısız uşaqlığın keçdiyi illəri xatırladıqca insan sanki bir anlığa həmin günlərə qayıtmaq istəyir. Xatırlayıram həmin illəri... Məktəbə ilk dəfə qədəm qoyduğum zaman ətrafa yad baxışlarla baxırdım. Mənim kimi digər sinif yoldaşlarım da məktəblə ilk tanış olduqları zaman valideynlərinin əllərindən tutub evə getmək istədiklərini söyləyirdilər, hətta mənimlə eyni partada əyləşən uşağın gözlərindən yaş süzülürdü. Amma üzü nurlu bir qadın ona yaxınlaşaraq bağrına basıb sakitləşdirməyə çalışırdı. “Sən bundan sonra mənim övladımsan”, – deyib saçını tumarlayaraq göz yaşlarını sildi. Adına müəllim dediyimiz bu müqəddəs insan məktəb həyatının enişli-yoxuşlu yollarında nə az, nə çox düz 11 il bizə yol göstərdi, sirdaş oldu: 

         Ürəklərdə dilək idi
         Mənim ilk müəllimim.
         İnsan deyil, mələk idi
         Mənim ilk müəllimim.

    Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir...Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətdə qazandıqları, həyatda nail olduqları hər bir uğur üçün məhz müəllimə borcludurlar. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə, ilk növbədə, müəllimlərə minnətdar olmalıyıq. İnsan cəmiyyətinin əzəli və sonu müəllim əməyi ilə bağlıdır. İnsanlar öyrənə-öyrənə kamilləşərək, təbiətin sirlərinə yiyələnərək onu ram edərək, yeni-yeni kəşflərlə öz həyatlarını formalaşdırırlar.

    15 sentyabr tarixindən etibarən yüzlərlə gənc fidan məktəb kimi müqəddəs ocağın yolun tutacaq. Məktəb xalqın mənəvi beşiyidir. Məktəbdə tək yazıb-oxumağı, hesablamağı və müxtəlif elmlərin sirlərini öyrətmirlər. Məktəbdə, həmçinin yaşamağı öyrədirlər. Dövlət məktəblərə nə qədər çox qayğı göstərirsə, onun gələcəyi bir o qədər də parlaq olacaqdır. Məktəbdə Vətənin çoxəsrlik mədəniyyəti yaşayır. Məktəb bizə yalnız bilik qazandırmır, o həm də ailə olmağı, dost qala bilməyi öyrədir, insanın dünyagörüşünün formalaşmasına kömək edir. Hər dəfə təhsil aldığım doğma məktəbimin qarşısından keçəndə ayaq saxlayıram, bir qədər fikrə gedirəm, düşünürəm. Qəlbimə qeyri-adi minnətdarlıq hissi hakim kəsilir. Çünki yazıb-oxumağı öyrədən müəllimlərimin köməyi ilə artıq bu gün Naxçıvan Dövlət Universitetinin 4-cü kurs tələbəsiyəm. Hazırda tələbə olsam da, məktəb illərinin xatirələri gözümdə canlanan zaman həmin illərə qayıtmaq arzusu yaranır qəlbində. O illərin gözəlliyindən nə qədər danışsam, nə qədər yazsam  az olar. Neçə yaşa çatırıqsa, çataq, məktəb adı çəkilən hər yerdə gözlərimizin içi gülür. Çünki o dövrdə yaşadıqlarımız ən gözəl anlar olub: 

    A məktəb yolları, məktəb yolları,
    Sizi bir an belə unutmadım mən.
    Könlüm min həsrətlə titrəyib əsir
    Hər dəfə, hər dəfə keçəndə sizdən.

    Bu gün müasir Azərbaycan gəncliyi çox xoşbəxtdir. Dövlətimizin yetişməkdə olan gənc nəsil üçün yaratdığı şərait hər ötən il layiqli bəhrələrini verir. Muxtar respublikamızda da bu gün təhsil özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Diyarımızın ən ucqar dağ və sərhəd kəndlərində belə məktəb binaları yenidən qurulur, hər cür şəraitlə təmin olunaraq şagird və müəllimlərin istifadəsinə verilir. Bu isə həm müəllimlərdə, həm də şagirdlərdə ruh yüksəkliyi yaradır. İnanırıq ki, bu Bilik Günü ilə başlayan yeni dərs ilində uğurla başa çatacaq, həm müəllimlərimizin həm də şagirdlərimizin çəkdikləri zəhmət öz bəhrələrini verəcək. 

Bülbül QULİYEVA

Nəşr edilib : 14.09.2022 21:28