AZ EN RU

Məkrli erməni siyasəti, yoxsa Cənubi Qafqaz regionunda təhlükəsizlik?

Ölkə başçımızın son qətiyyətli diplomatik uğurları həm də dövlətimizin
sülhsevər siyasətini bir daha təsdiqləyir

    Xalqımız mənfur niyyətli ermənilər tərəfindən dəfələrlə kütləvi qırğınlara, soyqırımlara məruz qalıb. XIX əsrin əvvəllərindən başlayaraq məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran edib, bir milyondan artıq soydaşımız soyqırımına məruz qalıb. 26 fevral Xocalı və 31 mart azərbaycanlıların soyqırımları, 20 Yanvar faciəsi tarixin ən amansız qanlı hadisələri kimi yaddaşlara həkk olunub. Bu günlərdə bəşəriyyət tarixinin qara ləkəsi, əsrlərin ən dəhşətli səhifəsi Xocalı soyqırımının 31 illiyində xalqımız faciə qurbanları xatirəsini anmaqla yanaşı, qürur hissi də keçirdi ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuz soyqırımına məruz qalmış bütün soydaşlarımızın qisasını alıb. Ermənilərin əsrlərdən bəri  Azərbaycan xalqına qarşı törətdiyi kütləvi cinayətlərə, amansız soyqırımlara Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimovla bir daha nəzər saldıq:

    – Hörmətli Anar müəllim, ilk olaraq istərdim xalqımızın erməni vandalizmi ilə dəfələrlə qarşılaşdığı soyqırımı tariximizə birgə nəzər salaq.

 – Bir millət, dövlət olaraq bu soyqırımlarına emosional deyil, rasional yanaşmaq lazımdır. Çünki tarix, kollektiv yaddaş özü siyasi məhfumdur. Əgər bu cür yanaşsaq, onda aydın olacaq ki, Xocalı, ondan əvvəlki 1905-ci il, 1918-ci il mart, 1920-ci il soyqırımları, sovetlər dönəmində azərbaycanlıların məcburi şəkildə öz dədə-baba yurdları olan, indiki Ermənistan Respublikası adlandırılan Qərbi Azərbaycandan deportasiya dalğaları sırf bu məkanda Azərbaycan-türk mövcudluğunu təmizləmək, strateji bölgədə erməniləri köçürüb, burada onları məskunlaşdırmaq məqsədi daşıyan düşünülmüş siyasətin tərkib hissəsi idi. Məsələyə bu cür yanaşsaq, ermənilər özlərinin belə bu siyasətdə alət olduqlarını görə bilərik. Təbii ki, bu, mahiyyətcə imperialist siyasətin tərkib hissəsi idi. Çox təəssüf ki, tarixin ayrı-ayrı dönəmlərində həmin imperialist düşüncə və güclə ermənilərin məqsədləri üst-üstə düşdüyü vaxtlarda xalqımıza qarşı bu cür ağır cinayətlər törədilmişdir. Xocalı soyqırımının törədilməsində erməni hərbi birləşmələri ilə yanaşı, Qarabağda yerləşən Rusiyanın 366-cı motoatıcı alayının hərbi qulluqçularının iştirakı faktını da unutmaq olmaz. Azərbaycan müstəqilliyinin ilkin dövrlərində, siyasi və hərbi çətinliklər yaşayan zaman xalqımıza qarşı törədilmiş bu cinayətin məqsədi, heç şübhəsiz, milli iradənin sındırılması, onun müstəqilliyinin əlindən alınması və Qarabağın ermənilər tərəfindən işğalı ilə barışması məqsədi daşıyırdı. Tarix onların yanıldığını sübut etdi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı bu planları puç etdi, Azərbaycan gücləndi və Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 2020-ci ildə Vətən müharibəsindəki Qələbəsi regionda yeni reallıqlar yaratdı. Xocalı soyqırımının dünya dövlətlərində və beynəlxalq təşkilatlarda  tanıdılması kampaniyaları, “Xocalıya ədalət!” devizi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan genişmiqyaslı kampaniya ermənilərin törətdiyi cinayətlərin tanıdılması üçün olduqca vacib idi. Artıq dünya Xocalı soyqırımı haqqında yetərincə məlumatlıdır və tam məsuliyyətlə söyləyə bilərik ki, ermənilər və onların havadarları heç zaman bu cinayətin məsuliyyəti altından qaça bilməyəcəklər.     
    – Yaxın zamanlarda keçirilən Münxen Təhlükəsizlik Konfransında bədnam Ermənistana rəğmən dövlətimizin sülhün və sabitliyin təmin olunması üçün səylərin və imkanların səfərbər olunması yönündə ciddi addımlar atdığını Prezident cənab İlham Əliyev öz qətiyyətli çıxışı ilə bir daha təsdiq etdi. Dünyanın əhəmiyyətli coğrafi məkanında yerləşən Azərbaycana  qarşı irəli sürülən əsassız ərazi iddiaları, törədilən terror aktları ölkəmizin təhlükəsizliyinin pozulmasına yönəldilmiş qərəzli siyasət deyilmi?
    –  Təbii ki, elədir, ölkəmizə qarşı qərəzli yanaşmalar mövcuddur və prosesləri izləyən istənilən neytral müşahidəçi bu yanaşmanı görməyə bilməz. Ölkə Prezidenti cənab İlham Əliyev sayəsində Azərbaycan öz yeni tarixində siyasi və iqtisadi uğurlar qazanmış, ölkəmiz Qarabağ problemini birdəfəlik həll etmiş, ağır müharibədə Böyük Qələbə qazanmışdır. Bununla belə ölkəmizin nüfuzu Azərbaycanı etibarlı tərəfdaşa və regional proseslərdə söz sahibinə çevirmişdir. Bütün bunlar son illər yaradılan siyasi reallıqdan irəli gəlir. Təbii ki, bu durumda Ermənistan əvvəlki kimi Azərbaycana qarşı açıq ərazi iddiaları irəli sürə bilmir, lakin qeyri-konstruktiv davranaraq bölgəmizdə sülh və əmin-amanlığın yaradılmasına mane olur, prosesləri yubatmaq üçün müxtəlif cəhdlər edir. Sözsüz ki, ermənilərin bu taktikasının da perspektivi yoxdur, çünki Azərbaycanın siyasi, iqtisadi, demoqratik və hərbi potensialı getdikcə artır. Erməni cəmiyyətinin daxilində də bunu dərk edən təbəqə var. Təəssüf ki, bəzi dövlətlər və onların maraqları erməni tərəfinə yersiz ümidlər verməklə, onları himayə etməklə prosesin qarşısını almağa çalışırlar. Lakin qeyd etdiyimiz kimi, belə cəhdlər ilə prosesi dayandırmaq artıq mümkün deyil. Erməni tərəfi bunu nə qədər tez anlayıb qəbul etsə, onların özləri üçün də bu yaxşı olar. Təbii ki, bölgəmiz də bundan qazanar.
    –  Müdafiə Nazirliyinin məlumatında da bildirdiyi kimi fevral ayının 21-də düşmən müxtəlif mövqelərdən, eləcə də Sədərək istiqamətindən mövqelərimizi atəşə tutmuşdur. Nəinki bu gün, Naxçıvan hər zaman bu təhlükəyə mərdliklə sinə gərməli olub. Gülünc doğuran bu hədə-qorxusu, sizcə, ermənilərin Münxen Təhlükəsizlik Konfransındakı rüsvayçı məğlubiyyətindən sonrakı aqressiyası deyilmi? 
    – Bir qədər sizinlə razı deyiləm. Nə mənada? Ermənistanda Azərbaycanofobiya və qərəz həddi nə qədər çox olsa belə erməni cəmiyyətində bir konsensus var ki, müharibəni uduzublar. Və  gələcək on illərdə, bəlkə də, daha çox zamanda Ermənistanın potensialı bu vəziyyəti dəyişdirmək üçün yetərli deyil. İndiki halda onlar Azərbaycanla siyasi və diplomatik qarşıdurmada belə xarici tərəfdaşlarını və müttəfiqlərinə arxalanırlar. Cənab Prezident İlham Əliyev də Münxen Konfransındakı çıxışında qeyd etdiyi kimi, Ermənistanda keçən il keçirilən parlament seçkilərində kapitulyasiyaya imza atmış məğlub Ermənistan hökumətinin baş naziri Nikol Paşinyanın partiyasının qələbə qazanması erməni seçicisinin, xalqının reallığı qəbul etməsinin göstəricisidir. Münxen Konfransından dərhal sonra Ermənistan-Azərbaycan sərhədində erməni hərbi birləşmələrinin təxribatları isə ümumi fonu dəyişmir. Erməni siyasi və hərbi elitası bunu yaxşı dərk edir, keçən ilin yayında Azərbaycan Silahlı Qüvvələrinin  Qarabağdakı “Fərrux” və Ermənistanla şərti və delimitasiya olunmamış sərhəddəki “Qisas” əməliyyatları qarşı tərəf üçün lazımi siqnal idi. Əgər gələcəkdə erməni tərəfi bu təxribatlara əl atmaq fikrinə düşərlərsə, nəticə onlar üçün daha ağrılı və daha ciddi olacaq. 
    – Dövlətimiz hər zaman sülh siyasəti aparır və  Ermənistanı sülh sazişinin imzalanmasına dəvət edir. Bunu dəfələrlə – Brüssel görüşlərində də gördük, Münxen Təhlükəsizlik Konfransında da, Zirvə toplantılarında da… Prezident cənab İlham Əliyevin postmüharibə dövründə sülh və təhlükəsizlik siyasəti yürütməsi, həm Zəngəzur dəhlizinin hər iki başında, həm də Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət buraxılış məntəqələrinin yaradılması təklifi bunu bir daha təsdiq edir. Azərbaycanın siyasi mövqeyi odur ki, təhlükəsiz şəraitdə ortaq tərəfdaşlıqla dəhliz açılsın, əlaqələr bərpa olunsun. Bunu dövlətimizin başçısı dəfələrlə bəyan etmişdir. Bəs məğlub Ermənistan niyə yenə öz məkrli anti-Azərbaycan siyasətindən niyə əl çəkmir?
    – Ukraynadakı müharibə və bir sıra digər səbəblər “Orta dəhliz”in əhəmiyyətini artırıb. Bu dəhlizin isə əsas birləşdirici elementi Azərbaycan, geniş mənada isə Cənubi Qafqaz bölgəsidir. Bu səbəbdən Qafqazda təhlükəsizlik tək Azərbaycanın deyil, bütün maraqlı tərəflərin gözləntisi və arzusudur. Azərbaycanın siyasəti tək bizim üçün deyil, bütövlükdə, hamı üçün faydalıdır, ən əsası isə bu təşəbbüslər beynəlxalq hüquq və normalar üzərində qurulub. Hazırkı şəraitdə Ermənistanın və bəzi digər dövlətlərin qeyri-konstruktivliyi, proseslərə müdaxiləsi bu prosesdə daha vacib mövqe tutmaq üçün  mövqe savaşlarının elementidir. Ermənistan, sadəcə, bu siyasətdə vasitədir. Əsas odur ki, Azərbaycanın bölgə ilə bağlı təşəbbüsləri, praqmatik yanaşması dünya gücləri tərəfindən qəbul olunur. Elə olsun prezident cənab İlham Əliyevin müəllifi olduğu Cənubi Qafqazda “3+3 regional əməkdaşlıq platforması”, bir çox enerji və kommunikasiya layihələri. Bölgənin münasibətlər sisteminin qurulmasında təşəbbüskarlıq Azərbaycana məxsusdur. Sualınızın son hissəsinə gəldikdə isə Ermənistan cəmiyyəti Qarabağ müharibəsində Azərbaycana hərbi məğlubiyyətdən sonra ardıcıl olaraq bu mərhələləri keçmişlər. İnkar, hirs, bazarlıq, depressiya mərhələləri, bütövlükdə, toplum üçün geridə qalmışdı. İndi isə son – yəni yeni reallıqların qəbulu mərhələsindəyik. Məncə, bunu çox gözləmək lazım gəlməyəcək.
    – Dövlət başçımızın apardığı uğurlu xarici siyasət Azərbaycanın son illər dünyada artan nüfuzu nəticəsində ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənib, həmin təşkilatların fəaliyyətində fəal iştirakı daha qabarıq şəkildə özünü göstərir. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş kimi qəbul edirlər. Bu mənada, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatının məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu tarixini yaşadığını da vurğulamaq yerinə düşər.     
    – Haqlısınız. Öncə xatırladım ki, Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. 2019-cu ildə ölkəmiz QH-nin sammitinə uğurla ev sahibliyi etdi və bu tədbirdə Prezident cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Belə də oldu. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin bariz ifadəsidir. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın çoxtərəfli diplomatiyası dünya birliyi tərəfindən təqdir olunur.
    Bu prosesdə Azərbaycan dövlətinin və Prezident cənab İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynadı. Pandemiya dövründə belə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident cənab İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda QH sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. 
    Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Ötən il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransından bir ay keçməmiş – iyulun 25-29-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adı bu mötəbər qurumun tarixinə yazıldı. Qoşulmama Hərəkatının Gənclər Təşkilatının daimi katibliyi isə Bakıda yerləşəcək. 
    – Bəs Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycanın Ermənistanın təcavüzünə qarşı mübarizəsində nə kimi rol oynayıb?  
    –  Azərbaycanın bu istiqamətdəki fəaliyyəti ona güclü beynəlxalq dəstək qazandırıb. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədir ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar. Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb. 
    Onu da qeyd edim ki, 2021-ci ildə QH-nin yaradılmasının 60-cı ildönümünə həsr edilən Belqrad tədbirində Prezident cənab İlham Əliyev postpandemiya dövrünün müzakirə edilməsi məqsədilə QH ölkələrinin yüksək səviyyəli görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdi. Buna uyğun olaraq bu il martın 2-də ölkəmizdə QH-nin postpandemiyaya həsr olunmuş sammit səviyyəli görüşü keçiriləcək. Tədbirdə bir sıra QH ölkələrinin, müşahidəçi dövlətlərin və qonaq qismində dəvət edilən ölkələrin dövlət və hökumət başçılarının, digər rəsmilərinin, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı nəzərdə tutulur. Tədbirin əsas məqsədi postpandemiya dövründə aktual olan vacib məsələlərin müzakirə edilməsidir. Yəni mövzu təkcə pandemiya məsələsi deyil, daha çox pandemiyadan sonrakı dünya məsələləridir. Bu isə həm də o deməkdir ki, Azərbaycan pandemiya zamanı olduğu kimi, postpandemiya dönəmində də qlobal məsələlərə çevik reaksiya verir, təşəbbüslərlə çıxış edir, liderliyini davam etdirir. Bu sammit isə, öz növbəsində, Prezident, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin fəal, təşəbbüskar və çevik xarici siyasətinin növbəti bariz göstəricisidir. Qoşulmama Hərəkatı ölkələrinin 
    –   Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

Gülcamal TAHİROVA

Nəşr edilib : 01.03.2023 20:11